“Fərdlərin deyil, bütövlükdə hakimiyyətin istefasını tələb edirik.” – TAMİLLA QULAMİ

“Ölkəni idarə edə bilməyən, illərdir Qarabağı işğaldan azad etməyən hakimiyyət istefa verməlidir. Azərbaycan iqtidarı doğru-düzgün siyasət aparmağı bacarmır. Bu gün bölgələrdə icra başçıları vətəndaşları dinləmir, qayğısına qalmır, qadın, uşaq demədən insanlar incidilir. Ümumən bir rayonun üzərində fokuslaşsaq, problemləri doğru təhlil edə bilmərik. Biz şəxslərin, fərdlərin siyasətini yox, ümumilikdə hakimiyyətin idarəetməsini təhlil edirik. Sistem doğru idarə olunmur. İcra hakimiyyətlərinin funksiyaları o qədər sərhədsiz və genişdir ki, hətta icra hakimiyyətinin səlahiyyətlərinə, səlahiyyətlərinin icrasına nəzarət etməli olan prokuror da, polis rəisi də icra hakimiyyətinə tabe olur. Hətta demək olar ki, rayonlar ərazisində bütün məsələlər onlarla razılaşdırılır. Biz ümumiyyətlə sistemin işləməsinin tərəfdarıyıq. Sistem doğru-dürüst işləyəcəksə, yerində olmayan icra başçılarını sistem özü kənara atacaq. Təəssüf ki, indi mövcud olan sistemin özü yaxşı idarəetmə sistemi deyil. Ona görə də istər icraedici, istərsə də qanunverici orqanda olanlar hamısı istefaya getməlidirlər.”

Umidparty.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədr müavini Tamilla Qulami El Üçün TV-də deyib. Partiya təmsilçisi gündəmdə duran məsələlərə sərt şəkildə münasibət bildirib. Verilişdə həmçinin Tərtər rayonunun başçısı Müstəqim Məmmədovun qanunsuz əməllərindən, Qarabağ münaqişəsindən və Ümid Partiyasının siyasi xəttindən danışılıb.

Tamilla Qulami qeyd edib ki, biz ölkəmizdə Ümid Partiyası olaraq elə idarəetmə sistemi yaradacağıq ki, o zaman hakimiyyət bölgüləri doğru və dürüst həyata keçiriləcək. Hakimiyyət bölgüləri doğru həyata keçiriləndə hər hansısa bir icra başçısının qanunları pozması da qorxulu olmayacaq, icra başçıları qanunu pozacaqları təqdirdə məhkəmələr də öz səlahiyyətlərini doğru yerinə yetirəcək, vətəndaş rahat, müstəqil şəkildə məhkəmələrə müraciət edəcək, qanunlar pozulubsa, qanunu pozan da qanuna uyğun olaraq, öz cəzasını çəkəcək, hüquq-mühafizə orqanları da müstəqil şəkildə qanuna riayət edə biləcəklər. Bütün bunların həyata keçməsi üçün hakimiyyət dəyişməlidir. Bugünkü sərhədsiz sui-istifadələr, qanunsuzluqlar çərçivəsində bütün icra başçıları özlərini padşah kimi aparırlar.

Verilişin irəliləyən dəqiqələrində partiya sədrinin müavini qeyd edib ki, illərdir bizim qoyduğumuz, dediyimiz münasibətlər sistemini, barış, dialoq, sülh çərçivəsində dediklərimizi indi hamı deyir, bu yaxşıdır. Məsələn, bir zaman parlamentə zoopark deyənlər bu gün Milli Məclisdə təmsil olunurlar. Olsun! O sözləri zamanında dediklərinə görə biz onları ittiham etmirik, dünənin yanlışları idi, səhv görürdülər, sadəcə deməyimiz bu ki, on il əvvəl sədrimiz İqbal Ağazadənin dediklərini təhlil edəndə onu şərləyərək hakimiyyətin yançısı adlandırırdılar. Bizim problemlərə yanaşmamızda illərin təcrübəsi var, öyrənmələri, örnək götürmələri yaxşıdır, biz də məhz hər zaman bunun üçün çalışmışıq. İqbal Ağazadə hər zaman israrla deyirdi ki, tək keçidin yolu barış və dialoqdur, bu gün iqtidarlı-müxalifətli kimlərinsə keçmiş və gələcəyini yan-yana qoysalar, çıxışlarını təqdim etsələr, demək olar ki, 180 dərəcəlik dəyişikliklər var, yeganə İqbal Ağazadədir ki, illərdir eyni xəttin üzərindən yürüyür, çıxış edir.

Tamilla Qulami ölkədəki karantin rejiminə hakimiyyətin münasibətini sərt tənqid edib. O deyib ki, bugünkü sərt karantin rejimi ilə bağlı Ümid Partiyası olaraq, 2 ay öncədən təkliflər təqdim etmişdik, təəssüflər olsun ki, hakimiyyətin bugünkü verilən təkliflərinə əsasən ac insanları içəri doldurmaqla doğru nəticələrə varmaz olmaz. İnsanların sosial problemlərini həll etmək – kommunal xərclərdən azad etmək lazımdır, bank kreditləri güzəştlə həll olunmalıdır.

Sonda Tamilla Qulami izləyicilərin suallarını da cavablandırıb. Sözügedən verilişi olduğu kimi təqdim edirik:

Həbslər davam edir -Tərtərin icra başçısı öz kefində !

 

 

 

 

 

Şərh yaz