18 mart 2021-ci il Ümid Partiyasının sədr müavini Tamilla Qulami KİMTV-nin canlı efirində qonaq olub. Tamilla Qulami verilişə Çanaqqala zəfəri şəhidlərini anaraq başlayıb.
Aparıcı Abid Qafarovun ölkədə baş verənlərin fonunda “Gələcəyə ümid varmı” sualına Tamilla Qulami belə cavab verib. Partiya sədrinin müavini qeyd edib ki, mən ilk dəfə sizin efirdə ötən ilin 25 sentyabr günü qonaq idim. Həmin gün də ümummilli məsələmiz olan Qarabağla bağlı bütün sualların çözülməsi, torpaqlarımızın işğaldan azad edilməsi üçün hakimiyyətdən tələblər etdik. Və iki gün sonra gözlənilmədən ermənilərin bizə qarşı olan hücumuna cavab verərək, 44 günlük savaşa başladıq. Bir çox torpaqlarımız işğaldan azad oldu, sual altında olan, bizim nəzarətimizdə olmayan torpaqlarımız da mütləq Şuşa, Ağdam, Kəlbəcər və digər torpaqlarımız kimi öz nəzarətimizə keçəcək. Bu gün insanlar gərək ümidsiz olmasın. Heç uzağa getməyək, keçən ilin bu günü bayramlarda, seyranlarda diləyirdik ki, gələn ili Şuşada qeyd edək. Bu gün biz Şuşadan Xankəndinə çox yaxınıq və Şuşa kimi mütləq Xankəndidə də olacağıq. İnsanlar ümidsizdir, insanlar inamsızdır. Haqlıdırlar da. Çünki bunun fundamental səbəbləri çoxdur, bu səbəbləri də veriliş boyunca müzakirə edəcəyik. Qarşıdan Novruz bayramı gəlir, ilin yenilənməsi gəlir. Nə qədər sosial-siyasi-iqtisadi durumdan ağır olsaq da, bu millət hər zaman öz ənənələrinə sadiq qalıb, illərlə bayramlarını belə keçirə bilməyən, gizli qeyd edən xalq olmuşuq. Biz xalq olaraq, başqa dövlətin boyunduruğu altında yaşamışıq, illərlə ağrılı, acılı günlər görmüşük, əzilsək də, sındırılsaq da yenilməmişik. Bizim 20-ci əsrin əvvəllərində neçə-neçə aydınlarımız qətl edilib, sui-qəsdlərə uğrayıb, düşünən insanlarımız az qala nəsillikcə yer üzündən silinib, alimlərimiz Rusiyanın vilayətlərində izi-tozu bilinmədən öldürülüb. Biz çox ağır dönəmlərdən keçmişik xalq olaraq. Hələ də keçirik. Biz indi elə bir hakimiyyətin idarəetməsi altındayıq ki, dədə-babalarımız az qala bizə düşmən olan, bizi sevməyən, daim bizi əzən, qanımıza, canımıza rüşvəti hopduran sovetləri misal gətirir ki, onun zamanında yaxşı yaşayırdıq. Halbuki, 80 faiz Azərbaycan neftinin hesabına İkinci Dünya müharibəsində qazanan Sovetlər daha nə edəcəkdi ki, bu millətə? Aydınını, düşünən insanını demək olar ki, 99 faizi məhv etdi, genefondumuzu, genimizi, qanımızı dəyişməyə çalışdı az qala, satqınları, xainləri gətirib ölkəmizdə yuxarı vəzifələrə oturdu, Azərbaycan insanını kölə kimi yetişdirməyə başladı. Bu gün də biz o psixologiyanın əziyyətini çəkirik, o travmayla yaşayırıq. Hələ ayağa qalxmağa çalışırıq. Daim uduzdurulduq, haqsızlığa uğradıq. 44 günlük savaş zamanı Şəhidlərimizin qanı bahasına torpaqlarımıza döndük. Yenə də deyirəm, bu gün bizim Arazın o tayında həsrətlə gözünü bu torpağa, bayrağına, herblərinə dikib baxan, sızlayan, ağrayan soydaşlarımız var. O tayda dili üçün mübarizə aparanlarımız, milli kimliyini unutmayanlarımız mübarizə üçün dar ağacından asılır. Səttarxanlar, Xiyabanilər, Pişəvərilər mübarizəsi bu gün də davam edir.
Tamilla Qulami deyib ki, bizi bu gün iqtidarın yarıtmaz idarəetməsi, insanları sosial həyatı ilə sınaması torpaqlarımızdan vaz keçirə bilməz. Bu gün elə iqtidarın da istədiyi məhz budur, bizim başımız çörək pulu qazanmağa qarışsın, öz siyasi hüquqlarımızı sosial problemlərimizə qurban verək. İllərdir zatən bu xalqı parçalaya-parçalaya, bölə-bölə bu duruma gətirib çıxarıblar. Amma bütün bunlara baxmayaraq, dağılmış, torpaqları parçalanmış bu xalq gec-tez birləşəcək, torpaqlarını da birləşdirəcək. Geci-tezi var. Biz edə bilməsək, övladlarımız, gələcəyimiz mütləq edəcək, əsas odur ki, o qələbəyə, zəfərə, birliyə gedən yolun xəritəsini çəkək, cığırını açaq.
Aparıcı Abid Qafarovun ictimaiyyətdəki söyüş ritorikasının səbəbləri ilə bağlı sualına cavab olaraq, Tamilla Qulami deyib ki, bu gün Rusiya Azərbaycan daxilində 44 günlük müharibə ərəfəsində milli birlik nümayiş etdirən vətəndaşlar arasına qovğalar salır, siyasətdən anlamayan, siyasəti qavramayanları, bilməyənləri gətirib onminlərlə baxış sayı olan kanallarda danışdırır, insanları inandıqları yollardan çəkindirir, siyasətdən meydanından təcrid edir. Mövcud iqtidarın yürütdüyü siyasət insanların həyatında ciddi təsir göstərir, ona görə də içlərindəki kini, nifrəti, öfkəni onlafrın əvəzinə ifadə edən adamlara baxırlar.
Təəssüflər olsun ki, bu baxış onları maarifləndirmir, əksinə daha da həvəsdən salır, uzaqbaşı azarkeş kimi əl çalıb, kənarlaşırlar. Bu münbit şəraiti də məhz hakimiyyət yaradır. Bu gün kütlə ağıllı söz deyənlərə yox, qışqırıb pafoslu danışanlara baxmaq istəyir. Çünki ağıllı sözlər ac mədəni doyurmur, emosiya, öfkə isə müvəqqəti olsa da, hirslərini yatırdır.
Sözügedən verilişi izləyicilərə təqdim edirik: