Ümid Partiyasının sədri İqbal Ağazadə Türkiyənin cənub-şərqində baş verən şiddətli zəlzələ ilə bağlı Türkiyə dövlətinə və xalqına başsağlığı verib:
“Türkiyəmizin cənub-şərqində baş verən zəlzələ bizi dərindən sarsıtdı. Zəlzələdə həlak olanların yaxınlarına, doğmalarına və Türkiyə xalqına Ümid Partiyası və şəxsim adından dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik. Dağıntılar altında qalanların sağ-salamat çıxarılmasını arzu edirik. Bu ağır zəlzələdə dualarımız can Türkiyəmizin yanındadır.”
Qeyd edək ki, 6 fevral Bakı vaxtı ilə 05:26 radələrində Türkiyədə zəlzələ baş verib.
Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə – Adana, Antalya, Qaziantep, Kayseri, Malatya, Hatay, Şanlıurfa, Mersin, Kahramanmaraş, Trabzon və ətraf şəhərlərdə özünü göstərib. Xeyli sayda dağıntı altında qalanlar, ölənlər və yaralananlar var.
Yeraltı təkanlar İraq, Suriya və Livanın bəzi bölgələrində də hiss olunub.