HÜQUQ VƏ AZADLIQLAR

İnsanlar əsrlər boyu milli, dini, konstitusion haqq və azadlıqları uğrunda yorulmadan mübarizə aparır. Ölkəmiz müstəqil dövlət kimi gənc olsa da çoxəsrlik demokratik ənənələrə malikdir. Şərqin ilk demokratik Cumhuriyyəti məhz bizim coğrafiyada elan olunub, qadınların səsvermə hüququnu tanıyan çox az ölkələrdən biri məhz əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cumhuriyyəti olub.

Bu gün müstəqil dövlət qursaq da demokratik idarəetmə, insan haqları, siyasi hüquqlar sahəsində ciddi problemlərimiz var. Təəssüf ki, Azərbaycan reytinq sıralamasında ürəkaçan mövqedə deyil, ekspertlərin rəyinə görə dövlətimiz azad olmayan ölkələr sırasında yer tutur.

Hər şey insan üçündür. Dövlət, iqtidarlar, qanunlar, məmurların fəaliyyəti, ölkənin sərvəti Azərbaycan insanına xidmət etməlidir. İnsan anlayışı bizim üçün hər şeydən əvvəl gəlir və ən uca varlıqdır. Ümid Partiyası hakimiyyətdə olanda siyasətimizdə insanımızın azad, ləyaqətli,  layiqli, güvənli və təminatlı yaşaması üçün bunları edəcəyik:

Konstitusiya islahatları:

  • Bir il ərzində siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, vətəndaşların müzakirə və qəbul etdiyi konstitusiya dəyişikliklərini ümumxalq səsverməsinə çıxaracağıq;

Konstitusiya dəyişikliyində:

  • Prezident iki müddətdən artıq seçilmək imkanına malik olmayacaq;
  • Prezidentin səlahiyyətlərinin bir qismi Nazirlər Kabinetinə, bir qismi isə Parlamentə veriləcək, Parlamentin səlahiyyətləri genişləndiriləcək;
  • Prezident ildə bir dəfə parlament qarşısında hesabat verəcək;
  • Baş prokuror iki dəfədən artıq seçilmək imkanına malik olmayacaq;
  • İnsan Haqları Müvəkkili 7 il müddətinə yalnız bir dəfə seçilə biləcək;
  • Prezident Baş Naziri Məclisə təqdim edərkən Milli Məclis 3 dəfə təqdim olunan şəxsi seçməzsə, onu yenidən təqdim edə və ya təyin edə bilməyəcək;
  • Parlament seçkiləri proporsional və majoritar əsaslarla keçiriləcək;
  • Milli Məclisə seçkilərdə 125 millət vəkili yerinin 75 nəfəri proporsional, 50 nəfəri majoritar qaydada seçiləcək;
  • Milli Məclis Baş Naziri istefaya göndərə biləcək;

İnsan haqları:

  • Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrin insan haqları sahəsində müəyyən etdiyi standartlar hər bir vətəndaşa, idarəetməyə və münasibətlərə tətbiq ediləcək;
  • İnsan haqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə sıx yardımlaşma saxlanılacaq, onların təklif və baxışları nəzərə alınacaq;
  • Düşüncə, fikir azadlığı təmin ediləcək, buna görə cinayət məsuliyyəti müəyyən edən maddələr cinayət məcəlləsindən çıxarılacaq;
  • Diffamasiya Haqqında Qanun qəbul ediləcək;
  • Ölkədə din, vicdan azadlığı təmin ediləcək, hər cür məhdudiyyətlər aradan qaldırılacaq, hər kəsin ibadət, dini geyim, dini ayinlərin icrası haqqı tanınacaq və ona şərait yaradılacaq;
  • Dindar insanların dininə, məzhəbinə, geyiminə görə diskriminasiyasına yol verilməyəcək, o cümlədən, dini quruluşların, birlik və qrupların siyasətə, idarəetməyə, həmçinin, dini alət edərək, digər insanlara təzyiqinə yol verilməyəcək;
  • Hər kəs azad və açıq informasiya almaq, xəbərləşmə imkanına malik olacaq, mediaya dövlət qayğısı artırılacaq;
  • Hər kəsin müdafiə olunma imkanları tanınacaq, vəkillik institutu müstəqilləşdiriləcək, ədalətli mühakimə hüququ təmin ediləcək;
  • İqtisadi azadlıqlar bərqərar olacaq, hər kəsin qanunla qadağan olunmayan fəaliyyətlə məşğul olmaq haqqı tanınacaq, özbaşınalığa, inhisarçılığa son qoyulacaq, şəffaflıq təmin ediləcək;
  • Dövlətin vətəndaşa, vətəndaşın da dövlətə güvənməsi üçün bütün imkanlar səfərbər olunacaq, vətəndaş-dövlət böhranı aradan qaldırılacaq;

Siyasi islahatlar:

  • “Siyasi partiyalar haqqında” Qanun yenidən işləniləcək, Avropa Birliyinin standartlarına uyğunlaşdırılacaq;
  • Siyasi partiyaların qeydiyyatı sadələşdiriləcək, onların ləğvi yalnız yuxarı məhkəmə orqanı tərəfindən həyata keçiriləcək;
  • “Sərbəst toplaşma azadlığı haqqında” Qanun sadələşdiriləcək, insanların birləşmək, kütləvi tədbirlər keçirmək haqqı tanınacaq;
  • Siyasi partiyaların maliyyələşməsində səffaflıq, bölgü prinsipində ədalətlilik həyata keçiriləcək;
  • Partiyadaxili demokratiyanın saxlanılması qanunla müəyyən ediləcək;
  • Siyasi fəaliyyətlə məşğul olanların əmlak və gəlirlərinin şəffaf şəkildə ictimaiyyətə çatdırılması təmin ediləcək;

Seçki islahatları:

  • Seçki Məcəlləsi siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə yenidən işləniləcək, tərəfləri qane edən komissiyaların formalaşdırılma mexanizmi yaradılacaq;
  • Parlament, bələdiyyə, prezident seçkilərində namizədlərin qeydiyyatı sadələşdiriləcək, hər cür maneə aradan qaldırılacaq,
  • Müşahidə asanlaşdırılacaq;
  • Seçkinin şəffaflığı üçün yaxın beş ildə səsvermənin və səslərin sayılmasının elektronlaşdırılması təmin ediləcək;
  • Seçkilər canlı yayımlanacaq;

Şərh yaz