İqbal Ağazadə Gəncləri təbrik etdi

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party sədri İqbal Ağazadə Gəncləri təbrik edib. Sözügedən təbriki izləyicilərə təqdim edirik:
Əziz və dəyərli Azərbaycan Gəncliyi!
Bu gün sizin gününüzdür!
Düzdür, ölkədə sosial-siyasi-iqtisadi durum çətindir. Amma bu məmləkət həm də sizindir. Sizin hər biriniz ölkəmizin bu çətin günlərində siyasi aktiv olmalısınız ki, birlikdə problemləri həll edək. Həll edək ki, siz, sizin gələcəyiniz bugünkü kimi problemlərlə üz-üzə qalmasın.
Təəssüflər olsun ki, subyektiv və obyektiv səbəblərdən yeni nəsil siyasətdən qorxur, uzaq qaçır. Elə bilirlər, siyasət bir tikandır, əl vuranda hökmən yaxıb-yandıracaq, hökmən bu tikan onu dalayacaq.
Bu məmləkətin yalnız şəhidləri, qaziləri gənclərdən ibarət olmalı deyil, bu məmləkətin prezidenti də, məmuru da, naziri də, komitə sədri də, deputatı da, fəhləsi də gəncliyindir, yeni nəslindir, gec-tez sizlər bu ölkəni təhvil alacaqsınız.
Siyasətdən imtina etmək həm də ölkənin taleyindən imtinadır və gənclik bunu etməməlidir. Əslində bu gün bir az sanki cümhuriyyətdən, bir az öz taleyimizdən, bir az da ölkəmizin gələcəyindən imtina etmişik, kənara çəkilmişik.
Bu gün biz Qarabağımızı azad etmişik, – Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran artıq bizim nəzarətimizdədir. Bu gün şükürlər olsun ki, ölkəmiz torpaqlarını işğaldan azad, öz suverenliyini bərpa edib, külli-Qarabağda nəzarəti ələ keçirib.
Məmləkətimizin rifahı üçün gənclik prosesin önündə olmalıdır. Hamı qaçsın, dayansın uzaqda, nə olacaq?! Əslində bizi gətirib bu duruma salan siyasətdən kənarda dayanmağımızdır. Biz siyasətdən qaçırıq, qorxuruq. Amma bu gün bir az da biz fədakarlıq etməyi bacarmalıyıq. Məmləkətimiz üçün, özümüz üçün!
Cümhuriyyət qurucularından olan Nəsib bəy Yusifbəyli nazir olarkən atasından pul istəyir, atası deyir, sən oxuyanda da sənə pul göndərirdim, indi də bir məmləkətin baş nazirisən, mən sənə yenə pul göndərirəm. Nə işlə məşğulsunuz?
Məsələ o idi ki, adamlar özlərini məmləkət üçün fəda etmişdilər – heç nədən bir cümhuriyyət qura-qura özlərini fəda etmişdilər. Biz də bir az da fədakarlıq etməyi bacarmalıyıq. Bu, təkcə siyasi partiyaların gücüylə olan deyil. Biz ölkəni bir yerlərə qədər gətirib çıxardıq, məmləkətimizi Türkmənistan, Özbəkistan, hətta Qazaxıstan olmağa qoymadıq. Burada ən azı yığışa bilirik, toplanırıq, danışırıq, mövqelərimizi ifadə edirik. Bu, bir az da gəncliyin işidir, siz ayaqda olmalısınız. Nə qədər ömrümüz seyrçiliklə keçib.
Ümidimiz sizsiniz, ümidimiz yeni nəsildir. Bəlkə bizim səhvimiz var, bəlkə bir az bizim yanlışımız var. Bunu bir yerdə düzəltməliyik. Bundan sonra siz və sizin kimi gənclər siyasi partiyalara qoşularaq, prosesin davamını gətirməyə yardımçı olmalısınız. Necə yaşamağınızı siz seçin, amma təkcə özünüz üçün yox, həm də məmləkət üçün seçin. Sizə ümid bəsləyənlərin heç vaxt ümidini qırmayın. Çünki bəlkə o adamın elə sonuncu tutacaq yeri sizsiniz, bəlkə sonuncu inandığı yer oradır.
Biz sizə çox inanırıq. İnanırıq ki, siyasətdə birlikdə bu məmləkət üçün, xalq üçün bir şeylər edəcəyik. Çalışın, inamlar, ümidlər qırılmasın. Bizi xalq olaraq ayaq üstə qaldıran, ümidimizi, inamımızı bərpa edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyirik.
Onların ölkəmizin bütövləşmə istiqamətindəki, rifah uğrundakı arzularını tamamlamaqda və dövlətimizin inkişafında hər birimizə səbir, güc, mətanət, savadlı və sağlıqlı cəmiyyət arzu edirəm. Bu məmləkətin Ümidi sizsiniz, əziz GƏNCLƏR! Sizlərə can sağlığı, uzun ömür, huzur, demokratik ölkənin demokrat düşüncəli gəncləri olmağı arzulayıram.
Var olun!
Sevgi və sayğılarla
Şərh yaz