Elə siyasət yürütməliyik ki, Ermənistanın bizimlə razılaşmaqdan başqa çarəsi qalmasın- İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 12 avqust tarixində tanınmış aparıcı Kamran Həsənlinin qonağı olub. Pressklub TV internet kanalında yayımlanan verilişdə bir sıra məsələlər müzakirə olunub.

İqbal Ağazadə aparıcı Kamran Həsənlinin Milli Məclisin dünəni və sabahı haqqında verdiyi sualına belə cavab verib: “Tez-tez sual verirlər ki, kimlər parlamentdə təmsil olunmalıdır? Qəribə olsa da Azərbaycanın ziyalıları, aydınları, düşünən insanları, hətta seçiciləri belə çox böyük kateqoriyanın adını – hüquqşünas, iqtisadçı və s. – çəkir. Təəssüf ki, heç kim demir ki, xalqın seçdiyi adamlar parlamentdə təmsil olunmalıdır. Biz xalqın səs verdiyi adamların parlamentdə oturmasını unutmuşuq. Bu proses bizi geriyə aparır. Ona görə də parlamentdə danışan olmur. Parlamentdə bir deputat bir söz deyəndə adamlar təəccüblənir ki, demək belə fikir də səsləndirmək olurmuş. Parlament səviyyəcə çox aşağı düşüb. Çətin ki, bu parlament bizi harasa aparsın. Xalq da parlamentə işıq yeri kimi baxmır, onun parlamentdən gözləntisi böyük deyil. Ona görə də parlamentin olub-olmaması xalq üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Çünki səs verdiyi insanların əksəriyyətini orda görmür”.

Partiya sədri bu dəfə də çıxışında Qarabağ mövzusundan yan keçməyib. İqbal Ağazadə qeyd edib ki, kimsə düşünməsin ki, biz torpaqlarımızdan vaz keçəcəyik. Biz hərb yolu ilə torpaqlarımızı işğaldan azad etməliyik. Bizim ayrı yolumuz yoxdur. Hadisələrin gedişatından asılı olaraq, qarşı tərəfi məğlub olaraq, masa arxasında əyləşdirməli, boynunu qıldan incə etməliyik ki, bizim dediklərimizlə razılaşmaqdan başqa çarəsi olmasın.

Verilişin irəliləyən dəqiqələrində Belarusiyada keçirilən prezident seçkisi, seçkidən sonrakı proseslər və Cənubi Qafqazda baş verən olaylar haqqında geniş müzakirələr aparılıb.

Sözügedən verilişi təqdim edirik:

Şərh yaz