İqbal Ağazadə: “2020-ci il daha yaddaqalan, tarixi bir il oldu”

Ümid Partiyasının sədri İqbal Ağazadə Kanal13 İnternet Televiziyasında Rüfət Muradlının təqdimatında “Açıq söz” verilişinin canlı efirində qonaq olub. 2020-ci ildə ölkədə baş verən hadisələrin əhəmiyyətindən danışan partiya sədri bildirib ki, bu il Azərbaycan üçün daha əhəmiyyətli bir tarixi dövr oldu:

9 fevral mövcud hakimiyyətin ənənəvi keçirdiyi seçkilərdən bir idi. 21-ci əsrdir, bu dövrdə üz qarası olan bir çox adamları Parlamentdə oturtdular. Azad seçkilər, söz azadlığı və bu kimi məsələlərə beynəlxalq aləmin öz münasibəti var. Parlamentdə elə adamlar olmalı idi ki, ölkəmizi dünyada layiqli təmsil etsinlər.

Sonra pandemiya dövrü başladı. İlk üç ay hamı üçün çətin oldu. Sosial vəziyyət, kommunal xərclər, hökümətin hər zamankı hazırlıqsızlığı – bütün bunlar öncədən nəzərə alınmadı. Biz də Ümid Partiyası olaraq, müxtəlif təkliflər verdik. Çox təəssüf ki, onların çoxuna ya əməl olunmadı, eşidilmədi, ya da gec və qismən həll olundu.

Daha sonra Tovuz hadisələri baş verdi. Bəzi adamlar düşünürdü ki, Qarabağ məsələsini yenə də müxtəlif yerlərə yönəldə biləcəklər. Amma Azərbaycan insanı birləşdi, mövqeyini bir yerə qoydu. Hətta bu hakimiyyəti bəyənməyən, incik düşmüş adamlar da Ali Baş Komandanın əsgəriyəm deyib birliyi möhkəmləndirdi.

Bu xalq və hakimiyyət birliyi ilə Şuşa qalası alındı. 28 ildən sonra Şuşa azad edildi. 2020-ci ildə Azərbaycan böyük bir zəfərə imza atdı. Hələ hər şey bitməyib, müharibə masa arxasında davam edir. Hər şey qabaqdadır. Bundan sonra bu dövrü yaxşı qiymətləndirib dövlətin və xalqın maraqlarını qoruyaraq, lazımı addımlar atılmalıdır.

27 ildir deyirdik ki, gələn ili Şuşada, Laçında, Ağdamda keçirək, bu il isə deyirik ki, gələn ili Xocalıda, Əsgəranda, Xankəndidə keçirək. O torpaqlar hamısı bizim tarixi yerlərimizdir. Adından da görünür bu – Xankəndi.

Bütün problemlərə baxmayaraq, 2020-ci ili Azərbaycan tarixində xüsusi bir il hesab edirəm. Bu il tarixi ildir. Bu il Azərbaycan xalqını ayağa qaldırdı, birləşdirdi, millətləşdik, bütünləşdik.

İqbal Ağazadə Araik Arutunyanın erməni əsgərlərinə medal verməsi məsələsinə toxunatkən bildirib ki, ermənilərin üç prezidenti Xocalı qətliamında əli olan adamlardır, qatillərdir. Bütün bunları dünya bilir. Amma dünya maraqlarla idarə olunur. Ermənilərin də maraqlarını qoruyan qatillər var. Azərbaycan o dövlətlərlə münasibətlər qurub, hadisələri öz xeyrinə həll etməyə çətinlik çəkir. Araik Arutunyan Gəncə, Bərdə hadisələrini törədən qatildir. Bu adamı həbs etmək Azərbaycanın haqqıdır. Amma buna imkan vermirlər. Mən də istəyirəm ki, Araiklə yanaşı ermənilərin üç prezidenti də həbs olunsun, cəzalansın. Dünya isə bizim pəncərəmizdən baxmır, öz maraqları ilə hərəkət edir.

44 günlük müharibə 45 gündür ki, bitib, amma yenə də şəhid gəlir və siz Qarabağ münaqişəsinin tam həlli üçün nələr təklif edirsiniz? – sualına İqbal Ağazadə belə cavab verib:

Heç kim düşünməsin ki, müharibə bitib. Bu gün də müharibə masa üzərində davam edir. Münaqişənin bizim xeyrimizə tam həll olunması üçün hakimiyyət siyasi mərkəz yaratmalıdır. Qarabağ siyasətini pərakəndə aparmaq olmaz. Yaranmış siyasi mərkəz həm sülhməramlılarla mütəmadi danışıqlar aparmalı, həm əhalinin yerləşdirilməsi məsələsini diqqətdə saxlamalı, həm də sərhədlərin müəyyən olunması işində aktiv iştirak etməlidir.

Verilişdə gündəmlə bağlı bir sıra məsələlərə də toxunulub. Verilişin tam hissəsini təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

 

 

Şərh yaz