İQBAL AĞAZADƏ 9 Noyabr Bayraq Günü münasibətilə xalqı təbrik edib

Əziz, dəyərli, qürurlu soydaşlarım!
Bu gün də möhtəşəm gündür!
Bu gün üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran – külli-Qarabağda dalğalanır…
Əziz həmvətənlərim!
Dövlət Bayrağı Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ölkəmizin müstəqilliyinin, suverenliyinin əbədi olmasını, üçrəngli bayrağımızıın quzeyli, güneyli, Göyçəli, Zəngəzurlu, İrəvanlı, Dərbəndli – Bütöv Azərbaycanda dalğalanmasını arzulayıram.
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib.
Sovet İmperiyası Azərbaycanı işğal etdikdən sonra 70 il Azərbaycanın vətənpərvər oğulları bu üçrəngli bayrağı yenidən dalğalandırmaq üçün qanları, canları bahasına mücadilə aparıblar.
Müstəqilliyimizin, dövlət rəmzlərimizin bərpası bizə itkisiz başa gəlməyib. Bu yolda şəhidlər vermiş, canlardan keçmişdik. Şəhidlərimizin qanı bahasına bu gün müstəqil Azərbaycanımız üzərində Milli Bayrağımız yenidən dalğalanır.
Azərbaycanın Milli Bayrağı bu gün bütün soydaşlarımızın qürur mənbəyi, and yeridir.
Azərbaycan dövlətində yaşayan hər kəs, hər birimiz babalarımızın bizə miras qoyduğu bu dövləti, dövlət rəmzlərini qorumaqdan şərəf duyuruq!
Bir daha hər birinizi Milli Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm!
Sevgi və sayğılarla
Şərh yaz