İQBAL AĞAZADƏ mətbuat işçilərini təbrik etdi

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərə təbrik ünvanlayıb.
Təbriki izləyicilərə təqdim edirik:
Əsası böyük ziyalı Həsən Bəy Zərdabi tərəfindən qoyulan Azərbaycanın Milli Mətbuatının yaranmasından 149 il ötür.
Bu müddət ərzində Azərbaycan mətbuatı çətin bir tarix yaşayıb, ağır sınaqlardan keçib.
Birinci Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar.
Bütün dövrlərdə peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışan, ölkədə insan haqlarının qorunması və demokratikləşməsi, söz və mətbuat azadlığı uğrunda mübarizədə əvəzsiz rol oynayan, Azərbaycanın nüfuz və imicinin yüksəldilməsi üçün əllərindən gələni edən bütün jurnalistlərin günüdür bu gün.
Başqa sahələrdə olduğu kimi təəssüflər olsun ki, Azərbaycan mətbuatı da problemlərdən uzaq deyil. Bu gün ölkəmizdə müstəqil reklam bazarı yoxdur, bu səbəbdən azad və müstəqil mətbuat hələ də formalaşmayıb, hələ də müstəqil jurnalistlərin təqib olunması proseslərinə rast gəlinir. Bütün bunlarla yanaşı fəaliyyətlərinə məhdudiyyət qoyulan saytlar belə var.
Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməli, “Diffamasiya Haqqında” Qanun qəbul edilməli, azad reklam mühiti yaradılmalı, jurnalistlərin azad fəaliyyəti üçün heç bir məhdudiyyət olmamalıdır.
22 iyul – Milli Mətbuat Günü münasibəti ilə öz fəaliyyətlərini mətbuatımızın azad olması, ölkəmizin demokratikləşməsi, dövlətimizin, millətimizin mənafeyi, xalqın rifahı, insan haqlarının qorunması istiqamətində quran bütün Azərbaycan jurnalistlərini təbrik edir, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə onlara uğurlar arzulayır, peşə borclarını yerinə yetirərkən Şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyirəm!
Sayğılarla
Şərh yaz