İqbal Ağazadə – İndi müxalif partiya lideri deyiləm, sadəcə əsgərəm…

Ümidin sədri İqbal Ağazadənin ən böyük ümidi artıq doğrulur.

23 avqust 1993-cü il…

Həmin ilin həmin günü yenə kənddəki evlərinə getdi. Amma bu gediş həmişəkindən deyildi. Bəlkə heç özü də onun tam fərqində deyildi, ya da sadəcə inanmaq istəmirdi.

Bu, son ola bilməzdi axı. Mümkün deyildi. Evə girib ata-anasına “tez hazırlaşın, gedirik” deyəndə də birdəfəlik gedişi nəzərdə tutmurdu. Elə bilirdi hər şey müvəqqətidi, bir neçə gündən sonra yenidən kəndə qayıdacaqlar. Ona görə də evdən hər hansı bir əşya götürməyə lüzum görmədi.

Amma darvazadan çıxan zaman anasının maşının arxa pəncərəsindən evə boylanması ürəyini sızlatdı. Gözü arxada qalmasın deyə maşını saxlatdırıb anası ilə bərabər yenidən evə qayıtdı. Və bu dünyagörmüş qadın evdəki qiymətli heç nəyə toxunmadı. Sadəcə mətbəxə keçdi, ocağı söndürdü və qazın üstündəki yenicə bişmiş dolma qazanını götürdü… O evdə süfrə arxasında ailəlikcə yığışıb şam etmək onlara qismət olmadı.

Bir də… Qapıdan çıxanda evin, pəncərələrin önünü bəzəyən, öz əllərilə əkdiyi rəngbərəng, növbənöv çiçəklərin içindən birini seçib dərdi. O günə qədər ayrılıq rəmzi olduğuna inanmadığı sarı rəngli qızılgül…

23 avqust 1993-cü il… Həmin ilin həmin günü doğma kənddə, ata yurdunda keçirdiyi son gün oldu…

O gündən sonra evlərində dolma çox bişdi. Amma o qazanda yox… Heç bir dolma da kənddə bişən o son dolmanın dadı kimi ləzzətli olmadı…

O qazanda bir də heç vaxt yemək bişirilmədi. O qazan kənddəki evdən qalan yeganə yadigar əşya kimi qorunub saxlanıldı. O qazan həm də kəndə, ata ocağına yenidən qayıdacaqları günün gözləntisi, ümidi, arzusu oldu. Məhz həmin gün həmin evdə o qazan yenidən ocağın üstünə asılacaq və içində dolma bişəcəkdi…

Və düz 27 ildən sonra o gün gəlib çatdı…

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə “Qarabağ söhbətləri”ndə dünyaya göz açdığı, doğma ata yurdu olan Füzuli rayonunun Merdinli kəndində keçən günlərinə, uşaqlıq xatirələrinə boylandı, işğal gününün acısını bir də yaşadı, qələbə sevincini, arzularını dilləndirdi.

Kəndimizdə hər fəslin öz gözəlliyi vardı…

– Niyə torpağa bu dərəcədə bağlıyıq, onu bu qədər sevirik? Əslində torpaq insan üçün nədir? Məncə, iməkləyərkən ağzımıza dəyən torpağın dadı bizi o torpağa bağlayıb. Biz yediyimiz qida ilə yanaşı, o torpaqdan da dadmışıq. O dad bizim ruhumuza, qanımıza, orqanlarımıza, bütün hüceyrələrimizə hopub. Bəlkə də o torpağın müqəddəsliyi elə ondadır?!

Mən Füzulinin Merdinli kəndində dünyaya göz açmışam. O kənddəki evdə, torpaqda iməkləyərək həyata, yaşama doğru irəliləmişəm, vətənə bağlanmışam… Füzulinin təbiəti, insanları ilə fərqli bir yer olduğunu hər kəs bilir. Ulu babam yüzbaşı olub, Merdinlinin bəyi idi. Onun oğlu Abbas bəy Qarabağ xanlığının tanınmış şəxslərindəndir, “Qarabağnamə”də adı keçib. Qarabağın ən tanınmış bəylərindən olub. Atam Fehruz isə rayon sovetinin deputatı idi. Füzulidə böyük hörməti vardı. Kənddə elçiliyə, yaxud qan barışdırmağa gedəndə atamı aparırdılar.

Ailədə 7 uşaq idik – 5 bacı, 2 qardaş. Bütün kənd uşaqları necə idisə, biz də o cür idik. Hamı kimi, biz də adi kənd həyatı yaşamışıq. Biz evin damından sallanan sırsıra buzları yeyən uşaqlar olmuşuq. O vaxtlar qış sərt keçirdi, amma gözəl olurdu. Hər tərəf ağappaq qarla bəzənirdi. Səhər tezdən yuxudan duranda görürdük ki, qar o qədər çox yağıb yerimək mümkün deyil. Lap körpə vaxtlarımızda hətta qarın içinə batırdıq. Atam qarı bellə təmizləyərdi, ondan sonra çölə çıxa bilərdik…

Hər fəslin özünəməxsus gözəlliyi, əsrarəngliyi, “donu” vardı kəndimizdə. Təbiəti füsunkar, torpağı bərəkətli idi. O torpaqda hər ağac, hər bitki, məhsul bitirdi. Bu günlərdə bir əsgərimiz Qubadlıdan mənə zəng etdi. Dedi, Füzuli işğal olunandan bəri ilk dəfə idi bu dadda armud yeyirdim…

Tək Füzulidə yox, bütün Qarabağ torpaqlarında bitən meyvənin, tərəvəzin dadından-tamından doymaq olmurdu. Məsələn, Qarabağda heç vaxt qoz ağacı əkməzdilər. Qoz ağacını əkməklə bağlı həm batil inanc vardı, həm də deyirdilər qoz ağacının altında yatmazlar. Qozu qarğalar ağzında gətirərdi, hara düşərdisə, orda bitərdi. Heç kim özü əkməzdi, amma hər tərəfdə vardı. Söyüd, çinar da əkməzdilər, əksəriyyəti təbii şəkildə bitirdi. Biz bu cür zəngin torpaqları itirmişdik. O torpağın nə qədər qiymətli olduğunu onu itirəndən sonra daha çox bildik. İtirməyənə qədər bəlkə də bizim üçün adi rayon, kənd idi, biz də onun bir sakini idik. Lakin itirib Azərbaycanı tanımağa başlayandan sonra təbiətinin, insanlarının, ordakı yaşayışın, dəyərinin nə olduğunu dərk etdik. Dərk edəndə də fərqinə vardıq ki, biz orda əslində hər şeyimizi itirmişik – uşaqlığımızı, gəncliyimizi, xatirələrimizi, səfalı yerlərimizi, ağız dadımızı belə…

Mahiyyət etibarı ilə həmişə “kəndçi olmuşam”

– Mənim tək uşaqlıq xatirələrim yox, uşaqlıq şəkillərim, ailə albomlarımız, qiymətli nəyimiz vardısa, hamısı kənddə qaldı. Fotolar məhv olsa da, kəndin heç bir küçəsinin, cığırının, həyətimizin, evimizin şəkilləri yaddaşımdan silinməyib. Kəndlə bağlı heç bir xatirəni unutmamışam.

Orta məktəbi Bakıda oxusam da, hər tətildə kəndə gedirdim. Kənd heç vaxt yad olmayıb mənə. Bakıda böyümüş, orta və ali təhsil almış olsam da, mahiyyət etibarı ilə həmişə kəndçi olmuşam. Kəndin bütün dəyərlərinə, adət-ənənələrinə sadiq idim. Çayxanaya da yığışardıq, domino da oynayardıq. Kəndin meydançasında uşaqlarla voleybol, çilingağac da oynayardıq.

Çox böyük bağımız vardı. Orda bitməyən meyvə yox idi. Şabalıddan başqa hər ağac bitirdi. Darvazadan içəri girəndə sağda cır alça əkmişdik. Qəşəng peyvənd, qırmızı, göyçə alçalarımız da vardı. Amma nədənsə uşaqlar o turş alçanı yeyirdi. Ən birinci çiçəkləyən alça da o olurdu. Qapımıza qədər sırayla çinar ağacları bitirdi. O qədər sıx idi ki, arasından keçmək olmurdu. Öz bağımızda hər cür meyvə olsa da, qonşunun bağına oğurluğa girərdik. Qonşu da bilirdi, amma heç nə demirdi. Nəyə görəsə o alma öz bağımızdakı almadan daha şirin olurdu.

Kəndin bir başından Quruçay və o biri başından Köndələn çay axırdı. Günümüz o çaylarda çimməklə keçirdi. Quruçayda su o qədər duru, şəffaf idi ki, farellərin necə üzdüyünü görürdük. İndi Bakıda balıq çox qiymətli ərzaq sayılır. Amma bizim üçün balıq tutmaq adi bir məşğuliyyət idi. Çayın yuxarısından suyla balığı qovurduq, aşağıda bir uşaq xaralla suyu kəsirdi. Bir xaral balıq tuturduq. Hər şey o qədər bol, zəngin, bərəkətli idi ki…

Evdə böyük kitabxanamız vardı. Biz o kitablarla böyümüşdük. Qərb, rus, Azərbaycan ədəbiyyatını orda oxuyub öyrənmiş, sevmişdik. Yay tətilində günümüz ancaq kitab oxumaqla keçirdi, gecələr də ən maraqlı məşğuliyyətimiz mütaliə etmək olardı. O kitabların hamısı yox olub indi.

O musiqi mənə kəndimizin toyunu xatırladır

– Kənddə Novruz bayramı fərqli keçirilirdi. İlaxır çərşənbə isə daha təntənəli qeyd edilir, bütün bayram rituallarına əməl olunurdu. O gün hamı bir-birinə bayram payı göndərirdi. Bakıda bayram günü də tonqal qalanır. Amma bizdə yalnız çərşənbələrdə tonqal yandırılırdı. Özü də Qarabağda həmişə martın 21-i Novruz axşamı, 22-si bayram günü idi.

Hər mərasim yaddaqalan keçirdi. Hətta məhərrəmlik də. Kəndin ortasında XX əsrin əvvəlində tikilmiş məscid vardı. Sovet qılıncının dalının da, qabağının da kəsən vaxtı Məhərrəmlik ayında Qasım otağı bəzədilir, Kərbəla şəhidləri yad olunur, mərsiyələr deyilirdi. Yezid olurdu, Şümürü at belindən salırdılar. Biz uşaq idik, kənardan baxırdıq ki, görəsən camaat niyə ağlayır. Gecə isə kənd ağsaqqallarından birinin evində ehsan məclisi düzənlənərdi.

Kəndin öz toy adəti vardı. O vaxt toy 2-3 gün olurdu. Hələ 70-ci illərdə toy başlamazdan öncə musiqiçilər gələndə ilk olaraq qara zurna ifaçısı kəndin ən hündür yerinə çıxıb çalardı. Hamı da bilərdi ki, toy başladı. Heç kimin evinə dəvətnamə getməzdi. Çapar at belində qapı-qapı gəzib deyərdi ki, filankəs sizi toya dəvət edir. O toyun səsini buranın ən cah-cəlallı restoranları da əvəz etmir.

Mən musiqini çox sevirəm, bütün janrları dinləyirəm. Musiqi insanın əhvali-ruhiyyəsi ilə bağlıdı. Hərdən o qədər də peşəkar ifa olunmayan gitara musiqisinə qulaq asıram. Dostlarım bunu görəndə musiqi zövqümü bildikləri üçün təəccüblənirlər. Deyirəm, bu musiqi mənə kəndimizin toyunu xatırladır…

O adətlərin hamısı bitdi. Bəlkə indiyə qədər orda yaşasaydıq, yenə də bitərdi. Amma 1993-cü ilə qədər bizim yadımızda qalan adətlər bunlardı. Biz torpaqlarımızı bərpa edəcəyik, hər şey əvvəlkindən də gözəl olacaq, amma kəndin o ansamblı olmayacaq artıq, bitdi. O, bizim xəyalımızda bir ömür yaşayacaq. O vaxtlar insanların məişəti daha kasıb, imkanları daha az idi, amma hər şey o qədər gözəl, məsum, dəyərli idi ki…

Anamın evdən götürdüyü ən son əşya “dolma ilə dolu qazan oldu”

– Evimizin üstündən də çay axırdı, altından da. Evin altından axan çayın üstündəki körpünü keçən kimi bizim həyətin darvazası görünürdü. O çayların səsi, şırıltısı da bir başqa musiqi, ahəng idi. Evin üst tərəfində qayalıq vardı. Ordan Kirs, Ərgünəş dağları, bütün kəndimiz görünürdü. Axşamlar çıxıb otururduq ordakı təpənin üstündə. Rayonun işğal ərəfəsi idi. Həmin təpəyə qalxıb kəndi seyr edirdik. Birdən anam kəndə diqqətlə baxıb qayıtdı ki, bəlkə bu yerlərə bir də gəlmədik…

Onda bu deyimin gerçək olacağını heç ağlımıza da gətirməzdik. Bu barədə heç düşünmürdük də. Füzuli işğal olunanda 24 yaşım vardı. Avqustun 15-dən ordaydım. Kənddən ən son çıxan adam olmuşam. Hətta rayonun işğalı rəsmən elan ediləndən sonra da erməni qoşunları yolu hələ tutmamışdılar deyə, rayonda idim. Ata-anamı da kənddən Bakıya mən yola saldım. Qaçaraq evə gəlib dedim, tez hazırlaşın, gedirsiz. Anam dedi qoy onu götürüm, bunu götürüm. Dedim yox, heç nə götürmə, onsuz da bir-iki günə qayıdacağıq. Çıxdıq evdən, qapını da açarla bağlamadıq. O vaxt kənddə heç bir qonşu qapısını qıfıllamazdı, heç arada daş hasar da hörülmürdü. Gördüm anamın bir gözü qapıda qalıb. Maşın həyətdən hardasa 20 metr uzaqlaşmışdı. Anam maşının pəncərəsindən geriyə, evə boylandı. Soruşdum, ana, nə götürmək istəyirsən? Dedi, bala, qazın üstündə yeməyim qalıb. Atam dilləndi ki, otur gedək, yemək vaxtıdı? Həqiqətən də kəndi çox güclü bombalayırdılar. Anama baxdım, çox pis oldum. Dedim yaxşı, düş, gedək götür. Evə girdik. Mətbəxdə gördüm ki, qazın üstündə qazan var, içində də dolma… Anamın öz evindən götürdüyü ən son əşya dolma ilə dolu o qazan oldu…

Mən inanmırdım işğal bu qədər uzun çəkər. Heç yuxuma da girməzdi… Fərqinə varsaydım, bəlkə də elə o anda ölərdim. Tək mən yox, heç kim inanmırdı. Fikirləşirdik ki, ara sakitləşəcək, bir neçə gün sonra evə qayıdacağıq. Bir az hərbi taktika, bir az siyasi rəhbərlik, ölkədəki vəziyyət, hadisələr… Mən keçmişə qayıtmaq fikrində deyiləm. Bu günün gözəl notlarını keçmişin köhnə notları ilə zədələmək istəmirəm. 27 ildə biz çox şeylər itirmişik, əzizlərimizin çoxu köçüb həyatdan. O qədər nisgil, həsrət çəkmişik. Kəndimizi, evimizi yuxularda görmüşük…

Hər dəfə havalar soyumağa başlayanda nədənsə mənə elə gəlirdi ağaclarımız üşüyür. Sən demə, ağaclarımız da yox imiş, məhv olubmuş, ermənilər hər tərəfi xaraba qoyublarmış. Amma elə bilirdim bütün Qarabağdakı, qapımızıdakı ağaclar insandan daha çox üşüyür. Mənə elə gəlirdi, o ağaclar ona görə qurumurdu ki, bizim isti nəfəsimiz vardı, onları doğma insanların nəfəsi şaxtadan qoruyurdu. İşğaldan azad olunan ərazilərdəki vəziyyəti görəndə bir daha əmin oldum ki, o ağacları da, coğrafiyanı da, gözəlliyi də saxlayan həqiqətən bizim nəfəsimiz imiş.

Yad nəfəsə dözmədi Qarabağın təbiəti də. Orda bizim isti, doğma nəfəsimiz olmadığı üçün hər şey qurudu, xarabalığa çevrildi. Əksər kəndlərin relyefi də dəyişib. İndi insanlar o torpağın hər yerində, hər qarışında bir xatirə axtarır. Yadıma “Dədə Qorqud” filmində Qazan xanın yurdu dağılandan sonra başını atının başına qoyub ağlamağı düşür. Ermənilər bizim də yurdumuzu yağmalayıblar, özü də çox amansız. Torpaqlarımızın işğaldan azad olunmasına nə qədər sevinsək də, yurdumuzun dağıdılmasına da içimizdə ağlayırıq. Amma şükür qələbəmizə. Hər şey zamanla öz yerini alacaq və daha da gözəl olacaq.

Bu gün Azərbaycanda hamı qarabağlıdı.

– Həmişə sual verirlər ki, niyə Qarabağı görməyən gənclər onu bu qədər sevirlər, bu qədər bağlanıblar? Sadə səbəbi var. Analar bətnində gəzdirdiyi körpəni üzünü görmədən sevir, bağlanır, duyurlar. Qarabağ bizim bətnimizdə gəzdirdiyimiz körpəmizdi. Əslində indi Qarabağ yenidən doğulur. Bir başqa şəkildə, bir başqa ruhda… Onu Qarabağın üzünü görməyən insanlar 27 illik həsrətdən sonra doğurlar…

Qarabağ dünənə qədər yalnız qarabağlılar üçün var idisə, bu gün bütün azərbaycanlılar üçün var. Dünən mənim yurdum idi, bu gün bütün azərbaycanlıların yurdu, şərəf yeridir. Ona görə də bu gün qarabağlı kimi Qarabağdan danışmaq çox çətindir. Hətta Qarabağı görməyənlər belə, onun haqqında daha sevgilə, coşğu ilə danışa bilirlər. Çünki Qarabağ bizi bütövləşdirdi, millətləşdirdi, qürurun və mənliyin nə olduğunu, harda vuruşub harda bütövləşmək lazım olduğunu bir coğrafiya kimi yox, simvol kimi yaşatdı.

Bu gün Azərbaycanda qarabağlı olmayan insan yoxdu. Fərqi yoxdur orda kim doğulub kim doğulmayıb. Bu gün Azərbaycanın hər bir fərdi dinindən, dilindən asılı olmayaraq qarabağlıdır. Bu gün təkcə etnik kökən etibarı ilə eyni olanları yox, rus, talış, ləzgi, yəhudi, inqiloy, avar, tat, saxur – hamı qarabağlıdır. Onlar nə qədər qarabağlıdırsa, mən də o qədər qarabağlıyam. Onlar nə qədər füzulilidirsə, mən də o qədər füzuliliyəm. Artıq ora hamımızındır, mənim kəndimdir demək mümkün deyil. Bəlkə orda döyüşən talışın, ləzginin bu gün məndən daha çox qarabağlıyam deməyə haqqı var.

Mən də birinci Qarabağ müharibəsində döyüşmüşəm. Amma biz savaşı uduzduq, Qarabağı itirdik, qoruya bilmədik. Ona görə də bu gün orda qanını axıdan leriklinin, balakənlinin Merdinliyəm, Şuşalıyam deməyə daha çox haqqı var. O haqqı onlara savaşları verib, biz də onu məmnuniyyətlə qəbul edirik. Sevinirəm ki, biz bütövləşdik. Millətimizi bütövləşdirən o dəyərlər Azərbaycanda illər uzunu yığılıb bu dönəmə gəlib çatdı. Şəhabəddin Sührəverdinin belə bir sözü var – zəfər səbrə aşiqdir. Görünür zəfər qazanmağımız üçün bu qədər səbir etmək lazım imiş. Bəlkə zaman bir az çox oldu. Bu dönəmdə hamıya qarşı üsyan etdik, tənqid etdik, asi düşdük, amma şükürlər olsun qalibik.

Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırıq

– Bu gün Azərbaycanda hər kəs bir amal uğrunda Ali Baş Komandanın ətrafında birləşib. Belə bir dönəmdə siyasi baxışlar bir kənara qoyulub. 27 sentyabrdan bu yana ölkədə müxalifət deyə bir şey yoxdu. Və olmayacaq da! Bunu təbii qəbul etmək lazımdır. Əsgərin nə həddi müxalif olsun? Əsgər də müxalif olarmı? Əsgər əmrə tabe olar!

Ölkədə Vətən müharibəsi gedir. Ali Baş Komandan var. Mən ilk gündən dedim ki, əsgərəm, əmrləri sözsüz yerinə yetirirəm. Mən hələ çox-çox əvvəl çıxışlarımın birində belə bir söz işlətmişdim ki, Qarabağın taleyindən o qədər də narahat deyiləm. Çünki Prezident İlham Əliyev məcburiyyət qarşısında qalsa belə, Qarabağı heç vaxt verməz, güzəştə getməz, insan kimi bunu etməz heç vaxt! İnsanın bir xarakteri var. İlham Əliyev o insanlardan deyil ki, millətinə, dövlətinə məxsus nəyisə başqasına verməyi özünə, şəxsiyyətinə sığışdırmaz!

Bu Vətən müharibəsində ən böyük yük Ali Baş Komandanın çiyninə düşür! Hamımızın məsuliyyətini o daşıyır! Diplomatik missiyanın da, beynəlxalq aləmin də, şəhid olan əsgərin də, şəhid anasının da, ölkənin birliyinin qorunmasının, münasibətlər sisteminin normal olmasının, təchizatın, pandemiyanın da – hər bir şeyin! Dünya da, düşmənlərimiz də arzulayırdı ki, müharibə başlayandan bir neçə gün sonra müxalifət etirazlara başlasın, narazılıq olsun, milli birlik pozulsun. Amma yanıldılar.

Ali Baş Komandan harda əmr etsə, əsgər kimi orda durmağa hazır olacağıq. Susmaq lazım olsa, susacağıq. Tovuz hadisələri olanda mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdim, orduya yazıldım. Ordan çıxanda bəyanat verdim ki, cənab Ali Baş Komandan, mən bu gündən əsgərəm. Bəzi siyasi dairələr, müxalifətin xeyli hissəsi bu sözümü bir az dartışdılar ki, İlham Əliyevin əsgəri olan partiya rəhbəri ilə nəyisə müzakirə etmərik. Dedim Vətən müharibəsi gedəcəksə, mən əsgərdən başqa heç nə olmayacam! Kimin necə qəbul etməyindən asılı olmayaraq!

27 sentyabrdan sonra yenə bəyanat verdim və gördüm digərləri də eyni mövqe ilə yanaşırlar. Sevindim ki, qəbul edənlər çox oldu. Müxalifət, cəmiyyət bu çətin sınaqdan üzüağ çıxdı. Bir yerdə bir zərrə büdrəməyimiz, axsamağımız cəbhədəki halımıza təsir edərdi. Şükürlər olsun büdrəmədik. Bu gün də, sabah da, nə qədər ki Vətən müharibəsi gedir, qalibiyyət əldə olunana qədər əsgər olmağa davam edəcəyik. Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olacağıq.

Qarabağ təkcə torpaq deyil, bizi birləşdirən dəyərdir

– Millətimizi bütövləşdirən, insanlarımızı şəxsiyyət kimi formalaşdıran bu problem nə qədər ağrılı olsa da, ən sonda Azərbaycan üçün faydalı oldu. Sıradan bir şey yaşamadıq. Qarabağın işğalı bizi diz üstə çökdürmüşdü, indi qalibiyyətlə yavaş-yavaş dikəlirik, qamətimizi düzəldib ayağa qalxırıq. Şuşa, Laçın, Kəlbəcər azad olunandan sonra daha böyük, uğurlu bir xalq olacağıq. Bu qələbə gələcək inkişafımıza, münasibətlər sisteminə də stimul verəcək. 30 ilin məğlubiyyəti insanlarda natamamlıq kompleksi yaratmışdı. Biz natamam idik, evimizdən tutmuş küçədəki danışıqlarımız da o qədər kobud, nifrət dolu, aqressiv idi. İçimizdəki o aqressiyanı yaradan məhz məğlubiyyət, əziklik idi. Qarabağsızlıq, itirilmiş torpaqlar bizi bitkin olmağa imkan vermirdi. Biz onu aradan qaldırandan sonra dolu, qürurlu insan olacağıq. Ayağımız yerə təmkinli dəyəcək, baxışlarımız, danışığımız dəyişəcək. Qarabağ, qələbə bizim hər şeyimizi dəyişəcək.

Hesab edirəm ki, hazırda Azərbaycanda ayrı bir tarix yazılır. Bu, təkcə torpaqlarımızı geri almaq tarixi deyil! 30 ildir bu xalqın ədəbiyyatına, kinosuna, mədəniyyətinə, incəsənətinə baxın. Hamı deyirdi niyə bizim əvvəlki musiqimiz, kinomuz yoxdu. Tək səbəbi məğlubiyyət idi. Məğubiyyətin kinosu, musiqisi olmur. Bütün xalqların tarixində onun ədəbiyyatını, musiqisini, incəsənətini formalaşdıran qalibiyyətdir. Baxın, bundan sonra ədəbiyyatımız, musiqimiz necə olacaq. Qəhrəmanlıq, məhəbbət dastanları, şeirlər, romanlar yazılacaq. Nə qədər material var bunun üçün.

Tərtərdə şəhid nişanlısı dəfn ediləndən sonra gənc qız intihar edir… Gəncədə qadınlar paltarda yatır ki, birdən gecə hücum olar, insan qarşısına ləyaqətli çıxaq. Bərdədə dörd oğlu cəbhədə olan atanın həyətinə qrad düşür, yoldaşına deyir həyəti təmiz saxla, qonaqlarımız gələr… Ucarlı oğlan gözünü itirəndən sonra sevdiyi qızın atası xəbər göndərir ki, qızımı sənə verdim…

Millətin torpaqdan başqa qazancı budur – bütövləşmək. İncəsənət, ədəbiyyat bunun üzərində formalaşır. Bu, Azərbaycan tarixinin tamamilə yeni bir səhifəsidir. Bu gün yazılan tarixi Ali Baş Komandan və əsgərlərimiz başda olmaqla, bütün Azərbaycan xalqı birlikdə yazır. 1988-ci ildən bəri ölkədə baş verən bütün prosesləri yaxından izləyirəm. O vaxtdan indiyə qədər xalqımız heç bir zaman bu qədər birlik nümayiş etdirməyib. Heç bir zaman şəhidliyə anaların münasibəti belə olmayıb! Qarabağ bizi belə bir xalq elədi. Qarabağ təkcə torpaq deyil, bizi birləşdirən dəyərdir.

Atam burda əmanətdi, onu öz torpağımıza aparacağıq

– Ən böyük arzum Şuşayla bağlıdı. Mənə elə gəlir, Bakı dövlətçiliyimizin rəmzidirsə, Şuşa Azərbaycançılığımızın rəmzidir. Hərdən düşünürəm ki, Şuşada Azərbaycan bayrağı dalğalananda, diz üstə çöküb o bayrağa baxanda sevincdən ürəyim partlaya bilər. Amma o ölümü də çox tez arzulayıram…

Sonuncu dəfə 1989-cu il iyunun 12-də Şuşada olmuşam. Səhər-səhər Şuşanın girəcəyində Xanoğlanın yeməkxanasında xəngəl yeməyə getmişdik. Şuşa işğal olunanda mən Tərtər istiqamətində döyüşdə idim. Onda getmək şansım oldu, amma gedə bilmədik. Bizim hamımızı hazırlıqlı vəziyyətdə Bərdə stadionuna gətirdilər. Dedilər, burdan vertolyotla Şuşaya gedəcəksiniz. 12 saat orda gözlədik. Lakin sonra əmr gəldi ki, Ağdam istiqamətinə gedəcəksiniz. Mayın 10-a keçən gecə Abdal-Gülablı istiqamətində hücuma keçdik. Təəssüf ki, onlar da yarımçıq qaldı…

Amma artıq o ağrılar geridə qalıb. İndi zəfər xəbərlərinə sevinirik. Füzulinin işğaldan azad olunmasını ailəmizdə hamı çox böyük sevinclə, həyəcanla qarşıladı. İndi də böyük intizarla Şuşanın, Laçının, Kəlbəcərin azadlığa qovuşacağı zamanı gözləyirik.

Təəssüf ki, atam bu günü görmədi. Kəndinin işğalda olması onu çox incidirdi. Yaşından çox tez qocalmışdı. Daim həyəcan keçirirdi. 2002-ci il fevralın 26-da televizorda Xocalı hadisələrini izləyəndən sonra çox pis oldu. 28-i səhər qəfil ürəyi dayandı. Heç xəstəliyi də yox idi… Amma atam burda əmanətdi, onu öz torpağımıza geri qaytaracağıq. Kəndimizdə bərpa işləri başlayan kimi qardaş-bacılarının yanına aparacağıq…

Anam da kəndə qayıdacağı günü səbirsizliklə, böyük həsrətlə gözləyir. Hər gün ağlayır, gözünün yaşını saxlaya bilmir. Həmişə deyirdi torpağımı kim mənə qaytarsa, bu yaşımda əllərindən öpməyə hazıram. O kəndə qayıtmaq təkcə torpaq, yurd həsrətinə son qoymaq deyil, bəlkə candan çıxan ruhun ordakı təslimiyyətidir. Ruh bəlkə orda dincələ bilir deyə, ora can atır insan. İnsan can verəndə ən doğma adamının gəlməyini gözləyir. Ona baxıb canını tapşırır. Əslində, Qarabağ həm də bizim canımızı təslim edə biləcəyimiz doğmamızdır.

“Bax, bu ağacı atam əkmişdi…”

– Hər gün kompüterdə kənddəki evimizin görüntülərinə baxırdıq. Yalnız ağaclar görünürdü. Bizim kənd yoxdur, demək olar ki, tamamilə dağıdıblar. Merdinli ən şiddətli döyüşlərin getdiyi kənd olub. Orda ermənilərin böyük istehkamları vardı. İkinci eşalon olub ora. İndi orda çəkilən videolara baxırıq. Ağaclar belə yoxdu, yalnız kol-kos basıb. Hamı deyir, biz əvvəl elə bilirdik Quruçayın üstündəki körpünü keçəndən sonra kəndə gözüyumulu gedəcəyik. Amma indi kənd o qədər dəyişdirilib ki, tanımaq olmur, qazıb töküblər, evləri yerləyeksan ediblər. Dağılmış yurda baxmaq bilirsiz necə ağırdı? Çalışırıq belə şeyləri anamın yanında çox danışmayaq. Anamın gözü həmişə yol çəkirdi, uzaqlara baxıb deyirdi görəsən o evə bir də gedəcəmmi? İndi azad olunan hər kəndin adını eşidəndə göz yaşı tökür. Deyirəm, ay ana, heç olmasa özünü qoru ki, kəndə gedib çata biləsən.

Ancaq bilmirəm əli ilə qurduğu, dağıdılmış yurduna baxmaq ona necə təsir edəcək. Həyətimizdə o qədər gözəl güllər vardı. Hər növdə, hər rəngdə… Hamısını anam öz əllərilə əkmişdi. Elə bir gül yox idi ki, bizim həyətdə olmasın. Kimin həyətində nə gül görürdüsə, əkirdi. Pəncərələrimizin ağzı gülüstanlıq idi. O düzən tamamilə pozulub. Kəndin yolları, bütün cığırları itib, yox olub. Anamın ömrünün 60 ili o cığırlarda keçib. Hər cığırında bir xatirəsi var. O itmiş cığırlarda xatirələrini tapa biləcəkmi? Ona görə bilmirəm anam üçün nə qədər çətin, ağrılı olacaq dağılmış yurda getmək…

Elə mən özüm də kəndə gedəndə nə edəcəyimi bilmirəm, inanın. Necə reaksiya verəcəyimdən, nə görəcəyimdən, görüb də nə edəcəyimdən narahatam. O hissi təsəvvür etmək, belə olacaq deyə ssenariləşdirmək, danışmaq çətindir. Bircə onu bilirəm ki, ailəmizin böyük əksəriyyəti kəndə yenidən qayıdacaq, ata ocağını bərpa edəcək, o yurd yenidən çiçəklənməyi haqq edir. Arzu etmişəm ki, evimizin işğaldan öncə quruluşu necə idisə, o cür də tikək, olduğu kimi – 3 yataq otağı, bir zal, bir gündəlik yemək otağı, mətbəx. Həyətdə su quyusu, pəncərələrimizin qarşısında çiçəklər… Bəlkə bu, bizi ovundurar…

Ağacların hamısını atam özü əkmişdi. Hamısı gözümün qarısında olub, bu gün də xatirimdədi. Hansı ağac harda yerləşirdi dəqiqliklə, əzbər bilirəm. Ən böyük arzularımdan, xəyallarımdan biri odur ki, atamın əlilə əkdiyi ağaclardan heç olmasa bircəciyi salamat qalsın. Atamın bağımızda əkdiyi son ağac Göyçayın Bığır kəndindən gətirdiyi nar ağacı idi. İlk barını da vermişdi. Güman edirəm ki, nar dözümlü olduğu üçün bəlkə indiyə qalar. Heç olmasa o ağac atamın o torpaqdakı son yadigarı olar. Mən də atamın xatirəsi kimi ona baxıb deyərəm ki, bax, bu ağacı atam əkmişdi…

Tezliklə o yurd yenidən salınacaq. Ata ocağı əvvəlki formada tikiləcək. Ağacların hamısı bir-bir yenidən əvvəlki yerində əkiləcək. O böyük, gözəl bağ bir də salınacaq… Ana evinin, pəncərələrinin önünü əvvəlki kimi çiçəklərlə bəzəyəcək, gülüstanlığa çevirəcək. Həyətdə yenə hər növdə, hər rəngdə çiçək bitəcək. Amma birindən başqa – ayrılıq rəmzi sayılan sarı rəngli qızılgül…

Və o günlər o evdə ocağın üstündə yenə dolma bişəcək. Bu zamana qədər yedikləri ən dadlı dolma… Özü də 27 il evdən qalan yeganə yadigar əşya kimi qoruyub saxladıqları o qazanda…

Xəyalə MURADLI

Azərbaycan

Şərh yaz