14 sentyabr tarixində “Könül körpüsü” adlı layihə çərçivəsində Qarabağ zəfərimizi Türk dünyasına ədəbi dillə çatdırmaq üçün Türkiyədən Azərbaycana səfər etmiş şairlər – layihənin Türkiyə üzrə başqanı Coşkun Karabulut, Azərbaycan üzrə başqanı Nazilə Gültac, şairlərdən Güldem Kervan, Mahmut Özkoca, Gülay Tol, İsmail Başpınar, Şafak Ahmet Deniz, Zehra Selcuk Üçgül, Müşerref Saatlı Bulmuş, Üzeyir Gülec, Hacı Bayram Arslantaş, Abdulla Turunc, Yusuf Ziya Yılmaz, Cəlal Bozkurt, Seval Beyazgül bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşdülər.
İqbal Ağazadə “Bizə iki dövlət, bir millət deyirlər, əslində biz elə bir dövlətik” deyərək, qonaqları salamlayıb.
Daha sonra Ümid Partiyasının sədri İqbal Ağazadə qonaqlara partiyanın siyasi kursu, məqsəd və vəzifələri, qardaş türk dövlətləri ilə bağlı siyasi baxışları haqda məlumat verdi, habelə, qonaqları maraqlandıran Ümid Partiyasının emblemində olan üç hilal və sarı rəngin mənasını izah etdi. Layihənin Türkiyə üzrə başqanı Coşkun Karabulut və Azərbaycan üzrə başqanı Nazilə Gültac da öz növbəsində partiya sədrini “Könül körpüsü” adlı layihə və Azərbaycana səfərin məqsədi ilə bağlı məlumatlandırdı. “Bu dünyada yol da çoxdur, yolçu da. Əsas o yolun istiqaməti və məqsədidir. Yolçunun isə kimliyi. İki il əvvəl Türkiyənin tanınmış şairi Coşkun Karabulut ilə “Könül körpüsü” adlı bir layihəyə start verdik. Məqsədimiz Türk dünyasının yazıçı və şairlərini bir-birinə tanıtmaq, arada könül bağı yaratmaq idi. Layihəmiz uğurlu oldu, səfərlər, görüşlər həyata keçirdik. Bu gün də bu xoşniyyətli layihəmizi Qarabağda qazandığımız tarixi zəfərə həsr etmişik. Qoy, zəfər tariximiz haqqında şeirlər, məqalələr, hekayələr yazılsın, gələcək nəsillərə çatdırılsın.”- deyə Nazilə Gültac bildirdi.
Sonra iki qardaş dövlət arasındakı münasibətlər, Azərbaycanın zəfər yazdığı 44 günlük müharibə, Vətən müharibəsində Türkiyənin dövlət və toplum olaraq, Azərbaycana mənəvi-psixoloji dəstəyi, türklərin kökləri və məskunlaşdıqları qədim coğrafiyalar bağlı maraqlı söhbət oldu.
İqbal Ağazadə qədim türk dövlətlərinin yerləşdiyi coğrafiyalar, Anadoluda, Azərbaycanda, Orta Asiyada , uzaq Sibirdə yaşayan qədim türk boyları və onların qan qohumluğu, türk dövlətləri arasında, xüsusilə Azərbaycan və Türkiyə arasında olan ictimai, siyasi, iqtisadi əlaqələrlə bağlı çıxış etdi:“Bizə iki dövlət, bir millət deyirlər. Əslində biz elə bir dövlətik. Türkiyədə iki kəndin ayrılıqda hərəsini öz muxtarı var. Bundan sonra çalışmalıyıq ki, türk dövlətləri arasında münasibətlər daha da yaxşılaşsın. Bəlkə bir zaman gələcək biz konfederasiya halında birləşəcəyik. Nədən də olmasın? Bu gün ortada Avropa Birliyi modeli var. Biz də türk dövlətləri olaraq belə bir birlik yarada bilərik.”- deyə İqbal Ağazadə qeyd etdi.
Tədbirin sonunda maraqlı görüş üçün tərəflər məmnunluq ifadə etdilər.
Qeyd edək ki, görüşdə Ümid Partiyası Ali Məclisin sədri Rəfail Tağızadə, partiya sədrinin müavinləri – Tamilla Qulami, İlahə Sadıqova, Elman Abbasov və humanitar məsələlər üzrə şöbənin müdiri Elşad Barat iştirak etdilər.