Ümid Partiyasının sədri İqbal Ağa-zadə 18 may 2021-ci il tarixdə “Reaksiya TV” İnternet Televiziyasında jurnalist Zaur Qəriboğlunun təqdimatı ilə canlı efir qonağı olub.
Partiya sədri verilişdə aparıcının sərhəddəki situasiya, Zəngəzur məsələsi, İranın cəsus təyyarəsinin Azərbaycanın sərhəd zolağında görünməsi, Rusiyanın Azərbaycan-Ermənistan sərhədində insidentlərin yaşanmaması üçün delimitasiya prosesinin tezləşdirilməsi ilə bağlı mövqeyi, “Xaribülbül Musiqi Festivalı” və s. ilə bağlı suallarını cavablandırıb.
Partiya sədri İranla bağlı sualı cavablandırarkən bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasından, Naxçıvanla Azərbaycan əlaqələrinin bərpasından, regionda Azərbaycan və Ermənistan üzərindəki təsir imkanlarının itirilməsindən çox narahatdır. Bilirsiniz ki, Ermənistanla İran arasında kiçicik bir dəhliz var, demək olar ki, bütün quru kommunikasiyalar da oradan keçir. İran heç bir zaman istəməz ki, onun qonşuluğunda Azərbaycan güclü bir dövlət olsun, o cümlədən Türkiyənin nüfuz dairəsinə daxil olan bir sıra layihələr, projelər həyata keçirilsin. Ona görə də indi İran çox narahatdır və İranın sərhədə ağır texnikalar yığmağı da, uçuşlar keçirməyi də təbiidir.
İqbal Ağazadə Rusiyanın gələcək konfliktlərdən qaçmaq üçün sərhədlərin dəqiqləşdirilməsi prosesinin tezləşdirilməsi ilə bağlı mövqeyinə münasibət bildirərkən qeyd edib ki, bu, mütləqdir. Sərhədlər dəqiqləşdirilməlidir. Rusiya bunu həm də ona görə edir ki, sülhməramlı adıyla oradadır. Mən hər zaman çıxışlarımda bildirmişəm, Rusiya Ermənistan-Azərbaycan konfliktinin həll olunmasında, xalqların dost olmasında tərəfdar deyil. O istəyir ki, hər zaman düşmənçilik olsun və Rusiya arbitr rolunu oynaya bilsin, hərbi-siyasi gücünü göstərə biləcək bir meydan əldə etsin.
Partiya sədri verilişin gedişatında Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda svanlar və azərbaycanlılar arasındakı qarşıdurma, İsrail-Fələstin və digər məsələlərlə bağlı aparıcının sualları cavablandırıb.
Verilişin tam versiyasını izləyicilərimizə təqdim edirik: