Umidparty.org saytının müsahibi Ümid Partiyası Mingəçevir Şəhər Şöbəsinin sədri Süleyman Kərimovdur.
Süleyman bəy, son bir ildə ölkəmizdə kifayət qədər önəm kəsb edən hadisələr baş verdi. Ümid Partiyasının funksioneri olaraq bu bir ili necə dəyərləndirirsiniz?
İstər koronovirus pandemiyası ilə bağlı nəzərdə tutulan məhdudiyyətlər dönəmində, istərsə də 44 günlük Vətən Müharibəsində Ümid Partiyası Mingəçevir şəhər şöbəsi ölkə qanunlarına və Nizamnaməmizə uyğun formada fəaliyyətini koordinasiya edirdi. Bu dövrdə hesab edirəm ki, əsas vəzifəmiz insanlarımızı qorumaqdır. Sözsüz ki, şəhər şöbəsinin aktivləri ilə istər şəxsi söhbətlərimizdə, istərsə də sosial şəbəkə vasitəsilə müəyyən edilmiş qanunlara uyğun hərəkətin vacibliyini şəhər sakinlərinin nəzərinə çatdırırdıq.
II Qarabağ müharibəsinin 44 gün davam etməsinə baxmayaraq, 30 illik həsrətə son qoyuldu. Ümid Partiyası Mingəçevir şəhər təşkilatı olaraq, xalqın şərəf tarixi olan qələbəmizlə bağlı münasibətiniz də maraqlı olardı.
Ümid Partiyası Mingəçevir şəhər təşkilatının onlarla üzvü çağırış və könüllülük əsasında Vətən müharibəsində iştirak etdilər. Müharibə iştirakçılarının içərisində oğlum – Ümid Partiyası Mingəçevir şəhər şöbəsinin fəalı Əli bəy də var idi. Ümidçi döyüşçülərin döyüş yolu Füzuli, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad olunması əməliyyatlarından keçib. Bu şərəfli və müqəddəs işdir. Bütün ölkə ərazisindən olduğu kimi Mingəçevir şəhər sakinlərindən də müqəddəs müharibədə şəhid olan qardaşlarımız oldu. Onu da qeyd edim ki, şəhərdə dəfn olunan şəhidlərin son mənzilə yola salınmasında partiya fəalları ilə birlikdə iştirak etdik, şəhid ailələrimizin, yaralılarımızın dərdinə şərik olduq. Bu bizim onlara vəfa borcumuz idi.
Bir ildir ki, pandemiyanın yaratdığı çətinliklər siyasi təşkiltlardan da yan keçmədi.
Nəzərinizə çatdırım ki, bütün çətinliklərə baxmayaraq, üzvlərimizlə mütəmadi olaraq onlayn əlaqə saxlayırdıq. Bu cür fəaliyyət insanımız üçün ənənəvi hesab olunmasa da, lakin yeganə əlaqə vasitəsi idi. Ötən müddətdə partiya üzvlərimizlə 6 onlayn toplantı keçirə bildik. Həmin fəaliyyətin nəticəsi olaraq, pandemiya dönəmi olsa da üç yeni özək təşkilatı təsis etdik. Əsas hədəflərimizdən biri də şəhər gənclərinin böyük bir hissəsini Ümid Partiyası ətrafında toplamaqdır. Təşkilatlanmanı məntəqələr üzrə həyata keçirməyi düşünürük. Partiyamızın sədri hörmətli İqbal bəy Ağazadənin və Nizamnamənin qarşımıza qoyduğu tələbləri maksimum həyata keçirəcəyik. Ümid Partiyası Mingəçevir şəhər şöbəsi olaraq, digər rayon şöbələrimizlə yanaşı nümunəvi təşkilat şöbəsi kimi fəaliyyətimizi uğurla davam etdirəcəyik.