Ümid Partiyasının sədri İqbal Ağazadə Ermənistan-Azərbaycan sərhəddində baş verənlərlə bağlı toplum.tv-yə mövqe bildirib.
Partiya sədrinin fikrincə, sözügedən məsələ ilə bağlı Azərbaycan mətbuatının yanaşması düzgün deyil: “Mətbuatda yer alan “Azərbaycan ordusu Zəngəzura girdi” kimi başlıqlar dövlətin mövqe və mənafeyinə ziddir. Bu tip materiallar Azərbaycanın beynəlxalq imicini də zədələyərək, ölkəni işğalçı, başqa ölkənin ərazilərini zəbt edən dövlət kimi göstərir.
İqbal Ağazadə qeyd edib ki, Azərbaycan, sadəcə, 30 illik işğaldan sonra pozulmuş, dəqiq bilinməyən sərhədlərinin dəqiqləşdirilməsi və BMT-nin qəbul etdiyi sərhədlərinin müəyyənləşdirilməsi prosesini həyata keçirir. Ermənistan tərəfi isə buna iki aspektdən yanaşır: Birincisi, Paşinyan bilir ki, Azərbaycan dövlət sərhədlərini pozmayacaq və bu səbəbdən də “Ermənistan Azərbaycan ordusunu geri oturtdu” kimi görüntü yaradaraq, xal qazanmaq istəyir. İkincisi, Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərdə həm iqtidar, həm də müxalifət bu məsələdən təbliğat məqsədilə istifadə edir. Müxalifət göstərməyə çalışır ki, Azərbaycan təkcə Qarabağa deyil, Ermənistan ərazisinə də iddialıdır. Bununla da Paşinyanı zəif göstərib seçkidə məğlub olmasına çalışır”.
Partiya sədri deyib ki, bu məsələnin Ermənistanda panika yaratmasının psixoloji tərəfləri də var: “Uzun illər Qazax-Tovuz-Ağstafa istiqaməti istisna olmaqla, Azərbaycan-Ermənistan sərhədləri qorunmurdu. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində çox böyük boşluqlar var idi. Bu da həmin sərhədlərdə yaşayan Ermənistan əhalisində arxayınçılıq yaratmışdı. İndi birdən-birə yüksəkliklərdə Azərbaycan əsgərlərinin görünməsi onları həyəcanlandırır və bunu faciəvi hal hesab edirlər. Amma onlar qəbul etməlidirlər ki, biz qonşuyuq və nə Azərbaycan, nə də Ermənistan bu ərazilərdən köçüb gedəndir. Qanuni sərhədlər bərpa olunmalı, bu səbəbdən də onlar dövlət olaraq, dinc yaşamağın yollarını axtarmalıdırlar. Çox təəssüf ki, psixoloji cəhətdən buna hazır deyillər və hələ də azad olunmuş torpaqların geri qaytarılması kimi revanşist istəkləri mövcuddur”.
ABŞ Dövlət Departamentinin Mətbuat katibinin müavini Jalina Porter jurnalistlərə Ermənistanla Azərbaycan arasında demarkasiya sərhədindəki vəziyyəti diqqətlə izlədiyini bildirib: “Mübahisəli ərazilərdəki hərbi hərəkatlar məsuliyyətsiz və lazımsız təxribatdır. Əlbəttə, bir qədər geri çəkilmə barədə xəbərləri gördük və təsdiqlənərsə, bunu alqışlayırıq. Amma Azərbaycanın bütün qüvvələri dərhal geri çəkəcəyini və yeni təxribatlardan çəkinəcəyini gözləyirik”.
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham edib.
O, “Feysbuk” hesabında erməni dilində yazıb: “Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcək”.
İqbal Ağazadə deyir ki, hər iki ölkənin bu mövqeyi tutmasının əsas səbəbi Ermənistan və o cümlədən Azərbaycan mətbuatında səslənən fikirlərdir: “Ermənistan bundan təbliğat məqsədi üçün istifadə edir, Azərbaycan tərəfi isə məsələyə yanlış tərəfdən yanaşır. Azərbaycanın istər dövlət, istərsə də müstəqil kütləvi informasiya vasitələri qeyd etdiyim kimi Azərbaycanın Zəngəzurda irəlilədiyini yazır. Axı Azərbaycan Zəngəzura doğru irəliləməyib, sadəcə, sərhədləri çərçivəsində hərəkət edir. Bu tipli məlumatlar verərkən onun hüquqi əsaslarını da düzgün təqdim etmək lazımdır. Bu məsələdə olan çatışmazlıqlar bizim işimizə ciddi şəkildə ziyan vurur. Əgər Azərbaycan bu işə başlayanda doğru-dürüst bəyanat yaysaydı, Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumat versəydi, burada ciddi problem olmazdı”.