Ermənistan optimal vaxt və bəzi tərəflərdən demarş gözləyir ki, nə zaman ona yardım etsələr, müharibəyə başlasın – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami 12 iyul 2021-ci il Əvəz Zeynallının təqdimatında Xural Tv-nin canlı efirində “Siyasət meydanı”nda qonaq olub.

12 iyul tarixindən danışan Tamilla Qulami xatırladıb ki, bu gün 12 hərbçimizin Şəhidlik zirvəsinə ucaldığı və 44 günlük Vətən müharibəsindəki zəfərimizin təməlini qoyan Tovuz döyüşlərindən 1 il ötür. Allahdan Şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. O gün həm də xalqımızın, milli birliyimizin göstəricisi idi. Məhz o günlərdə xalq meydana töküldü, “Azərbaycan əsgəri, vur, keç səngəri” şüarları ilə bir daha sübut etdi ki, o Qarabağdan vaz keçməyib, keçməyəcək də.

Partiya sədrinin müavini aparıcının prezidentin təşəbbüsü ilə Şuşaya səfər etməyən xarici ölkə səfirlərinin o əraziyə getməmə səbəbi ilə bağlı sualına cavab verib ki, ayrı-ayrı səfirlərin, xüsusilə də ATƏT – in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri və Almaniya, Böyük Britaniya səfirlərinin prezidentin təşəbbüsü ilə Şuşaya diplomatik korpusun səfərinə qatılmamasının düşündürücü məqamı budur ki, həmin dövlətlər əslində problemə münasibətdə neytrallığını qorumaqla və bu məsələlərdə aktiv iştirak etməməklə, problemi ATƏT – in Minsk qrupu çərçivəsində müzakirəyə çağırırlar və bitməmiş hesab edirlər. Maraqlı məqamlardan biridir ki, Rusiya həmin prosesdə 9-dan 10-na keçən gün imzalanan sazişdə özünün imzası ola-ola, öz imzasına hörmət etməyərək, o torpaqlara getmədi. Bu onun göstəricisidir ki, Rusiya bu istiqamətdə öz ənənələrinə sadiq qalaraq, yenə də konfliktin davamlı olması və davam etməsində maraqlıdır. Belə olmasa idi, Rusiya ora gedərdi. Halbuki Rusiya bu gün sülhməramlı adı ilə torpaqlarımızdadır. Bu, həm də onun göstəricisidir ki, sadaladığım ölkələr bu məsələdə bizim müttəfiqlərimiz deyillər.

Tamilla Qulami daha sonra problemin həlli istiqamətində əlavə edib ki, Azərbaycan nə etməlidir? Azərbaycan nəhayətdə öz müttəfiqlərini müəyyən etməli və BMT qarşısında artıq durmadan, israrla Ermənistanla sülh müqaviləsi bağlanmasını və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması ilə bağlı qarşılıqlı surətdə ortaya sənəd qoymalıdır. Bu olmayacağı təqdirdə Azərbaycan nəhayətdə dünyaya və diplomatik korpusa sübut etməlidir ki, Ermənistan revanşa hazırlaşır. O cümlədən bu məsələdə maraqlı olan tərəflər də hüquqi nəticələrə deyil, siyasi nəticələrə söykənmək istəyirlər. Bu konfliktin siyasi nəticəsi növbəti müharibədir. Bunun yalnız hüququ nəticəsi Cənubi Qafqazda sülhü və əmin-amanlığı gətirə bilər.
Hüquqi nəticələr BMT – nin Azərbaycanın tanıdığı ərazi bütövlüyüdür. Və bu ərazi bütövlüyü çərçivəsində də Azərbaycanın suveren hüquqlarının bərpasıdır. Çox təəssüflər olsun ki, ATƏT – in Minsk qrupu çərçivəsində də, digər birliklər çərçivəsində də tərəflər Azərbaycanın ərazi bütövlüyünü uzun illər tanısa da hüquqi deyil, siyasi həllə üstünlük verdikləri üçün 44 günlük savaş çıxdı. İndi də hüquqi deyil, siyasi həllə üstünlük verəcəklərsə, yenidən savaşın olması qaçılmaz olacaq. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və sülh müqaviləsi imzalamaması onun göstəricisi olacaq ki, Ermənistan optimal vaxt və ya hansısa tərəflərdən demarş gözləyir ki, nə zaman ona yardım edəcəklərsə, müharibəyə başlasın. Azərbaycan bu sənədləri ortaya qoyduqdan sonra əgər yenə də tərəflər öz mövqelərindən çəkilməsə, Azərbaycan düşünmədən Azərbaycan və Ermənistan arasında sərhəd çəkməlidir. Belə ki, dəmir-beton sədlər çəkilməlidir və Ermənistanla bütün əlaqələrin kəsilməsi üçün dünya ölkələrinə də müraciət etməlidir. Bu, Ümid Partiyasının mövqeyi və təklifidir. Biz bu təklifi 9-dan 10-a keçən gecə saziş imzalanandan həmən sonra vermişdik. Beləliklə:

1. Ermənistanla sülh müqaviləsi imzalanmalı;
2. Qarabağ və ətraf rayonların problemi hüquqi müstəvidə həllini tapmalıdır;
3. Beton istehkamlar çəkilməlidir

Verilişdə vətəndaşların sosial problemlərinə, əhalinin acınacaqlı durumda yaşamasına diqqət çəkən Tamilla Qulami deyib ki, hakimiyyət bilərək vətəndaşın başını sosial problemlərlə qarışdırır ki, o, siyasi hüququnu unutsun.

Verilişdə partiya sədrinin müavini mühüm bir məqama toxunub. Beləliklə o bildirib ki, 
Türkiyənin “Polad” inşaat şirkəti 3 il ərzində Laçından keçməmək şərtilə – Laçın rayonundan kənar – Qayğı qəsəbəsindən, Kiçik Qala, Böyük Qala qəsəbəsindən keçmək şərti ilə Xankəndinə yeni alternativ yol çəkir. Sual olunur. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşı olmamalıdırlarmı? Bu yol plana görə 3 ildən sonra istifadəyə veriləcək. Sülhməramlılar müqaviləyə əsasən burada 5 il olacaqlar. 5 ilin 1 ili keçdi. Demək ki, konflikt növbəti onillərə ötürülür yenə də? Hətta ermənilər bizimlə yaşamayacaqlarsa, konfliktin həll yolu bu deyil axı. Laçın rayonunda sülhməramlılar olacağı təqdirdə ermənilərin təhlükəsizliyinə təminat verildiyi kimi azərbaycanlıların da təhlükəsizliyinə təminat verilməlidir. Sülhməramlıların məqsədi ikitərəfli təhlükəsizliyin qorunmasıdır.S ülhməramlıdırlarsa, təbii ki. Sadəcə Rusiya qorxur ki, azərbaycanlılar da o torpaqlarda ermənilərlə birgə təmas olarsa, ermənilər reallığı və gerçəkliyi qəbul etdikdən sonra o əraziləri tərk edəcək. Bu bizim problemimiz deyil. İkinci, sən əgər erməninin belə qayğısına qalırsansa, Şuşaya, Kəlbəcərə və s. alternativ yollar çəkirik, bizim digər yollarımız bərpa olmalı və açılmalıdır. Xüsusilə, bizim üçün Qırmızı Bazar, Xankəndi-Şuşa yolu açılmalıdır. Kəlbəcər üçün Umudlu istiqamətində yol (Ağdərədən keçən yol) istifadəyə verilməli, təhlükəsizliyi təmine dilməlidir. Burda yaşayan ermənilər ya bizim vətəndaşlığı qəbul etməli, ya da çıxıb getməlidirlər. Daha illərlə təhlükəsizlik adıyla yollar çəkilməsinə ehtiyac yoxdur. Bütün bunların nəticəsi Cənubi Qafqazda növbəti müharibəyə hazırlıqdır.

Tamilla Qulami bildirib ki, bu olanları nəzərə alaraq, Azərbaycan özünü sığortalamaq üçün altbazanı hazırlayaraq, təklif etdiyimiz 3 bəndi həyata keçirməlidir:

Azərbaycan müttəfiqlərini düzgün seçməlidir. Türkiyə, İsrail, Ukrayna, Pakistan bu istiqamətdə Azərbaycanın ən yaxın müttəfiqləri olmalıdır. Bu coğrafiyanı genişləndirmək də olar. Çini, Gürcüstanı, separatizmdən əziyyət çəkən digər postsovet ölkələri ilə danışıqlar aparmaq mümkündür, – Moldovanı da əlavə etmək olar, – Qazaxıstan və türkdilli dövlətlərlə və s. Beləliklə də Rusiyanın söykəndiyi postsovet məkanında Ermənistanı və Rusiyanı təkləmək siyasəti həyata keçirə bilərik.

Ardınca sərhədlərimizi beton istehkamlarla möhkəmlətməklə dünyaya, Ermənistana və Rusiyaya da mesaj verməliyik ki, biz torpağımızın bir qarışını da kimsəyə verməyəcəyik.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

Şərh yaz