İmperiya əsgərlərinin qəddar cinayətləri

Azərbaycan xalqının 20 yanvar zəfər salnaməsi

 1990-cı il 20 Yanvar hadisəsindən artıq 31 il keçir. Bu hadisə Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolda tariximizə qızılı hərflərlə yazılası günlərdən biridir. Bu gün xalqımızın əzmkar­lı­ğını, vətənpər­vər­lik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 20 yanvar tarixində Azərbaycan xalqı Rus İmperiyasının 70 illik boyunduruğundan çıxmaq üçün ilk şəhidlərini verdi.

Mənfur imperiya isə bu hadisə ilə öz xislətini bir daha göstərməklə, insanlığa qarşı növbəti ən ağır cinayətlərini törətdi. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz etməklə, yüzlərlə günahsız insanı qəddarlıqla qətlə yetirdi və yaralanmasına səbəb oldu. Dinc insanlara qarşı bu təcavüz xüsusi amansızlıqla həyata keçirildi.

“Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi ittifaqı” (Şit) təkilatının istintaq komissiyasının materiallarından istifadə edilməklə hazırladığı, 1990-cı ildə SSRİ-nin və respublikanın kütləvi informasiya vasitələri (KİV), o cümlədən xarici dillərdə yayılmış rəydə bu qəddarlıqlar xüsusi qeydə  alınmışdır.

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

  • adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
  • xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
  • adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
  • “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi,

1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (Fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də, 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa Müqaviləsi) də buraya daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulub.

Sovet imperiyası dağılma ərəfəsində olarkən təkcə Azərbaycan xalqına qarşı deyil,70 il imperiya əsarəti altında toplanmış digər xalqlara qarşı da cinayətkar əməllərdən qalmayıb. Etirazçılara qarşı qəddarlıq göstərərək beynəlxalq cinayətlərə əl atıb. Baş verən bu hadisələr beynəlmiləl pərdəsi altında gizlənərək, əslində xalqlar həbsxanasına çevrilmiş Sovet İmperiyasına qarşı insanların nifrətini daha da artırıb, imperiyanın dağılmasını sürətləndirən katalizator rolunu oynayıb.

Alma-Atadakı dekabr hadisələri 

1986-cı il 17-18 dekabr tarixlərində Qazaxıstanda kommunist hakimiyyətinə qarşı kütləvi etirazlar baş qaldıran zaman da Sovet ordusu xüsusi qəddarlıq göstərmişdir. Rəsmi məlumata əsasən buna səbəb  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi  baş katibi S.Qorbaçovun Qazaxıstan Kommunist partiyası birinci katibi Dinmuhamed Kunayevi tutduğu vəzifədən azad etməsi və onun yerinə heç vaxt Qazaxıstanda işləməyən Gennadi Kolbini təyin etməsi olub. Bəzi məlumatlara əsasən hadisə nəticəsində 100-150 nəfər ölüb.

Gəncləri zorla şəhərətrafı ərazilərə apararaq qış geyimləri olmadan saxlayıblar. Aqressiv gəncləri isə psixiatrik xəstəxanaya yatırıblar. Bəzilərini isə hündürmərtəbəli binaların damından ataraq sui-qəsd kimi qələmə veriblər. Qazaxıstanda dərc edilən məlumatlara əsasən 8,5 min nəfər hüquq mühafizəçiləri tərəfindən saxlanılıb, 1700-dən çox insan ağır bədən xəsarəti alıb.

Tiflis hadisələri (1989)

1989-cu il aprelin 9-u müasir Gürcüstan tarixinin ən faciəli günlərindən biridir. 30 il əvvəl bu gün Tbilisinin mərkəzindəki etiraz aksiyası sovet qoşunu tərəfindən dağıdılıb.

Mitinqlər Abxaziyanın Gürcüstan SSR-nin tərkibindən çıxmaq tələbindən sonra başlamışdır. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər.

Aksiya iştirakçılarına qarşı hücum aprelin 9-da səhər saat 4-də başlayıb. Onları meydanlardan qovmaq üçün dəyənəklərdən, hərbi kürəklərdən və zəhərli maddələrdən istifadə edilib.

Nümayiş iştirakçılarına qarşı 73 sm-lik rezin dəyənəklər, gözyaşardıcı qazdan və odlu silah istifadə edilib. Əməliyyat zamanı 3-ü yeniyetmə və çoxu qadın olmaqla, 20 nəfər həlak olub, 200-dən çox şəxs xəstəxanaya yerləşdirilib, sonrakı günlərdə minlərlə insana tibbi yardım göstərmək lazım gəlib.

Yanvar hadisələri (Litva)

1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə da Sovet qoşunları qırğınlar törədib. 

Vilnüsdə Litvanın müstəqilliyini qorumağı tələb edən dinc nümayişçilərə qarşı qəddarlq edilib. Baş verən hadisələr nəticəsində 14 nəfər həlak olub, 600-ə qədər adam isə yaralanıb. SSRİ-nin vəzifəli şəxslərindən heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Qorbaçov SSRİ Silahlı Qüvvələrinin  aksiyası barədə heç nə bilmədiyini, yalnız səhər bu barədə məlumat verildiyini söyləyib.

Sovet imperiyası dağıldıqdan sonra da 70 il imperiya əsarətində saxladığı bir çox xalqlara etnik-milli münaqişələr miras qoyub. Hazırda da həmin dövlətlər uzun illərdir ki, bu etnik-milli münaqişələrdən əziyyət çəkir. Sovet imperiyası süqut etsə də, onun varisi olan Putin Rusiyası bu etnik münaqişələrin həll olunmasına imkan vermir və əksinə, köhnə münaqişələri nəzarətində, xalqları gərginlik altında saxlamağa, yeni-yeni münaqişə zonları yaratmağa çalışır.

Düz 30 il sonra, ötən ilin 10 noyabr bəyanatından sonra 20 yanvar faciəsini törətmiş, dinc, əliyalın əhalini qəddarlıqla qətl edən ordu yenidən rus sülhməramlı ordusu adı altında Dağlıq Qarabağa qayıtdı. Bu, həmin ordudur ki, 200 illik bütün faciələrimizin birbaşa baiskarıdır. Bu, həmin ordudur  ki, 366-cı Motoatıcı diviziyası 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətmişdir. Qadın, uşaq, yaşlı demədən insanlarımızın xüsusi amansızlıqla qətlə yetirilməsində birbaşa iştirak etmişdir. Bu, həmin rus əsgəridir ki, onun himəyadarlığı ilə 30 ilə yaxın Azərbaycanın 20% torpağı erməni işğalçılarının tapdağında qaldı, hələ də ərazilərimiz tam işğaldan azad olunmayıb. Həmin əsgərlərin əlində bu illər ərzində verdiyimiz 10 minlərlə şəhidimizin qanı var. Bunlar onu deməyə əsas verir ki, harada rus adına ordu varsa, orada Rusiyanın imperiya xisləti var, orada qan, qada, münaqişə və gərginlik var.

İnsanlarımız haqlı olaraq rus əsgərinin sülhməramlı adı ilə Azərbaycan ərazisinə qayıtmasından narahatdır. Onların narahatlığı yuxarıda sadaladığım, hətta sadalamadığım amillərə görədir. Tarixdə, həm də yaxın tariximizdə bizə qarşı törədilən cinayətkar əməlləri unutmamalıyıq; istər rus əsgəri, istərsə də mənfur erməni qonşularımız tərəfindən törədilənlər. Keçmişimizi unutmamalıyıq ki, gələcəkdə baş verəcək faiciələrin qarşısını ala bilək. Qarabağda, xüsusilə sərhəd rayonlarda sürətlə məskunlaşmalı, quruculuq işləri görülməli və qayıdış təşkil olunmalıdır. Bununla bərabər, masada rus sülhməramlısı adı altında ərazimizə soxulan əsgərlərin Qarabağdan çıxması üçün var gücümüzlə çalışmalı, həmrəyliyimizi qoruyub saxlamalıyıq.

Xatırladaq ki, 20 yanvar 1990-cı ildə Sovet qoşunlarının Azərbaycana qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. 

Allahdan Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizin ərazi bütüvlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Elman Abbasov

 

Elman Abbasov

Ümid Partiyası sədrinin mətbuat və informasiya üzrə müavini

 

 

 

 

 

Şərh yaz