Hələlik dünya Rusiyaya qırmızı işıq yandıra bilmir, ona görə də bölgədə xarici siyasətimizi düzgün tənzimləməliyik – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 15 iyun aparıcı-jurnalist Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-nin efirində “Siyasi reaksiya” verilişinin canlı efir qonağı olub.

İqbal Ağazadə aparıcının “Şuşa Bəyannaməsində nə var” sualına bildirib ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz üçün, o cümlədən Azərbaycan üçün də yeni bir mərhələ açır. Faktik olaraq ilk dəfədir, bu Bəyannamə də göstərir ki, BMT-nin qəbul etdiyi nizamnaməyə əsasən, dövlət müstəqilliyi və suverenliyi hər hansı bir təhlükə qarşısında qalarsa, Türkiyə və Azərbaycan birgə hərəkət edəcək. Əslində regionda hər kəs bilir ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi üçün  təhlükə törədə biləcək iki region dövləti var – Rusiya və İran. Faktik olaraq, Azərbaycanın müdafiəsi istiqamətində tərəflər açıq mövqe ifadə etdi. Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsinə baxmayaraq, hər  kəs bilirdi ki, bu işğal prosesində Rusiya bilavasitə iştirak edib. Həm silahlı, həm canlı qüvvəsi, həm texnika – hərbi sursatlarla Ermənistana yardım edib və dəfələrlə bu istiqamətdə, hətta 44 günlük savaşda belə silahların hardan alınması, nə qədər pulsuz silah verilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti də mövqeyini açıq ifadə etmişdi. Ən mühüm məqamlardan biri də məhz budur.

Partiya sədri daha sonra əlavə edib ki, Şuşa Bəyannaməsində olan bəndlərdən biri budur ki, həm terrora, həm də ordu sistemində dövlətə qarşı hər hansısa bir müdaxilə və s. olarsa, bilavasitə iç-içə güc strukturlarının yaradılmasının iştirakı önəmli olacaq. Üçüncü Təhlükəsizlik Şuralarının mütəmadi iclaslarının birgə keçirilməsi məsələsi birbaşa təhlükəsizliklə bağlı olan məsələlərdir. Belə ki, bəyanatda silahlı qüvvələrin və güc strukturların modernləşdirilməsində birgə iştirakla bağlı mövqe var. Bu olduqca vacib məqamlardan biridir. Faktik olaraq, Türkiyə bütün gücü və imkanları ilə Azərbaycandadır və Azərbaycanın yanındadır və bu o deməkdir ki, Azərbaycanda artıq Türkiyə var. Təbii hərbi baza olsaydı, yerinə düşərdi, amma dünya reallıqlarını və regionda baş verənləri nəzərə alarsaq, Azərbaycan da, Türkiyə də nə qədər mümkündürsə, o qədər də saziş imzalayıblar. Nə Azərbaycan, nə də Türkiyə dünyadan təcrib olunmuş vəziyyətdə yaşamır və regionda da bizə münasibət birmənalı deyil. Bu gün hər kəs bilir ki, region uğrunda savaşan dövlətlər və hələ də dünyanın durdura, hətta qırmızı işıq yandıra bilmədiyi Rusiya var – postsovet ölkələrini əldən verməyən  və bütün gücü ilə burada etnik-milli konfliktlər yaradan, ona tabe olmayacağı təqdirdə isə əraziləri öz nəzarəti altına keçirib ölkələrdən qoparan bir Rusiya.

İqbal Ağazadə vurğulayıb ki, bilirsiniz, 44 günlük savaş müddətində Qərb institutlarının, dairələrinin və bəynəlxalq təşkilatlarının və dövlətlərin verdiyi bəyanatların hamısında birmənalı olaraq, əsas rolu Türkiyənin regionda üçüncü tərəf kimi iştirakının qarşısını almağa  yönəlik bəyanatlar idi. Ona görə hesab edirəm ki, bu tipli məsələlərdə nə qədər mümkündür, o qədər sərəncam imzalanıb. Çox yaxşı olardı ki, Türkiyə və Azərbaycan hətta  konfederativ əsaslarla idarə olunan bir sistemə keçid etsin.

Partiya sədri deyib ki, Şuşada konsulluğun  açılması  məsələsinə toxunarkən, öncədən xüsusilə təşəkkür edirəm, mən sizin efiriniz vasitəsilə Şuşada konsulluğun açılması təklifi ilə çıxış etmişdim. Burdan da bir daha İsrail və Pakistana səslənirəm, hər iki dövlətin Şuşada konsulluğunun açılması bizim üçün önəmli olar və Azərbaycanla dost olduqlarını bir daha nümayiş etdirərdilər. Şuşanın taleyini təkcə Azərbaycanla deyil,  həm də bəynalxalq miqyasda tanınması və konsulluq kimi fəaliyyət göstərən bir ölkənin özünün də ora münasibətdə fərqli mövqelər, maraqlar qoyduğunun göstəricisidir.

Verilişdə Azərbaycan-Ermənistan sərhədində baş verənlər, beton səddin çəkilməsinin vacibliyi, Türkiyənin regionda rolu, Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaradılması və gündəmi tutan digər məsələlələrə münasibət bildirib.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz