“COP29 tədbiri Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanmasını gerçəkləşdirməsə də, ən azından fikir ayrılığına səbəb olan maddələrin müzakirəsi, birgə Bakı Bəyanatının qəbulu kimi məqamlarla yadda qala bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev deyib.
Ekspert bildirib ki, Azərbaycan Ermənistanı da rəsmi səviyyədə COP29 tədbirində iştiraka dəvət edib:
“Həm yerli, həm xarici müşahidəçilər, həm də vasitəçilik edən bəzi çevrələr COP29-a Bakı ilə İrəvan arasında sülh sənədinin imzalanması üçün fürsət və imkan kimi baxırdılar. Amma təəssüf ki, Ermənistanın COP29-da iştirak etmək üçün gəlməsi gözlənilən səlahiyyətli nümayəndəsi, xarici işlər naziri Ararat Mirzoyanın bu ərəfədə İsveçrəyə ikigünlük işgüzar səfərə gedib. Düzdür, COP29 tədbirləri hələ noyabrın 22-dək davam edəcək. Dövlət və hökumət başçıları səviyyəsində görüşlər tədbirin üçüncü günü keçiriləcək. Sülh sənədinin məhz COP29 tədbiri çərçivəsində imzalanması real görünmür. Çünki sazişin tam razılaşdırıldığı barədə rəsmi açıqlamalar yoxdur”.
Bununla belə, həmsöhbətimizə görə, sözügedən tədbir sülh istiqamətində də bəzi nəticələrlə yadda qala bilər:
“Tədbirdə iştirak üçün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıya gəlişi tərəflər arasında sülh sənədinin imzalanmasını gerçəkləşdirməsə də, ən azından onun üzərində fikir ayrılığına səbəb olan maddələrin müzakirəsi, birgə Bakı Bəyanatının qəbul olunması və sülh sənədinə xidmət edən digər vacib məsələlərin razılaşdırılması kimi məqamlarla yadda qala bilər”.
Bu baxımdan ekspert hesab edir ki, Ermənistan bu fürsəti əldən verməməlidir:
“İrəvan COP29 tədbirləri çərçivəsində görüşə qatılaraq, Azərbaycanla sülhün irəliləməsi istiqamətində növbəti uğura imza atmaq yolundan yayınmamalıdır. Əks halda, beynəlxalq ictimaiyyət bir daha Ermənistanın sülhün imzalanmasında maraqlı olmadığının şahidi olacaq”.
Qeyd edək ki, Azərbaycanda COP29 tədbiri artıq start götürüb. Noyabrın 11-dən 22-nə kimi Azərbaycan dünyanın əsas diqqət mərkəzində olacaq. Bu mənada sözügedən tədbir həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ya heç olmasa, razılaşdırılmayan bəzi maddələri üzərində razılığa gəlmək baxımından mühüm fürsətdir. Onun nəticəsidir ki, bir sıra ekspertlər tədbirin keçirildiyi yerə həmçinin sülh prosesinin bir qədər də irəliləməsi baxımından mühüm məkan kimi də baxırlar.
Şərh yaz