İqbal Ağazadə Azərbaycan və Rusiya arasında bağlanılan sazişdən yazdı

Rusiya ilə Azərbaycan arasında bağlanılan saziş siyasi-ictimai dairələr tərəfindən hələ çox dartışılacaq, ona müxtəlif aspektlərdən qiymət veriləcək.
İlk növbədə müqavilənin 22 fevral 2022-ci ildə bağlanılması ilə bağlı düşüncəmi bölüşmək istərdim:
Bu tarix bir daha sübut edir ki, Putin Ukraynaya yönəlik siyasətinə arxayın deyil, yanlış olduğuna əmindir və bu yanlışlığı pərdələmək və güc müstəvisində keçmiş sovet respublikalarına təsir imkanlarını nümayiş etdirmək üçün məhz bu günü seçib. (Qazaxıstan prezidentiylə də görüş, Ermənistan baş naziriylə telefon danışığı və görüşə dəvət)

Qeyd: dünən Rusiya Luqansk və Donetsk separatçılarını dövlət kimi tanıyıb.

Müqavilənin bəndlərinə gəlincə…

Rusiya güclü olduqca, demokratik dünya onu durdura bilməyincə və ya durdurmaq istəmədikcə, Rusiya üçün müqavilə, hüquq, başqa dövlətin ərazisi  kimi anlayışlar mövcud deyil. Maraqları tələb edirsə və ən başlıcası, gücü yetirsə, onu kimsə durdura bilmirsə, Rusiya işğalçıya, separatçıya, “sülhməramlıya”, “dosta” çevrilərək, ona lazım olan əraziyə girir.

Bu barədə mübahisəyə ehtiyac duymuram. Suriya, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan, hətta Qazaxıstan belə onun maraqlarının və gücü yetmənin nümunəsidir. Birinə özü zorla girib, digərini məcbur edib ki, məni dəvət et, onsuz da girəcəyəm.

Ona görə də müqavilənin bəndlərinin geniş mənada heç bir əhəmiyyəti yoxdur. Hətta bəzilərinin iddiasına görə hakimiyyəti xalq etirazlarından qorumaq üçün iqtidar Rusiya qoşununu dəvət edib, kömək istəyə bilər.
Mümkündür, lakin bunun üçün müqavilə olmadan da yollar var.

Əsas məsələ Rusiyanın zəiflədilməsi və demokratikləşmənin qarşısında sədd olmamasıdır. Dünya hələlik bunu bacarmır və ya istəmir.

Demokratik cəmiyyət quruculuğu istəməyən iqtidarlar da dünyanın bu yanaşmasından rahatca bəhrələnirlər.

Hazırlaşmalıyıq, həm də demokratiya istəyən bütün xalqlar birgə. Ya Rusiyanı regiondan (post sovet respublikalarından) çıxarmalıyıq, ya da rus xalqıyla birgə yeni demokratikləşmə prosesinə başlamalıyıq ki, Rusiyanın özündə də demokratik idarəetmə bərqərar olsun.

Güclü və imperialist Rusiya qorxuludur, başında ya Lenin dayansın, ya Stalin ya Putin.

SSRİ konstitusiyası onun rəhbərinin qaniçən olmasına da mane olmadı, dağılmasını da durdura bilmədi. Fərq yalnız xalqın yanaşmasında və istəklərdə idi həm də.

Bu müqavilə də SSRİ konstitusiyasını xatırladır.
Müstəqil və azad olmaq istəyən xalq elə ona istinad edib suverenlik aktı qəbul etdiyi kimi Rusiyanın müdaxiləsini istəməyən xalq elə bu sazişə əsaslanıb, Rusiyanın heç bir işimizə burun soxmağına izn verməz.

Zəif olmağa haqqımız yox, olacağıqsa, günah bizdə olacaq.

Qazavatımız mübarək…

Şərh yaz