“Gender” termini hərfi mənada ingilis dilində cins bildirən sözdür: qadın və ya kişi. İlk dəfə bu söz qrammatik kateqoriyadan kənar psixoloq Robert Stollerin 1968-ci ildə “Cins və Gender” (“Sex and Gender”) adlı tədqiqat işində işlənmişdir. Başlıqdakı bu iki sözün bölünməsindəki məqsəd “kişilik” və “qadınlıq” anlayışlarını sosiomədəni və bioloji cəhətdən ayırmaq idi. Beləliklə, bu termin cinslər arasındakı bioloji fərqlərdən başqa, eyni zamanda onların sosial rollarının, emosional və davranış xarakteristikalarını fərqləndirir: bioloji cins və gender, yəni, “sosial cins”.
Genderin əsasında dayanan ideya ““kişi” və “qadın” arasındakı fiziki və bioloji fərqlər deyil, cəmiyyətin bu fərqliliklərə verdiyi mədəni və sosial əhəmiyyət” hesab edilir.
Gender bərabərliyi məsələləri dünyada baş verən feminist hərəkatlarının, qadınların haqlarının, hüquqlarının qorunması fonunda formalaşmağa başladı. Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Dünyada və ölkəmizdə bu hərəkatın yaranma səbəbi, hərəkətverici ideyaları fərqlidir. Bizim də bu məsələlərə yanaşmamız bir qədər fərqlidir.
Biz proseslərə qrupların – qadın, uşaq, gənc və yaşlıların hüquqları prizmasından yanaşmırıq. Bizim üçün təməl insan hüquqları prinsipləri var və təməl insan hüquqları prizmasında hər kəsin hüquqları bərabərdir. Bu kontekstdə təbii hüquqlar deyə bir anlayış var: yaşamaq, seçmək, seçilmək, təhsil almaq, işləmək, ailə qurmaq, əmlaka sahib olmaq və s. Bu məsələlərdə insanlar bərabərdir. Bir də hüququn yaratdığı məsuliyyətlər var. Məsələn, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra prezident kimi hüquqlara sahib olur. Toxunulmazlıq, qərar qəbul etmək, sərəncəm imzalamaq, və s. məsuliyyətlər, eləcə də millət vəkilinin toxunulmazlıq və başqa məsuliyyətləri var. Qadın və kişi məsələsi də insanda mental dəyərlər və ailə prinsiplərindən, o cümlədən cəmiyyətdən doğan məsuliyyətlər yaradır. Bu da fiziki gücə, bioloji müxtəlifliyə əsaslanır. Fiziki güc tipli fərqliliklər varsa, biz hökmən qadının cəmiyyətdəki yerini də düzgün təsbit etməliyik.
Feminizm hamının cəmiyyətdə bərabər yaşamasını tələb etməkdir. Seçmək, seçilmək, təhsil almaq, ailə qurmaq və s., o cümlədən də qadına şiddətə son. Şiddət yaxşı bir şeydirmi? Xeyr. Bütövlükdə qadına, uşağa, yaşlıya, kişiyə qarşı, hətta heyvana qarşı da.Təkcə fiziki şiddətdən söhbət getmir, bilirsiniz ki, mənəvi, psixoloji zorakılıq deyə anlayışlar da mövcuddur. Biz şiddətin bütün formalarını rədd edirik. Lakin bunu bir cəmiyyətdə bu cür ayrı-seçkiliklə, həm də dəyərlərin qarşısına çıxaraq etmək doğru yanaşma deyil. Biz fərz edək ki, kişilər cinsi orqanlarının şəkillərini çəkib göstərirlər, qadınlardamı bunu etməlidir? Axı bu, ümumiyyətlə qeyri-etik bir hərəkətdir və hər iki cins üçün qəbuledilən deyil. Təəssüf ki, Azərbaycanda feminist hərəkatlarında bu cür “azadlıqlar” tələbi ilə şüarlar səsləndirir. Azadlıq heç də fiziki anlamda qəbul edilən anlayış deyil və olmamalıdır. Azadlıq insanın ruhunun, mənəviyyatının azad olması anlayışıdır.
Bu, dəyərləri tapdalamaqla yanaşı, cəmiyyətin halını dəyişdirmək cəhdidir. Çox təəssüflər olsun ki, cəmiyyətin o halını dəyişmək istəyənlərlə yanaşı, cəmiyyətin başqa halını dəyişdirmək istəyənlər də var. Feministlər fiziki azadlıq tələbi ilə yanaşı, cəmiyyətdə bir o qədər də hicabla bağlı tələblər irəli sürən kəsimin də hüquqlarını müdafiə etsələr və bu tələblərlə bağlı şüarlar səsləndirsələr, daha effektiv nəticələr əldə etmiş olarlar. Çünki bu ölkədə qadınların problemləri sadəcə onların fiziki azadlığı ilə bağlı deyil. Yəni bədənləri ilə istədikləri kimi davranmaq tələbini irəli sürənlərlə yanaşı, dini inancına hörmət edilməsini tələb edənlər də var və s. Əgər sən öz seçiminə hörmət tələb edirsənsə, başqasının seçiminə də sən hörmət etməlisən və hüquqlar uğrunda birgə mübarizə aparmalısan.
Bu gün sivil dünyada zorakılığın mövcud olması faktı təbii üstünlüklərdən qaynaqlanır. Yəni, Azərbaycanda da, Avropada da güclü zəifə şiddət göstərir. Bunun cinsinin heç bir əhəmiyyəti yoxdur. Bu güc bəzən maddi, bəzən fiziki formada özünü göstərir. Hətta heyvanlar aləmində də bu belədir. Ən mədəni və inkişaf etmiş cəmiyyətlərdə belə bunu sırdan çıxarmaq mümkün olmayıb, çünki bu insanın emosional – psixoloji və digər halı ilə bağlı olan məsələdir. İnsanlar öz üstünlüklərindən istifadə edirlər.
Cəmiyyətdə qadın öz təbii halının üstünlüklərini-vücud, saç və s. israrla nümayiş etdirməyə çalışdığı kimi, kişi də özünün üstünlüyünü – gücünü nümayiş etdirməyə çalışır. Ruhun azadlığını yox, vücud azadlığı məsələsini ortaya qoyduqca, bunu təbliğ etdikcə, qarşı tərəfə də öz imkanlarını ortaya qoymaq üçün şərait yaradırıq. Bu imkanlar da sonda şiddətə söykənəcək. Əgər hər kəs təbii üstünlüklərini istifadə edəcəksə, sonda zorakılıq qaçılmazdır.
İnsanlar o zaman azad olurlar ki, başqasının azadlığı başlayan yerdə öz hüquqlarını məhdudlaşdıra bilsinlər. Yox, sən başqalarının hüquqlarının başladığı yerdə öz hüquqlarını davam etdirsən, məsuliyyətsiz və başqalarının hüquqlarını tapdalayan biri olursan.
Bəli, heç bir halda şiddət qəbul olunan deyil. Bu gün cəmiyyətdə ən çox şiddət görən uşaqlarımızdır. Valideynləri tərəfindən, həmyaşıdları tərəfindən və s. Amma biz onun qarşısını ala bilirikmi? Bu proseslər onun qarşısını almağa xidmət edirmi? Bu, əslində, demokratikliyə, şəffaf cəmiyyətə doğru gedən bir cəmiyyətdə qüvvələr nisbətini toqquşdurmaq, həm də qapalı və mental dəyərlərə üstünlük verilən cəmiyyətlərdə bu tipli adamları əzmək cəhdidir. Eyni zamanda mövcud hakimiyyətin əlinə ciddi bir şans vermək deməkdir.
Cəmiyyətdə ictimai-siyasi statusu olan və ya ictimai-siyasi status uğrunda çalışanlar cəmiyyəti həm də mental-psixoloji dəyərləndirməli, cəmiyyətin ümumi əhval-ruhiyyəsini nəzərə almağa borcludurlar. Bunlar nəzərə alınmayacaqsa, mütləq xaosa və avtoritarizmin möhkəmlənməsinə gətirib çıxarılacaq. Bunu təəssüf ki, hər kəs unudur və yalnız bir istiqamətdə proseslərə yanaşır. Biz şiddət istəməyən cəmiyyətlərdə şiddət yaradan addımlardan çəkinməliyik.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçün isə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır. Bu səbəbdən, tələblər məhz bu istiqamətdə olmalıdır. Təhsil sisteminin, bütövlükdə idarəetmə sisteminin dəyişdirilməsi!