Əziz həmvətənlərim, dəyərli soydaşlarım!
Bu gün BÖYÜK GÜNDÜR!
BU GÜN 8 NOYABRDIR!
8 NOYABR Azərbaycan təqvimindən 2 apreli, 8-18 mayı, 23 iyulu, 23-31 avqustu, 30 oktyabr kimi qara günləri silən bir bayramdır – ZƏFƏR BAYRAMI…
8 noyabr əvəzində bizə 4, 9, 14, 15, 17, 20, 24 oktyabr, 8, 20, 25 noyabr, 1 dekabr kimi milyonları sevindirən, Azərbaycan durduqca unudulmayacaq günləri bəxş edən BAYRAMDIR – ZƏFƏR BAYRAMI!
Bu bayramı qeyd etmək uğruna 3000 Azərbaycan övladı öz canından keçdi, onminlərlə Qazimiz düşünmədən sinəsini sipər etdi ki, 30 minə yaxın şəhidin intiqamı alınsın, yüzminlərlə məcburi köçkünün gözü yollardan yığılsın, onminlərlə qazinin yarasına məlhəm olunsun, sinəmizə çəkilən QARABAĞ yanğısına su çilənsin, Göyçəyə, Zəngəzura gedən yollarımız açılsın, Güney Azərbaycan sevinsin, Borçalı toxtasın, Dərbənd dinclik tapsın.
Bu müqəddəs Zəfər yolunda hər kəs “öldü var, döndü yoxdur” dedi.
Hamı savaşdı – hər yer döyüş meydanına çevrildi, kimsə geri durmadı, yorulmadı, bölünmədi, parçalanmadı. Birləşib, tarix yazdıq.
Azərbaycanın YENİ ZƏFƏR SƏHİFƏSİ açıldı.
Bu gün artıq qürurla deyirik ki, suverenlik hüququmuzun bərpa olunduğu Xankəndimiz, Ağdərəmiz, Xocavəndimiz, Əsgəranımız, Xocalımız da öz nəzarətimizdədir…
Bu gün biz yenə də 44 günlük savaşdakı birliyimiz kimi inam və istəklə hədəflərimizə doğru bölünmədən irəliləməliyik, ümumən cəmiyyətimizin sosial-siyasi-iqtisadi yolda rifah içində yaşaması təmin edilməlidir, Qarabağda yenidən həyat ritmi canlanmalıdır.
Şükürlər olsun ki, külli-Qarabağa, Azərbaycanımızın hər qarışına Cümhuriyyət mirasımız olan müqəddəs üçrəngli bayrağımızı sancdıq.
Bayramın mübarək, Zəfərin daim olsun, Azərbaycan!
Var olun, Əziz Qazilərimiz!
Ruhun qarşısında baş əyirik, hər biri Qarabağ boyda olan Şəhidim!
Sevgi, sayğı və fəxarət hissi ilə
Şərh yaz