Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşmək gərəkli olanda silahla səngərdə, söz demək gərəkli olanda sözlə döyüşmüşəm. İllərdir bir-birlərini “satqın” adlandıran, “torpağı satdın” deyən siyasilərdən kimsə Qarabağ uğrunda savaşda olmayıb. Hə, Qarabağ savaşı zamanı ali baş komandan kimi, general kimi, vəzifə səlahiyyətlisi kimi məsuliyyətlərini yerinə yetirə bilməyiblərsə, bu, başqa mövzudur, bu satqınlıq deyil, torpaqlarımızı Ermənistan işğal edib. Bunu kimsə dana bilməz. Dayandırın bu ittihamları!
umidpary.org xəbər verir ki, bu sözləri Oğuz TV kanalında Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə deyib. Təxminən 2 saat davam edən canlı verilişdə gündəmdə olan məsələlər müzakirə olunub.
Verilişdə Qarabağ münaqişəsi, 26 may tarixində Ramil Səfərovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərar və mövcud vəziyyətə cəmiyyətin münasibətindən danışılıb.
Qarabağ mövzusuna toxunan İ.Ağazadə bildirib ki, düşmənimiz özümüz deyilik, ermənidir: “Təəssüflər olsun ki, 31 ildir, cəmiyyət olaraq, öz içimizdə xain, satqın axtarırıq. Müxalifət iqtidarı, iqtidar da müxalifəti günahlandırır.
Mən buradan iqtidara da, müxalifətə də deyirəm, bizim torpaqları ermənilər işğal edib.
Sizin bir-birinizi günahlandırdığınız bu vəziyyətdə biz erməniyə qalib gələ bilmərik. Əgər AXC-Müsavat satqın idisə, niyə azadlıqdadırlar, həbs olunmayıblar? Və ya Heydər Əliyev komandası xain, satqın idisə, niyə hakimiyyəti onlara verdiniz? Məqsədiniz nə idi, məqsədiniz ölkənin başında düşmənlərin olması idi? Deməli, heç birinizin dediyi doğru deyil. Hə, bu başqa məsələ ki, bizim prezidentlər, ali baş komandanlar, generallar, nazirlər, əsgərlər vətəni qoruya bilmədilər. Hər bir prezident istəyərdi ki, torpaqları azad etsin, xalqın könlündə öz heykəlini ucaltsın. Amma bacarmadılar. Bu da onların səhvidir”.
Partiya sədri verilişin gedişatında izləyicilərin “vur, komandir, vur” demələrinə münasibətdə qeyd edib ki, bunu yazan, deyən adamlar adətən mitinq və ya müharibə olarsa, qaçıb gizlənir axı, meydanda çıxmaq vaxtı ortada olmurlar.
Partiya sədri sərt mövqedən çıxış edərək bildirib ki, hamınız özünüzü haqqın, ədalətin yanında olan adam hesab edirsiniz, amma qadın adı ilə girib məni və ya başqa partiya sədrini günahlandırırsız: “sizlər nə vaxt gəldiniz mənim yanıma, dediniz ki, biz on min, iyirmi min, otuz min adamıq, hakimiyyəti dəyişmək istəyirik, bizə yol göstər? Mən xoşunuza gəlmirəm, başqa bir partiya sədrinin yanına nə vaxt getdiniz? Heç vaxt! Saxta adla, qadın adları ilə girib sosial şəbəkədə özünü qəhrəman kimi aparmaqla mövqe olmur, əzizlərim. Mövqeyinizi real bildirin”.
İ. Ağazadə son günlər gündəmdə olan Ramil Səfərovla bağlı öz fikrini bir daha ifadə edib. Bildirib ki, mənim üçün Ramil bayrağını, millətini, dövlətini müdafiə edən qeyrətli bir vətən oğludur: “Ramil Səfərov o hadisəyə qədər Xocalı soyqırımını görmüşdü, on minlərlə şəhid görmüşdü, Qarabağla bağlı, işğalla bağlı kitablar oxumuş, filmlər izləmişdi. Bir tərəfdən öldürdüyü adamın hərbçi olması, yəni bilavasitə Qarabağda insanlarımızın ölümündə iştirak edənlərdən olması, digər tərəfdən onun bayrağını, dövlətini, millətini təhqir etməsi var idi. O şəraitdə kimin hansı addım atacağını biz bilə bilmərik. Bəlkə Ramilin yerində başqası olsaydı, çıxıb mətbuat konfransı keçirər, fikrini deyərdi. Yəni o anda səbr edərdi. Amma biz hamıdan eyni emosiyanı gözləyə bilmərik, həm də Ramil Səfərov işğalın dəhşətini yaşayanlardan idi”.
Ümid Partiyasının Mətbuat Xidməti
Verilişin tam hissəsi bu linkdə: