Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olub. Ləman Ələşrəfqızının aparıcılıq etdiyi verilişdə gündəmlə bağlı bir sıra məsələlər müzakirə edilib.
İ.Ağazadə ordu ilə bağlı suallara cavab olaraq bildirib ki, hər bir ordu dövlətin, cəmiyyətin və vətəndaşların müdafiə yarağıdır: “Dünyanın bütün dövlətləri öncə ordu ilə sərhədlərini qoruyublar. Sonralar dünya o orduların güclərini görərək, edə biləcəklərini təsəvvür edib həmin dövlətlərin sərhədlərindən əllərini, gözlərini çəkiblər. Təəssüf edirəm ki, Azərbaycan ordusunun başında duranların əksəriyyəti Azərbaycan dilində hərbi komanda verə bilmirlər, özlərini, vəzifələrini ana dilimizdə təqdim etməkdə çətinlik çəkirlər.
Hansısa azərbaycanlı gedib rus ordusunda ikicə il xidmət etməklə rus dilini öyrənirdi. Bu adamlar 30 ildir Azərbaycan ordusunda xidmət edirlər, hələ də dilimizi öyrənməyiblər. Azərbaycan dilini öyrənmək üçün öncə Azərbaycanı sevməlisən. Ancaq bu adamlar ordumuza rəhbərlik edərək? Azərbaycana nifrət bəsləyirlər”.
Partiya sədri daha sonra keçmiş müdafiə nazirlərinin Rusiyada yaşaması, gənclərimizin Rusiyanın hərbi məktəblərində təhsil almağı, ölkə səhiyyəsinin hazırki bərbad vəziyyəti, hökümətin pandemiya dövründə verdiyi qərarların yanlışlığı və bu kimi bir sıra məsələlərə münasibət bildirib.
Ümid Partiyasının Mətbuat Xidməti
umidparty.org sözügedən verilişi tam formatda izləyicilərə təqdim edir: