İnsanlar hər zaman hansısa seçim qarşısında qalır. Bu seçimdə variantlar iki, bəzən də daha çox olur. Özümüzə geyim, telefon, qida və başqa əşyalar alarkən, peşə, ixtisas seçərkən, ailə həyatı qurarkən, seçim hüququndan istifadə edərkən və s. müxtəlif variantlarla rastlaşır, fərqli seçim etməli oluruq. İnsan yalnız həyatda iki şeydə seçim edə bilmir. O, doğulduğu coğrafi məkanı, yəni ölkəni və valideynlərini seçə bilmir. Qalan məsələlərdə hər zaman seçim qarşısında qalır. Bu seçim isə onun gələcək həyatının aynası olur. Önəmli olan isə seçim edərkən qarşındakı bəndlərdən doğru olanı seçmək və gələcək ümidlərə doğru uğurla addımlamaqdır.
Təbii ki, hər birimiz doğru seçim edə bilmərik. İnsan oğlu olaraq, hər birimizin doğruları da, yanlışları da, fikir ayrılıqları da olur. Yaşadığımız ölkənin qanunlarına uyğun olaraq, cəmiyyətdə seçim sərbəstdir. Gündəlik həyatımızda da, ölkəmizin gələcək taleyinin müəyyənləşməsində də.
Bir vətəndaş olaraq, hər birimizin seçmək, seçilmək, iqtidarı və ya hakimiyyətə iddialı müxalif siyasi partiyalardan birini dəstəkləmək hüququmuz var. Burda isə önəmli məqam bu hüququn verdiyi səlahiyyətdən də doğru şəkildə istifadə etməkdir. İllər boyu təcavüzə, qətliama, haqsızlığa, siyasi blokadaya məruz qalan ölkəmizin bundan sonrakı gələcək taleyini formalaşdırmaq bizim əlimizdədir. Vətəndaş olaraq, xalq olaraq, fərd olaraq, seçici olaraq, doğru yolda irəliləməyi bacarmalıyıq. Yalnış seçim edənlər, yalnış yolda olanlar, cəmiyyətə, dövlətə, dövlətçiliyə ziyan vuranlar isə ictimai qınaq obyekti olmalıdır.
İctimai qınaq cəmiyyətin doğru – düzgün formalaşmasında ciddi rol oynayır. Bax, seçim məqamı burdadır. Yaxşı düşünməliyik ki, azad və müstəqil bir ölkənin vətəndaşları olaraq talanan ölkəmizə, tapdalanan hüquqlarımıza, əlimizdən alınan azadlığımıza göz yumacağıq, yoxsa haqqı deyib xalqın yanında olanla birləşib, sivil mübarizə aparacağıq? Mən bir vətəndaş olaraq, haqqımın, hüququmun tapdanmasını, azadlığımın əlimdən alınmasını istəmirəm. Haqlı olaraq da buna etiraz edirəm. Məhz buna görədir ki, haqqa olan ümidimlə, haqqı deyən Ümidin və Ümid lideri İqbal Ağazadəni seçməklə işıqlı gələcəyin ümidli yoluna qədəm qoymuşam. Hər zaman haqqı deyərək, məzlumun, haqqı tapdalananın yanında olan İqbal Ağazadə, onun sədri olduğu Ümid Partiyası mənim ideal seçimimdir.
Demokratik cəmiyyətin formalaşması, xalqın rifah halının yüksəlməsi, təhsilin, səhiyyənin keyfiyyətinin yaxşılaşması, azad məhkəmə sisteminin formalaşması, qanunun aliliyinin təmin olunması, dövlət orqanlarının daha təkmil çalışması, dövlətin vətəndaşına sahib çıxması üçün hər zaman xüsusi təkliflərlə çıxış edən Ümid limderimizə inamım sonsuzdur.
Hansısa lideri, partiya rəhbərini ideal namizəd edən təkcə onun hazırladığı konsepsiyalar, dövlət əhəmiyyətli təklifləri deyil, həm də onun insani keyfiyyətləridir – vətəndaşını, soydaşını, xalqını, millətini dövlətini sevməsidir. Məhdud imkanlarla hər kritik zamanda onların yanında olmasıdır. Bu insani keyfiyyətlərin hər birinin İqbal Ağazadədə olduğundan əminəm. Buna əmin olduğum üçün də yolum Ümid yolu, liderim İqbal Ağazadədir. Belə bir lideri olan partiyanın üzvü olduğum üçün xoşbəxtəm və seçimimdə doğru olduğuma əminəm. Azərbaycanın işıqlı gələcəyini bu partiyada, onun liderində görürəm.
Bu səbəbdən tapdalanan haqqımıza, hüququmuza, məhdudlaşdırılan azadlığımıza seçki sandıqlarında sahib çıxmalıyıq. İqtidara ümid etməməliyik, Ümidi iqtidar etməliyik. Mənim fikrimcə işıqlı gələcəyin Ümidli yolu bizi hər zaman İqbal Ağazadəyə aparır: “Doğacaqdır günəş İqbalımıza”
Hörmətlə, Ümidli gənc Murad Rəhim