İTİRİLMİŞ AZƏRBAYCAN TORPAQLARI

Tarixin müxtəlif dönəmində dövlətlər və xalqlar arasında ərazi uğrunda amansız döyüşlər gedib, dövlətlər süqut edib, torpaqlar itirilib. Yola saldığımız XX əsrdə iki böyük cahan müharibəsi baş verib, az qala əlli milyon insan bu savaşların qurbanına çevrilib. 1939-1945-ci illərin müharibəsindən sonra bəşəriyyət iri müharibələrin şahidi olmasa da lokal konfliktlər və milli münaqişələr səngiməyib.

Birləşmiş Millətlər Təşkilatının yaranmasından sonra dövlətlərarası münasibətlər müəyyən qaydada tənzimlənməyə başlanmış, ərazi bütövlüyü, dövlətlərin müstəqilliyi məsələsi qismən də olsa həll olunmuş kimi görünür.

SSRİ-nin mövcud olduğu illərdə sistemlərin mübarizəsi də müharibəyə təkan verən amillərdən olub. İqtisadi və siyasi sistemlərin müxtəlifliyi və onlar arasındakı ziddiyyətlər bəzi xalqların taleyində çox acınacaqlı rol oynayıb. Belə ki, ideologiyaların hakimliyi uğrunda aparılan savaş alman, Yəmən, Koreya xalqları kimi xalqlar arasında sərhəd məftilləri çəkib, eyni millətin övladlarını uzun müddət bir-birinə qarşı durmağa məcbur edib. Bu proses bəzi ölkələrdə hələ də davam edir.

1985-ci ildə SSRİ-də hakimiyyət başına gəlmiş Mixail Qorbaçovun fərqli siyasət sərgiləməsi beynəlxalq aləmdə ictimai-siyasi münasibətləri qismən də olsa, yumşaltmağa başladı. Elə bu yumşalmanın nəticəsi kimi də alman xalqı arasında çəkilən Berlin səddi söküldü, Yəmən dövlətləri birləşdi. Bu gün taleyinə ayrılıq yazılmış Koreya xalqı da bu istiqamətdə intensiv danışıqlar aparır. Dünya bölünmüş xalqların taleyinə biganə qalmır. Bu da tarixən bölünmüş xalqlara əlavə ümid verir. Belə xalqlardan biri də Azərbaycan türkləridir. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqını bölünmüş xalqlar statusuna aid etmir.

…1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatı Azərbaycana həm də Bütöv Azərbaycançılıq ideologiyasını gətirdi. Düzdür, ədəbiyyatı hələ 1988-ci ildən çox əvvəl, daha dəqiq desək, ayrılıqdan bu yana həsrəti öz bədii nümunələrində yaşadıb, torpaqlarımızın bölünməsi haqqında coxsaylı əsərlər yaradıb. Lakin bununla belə Sovet hakimiyyətinin mövcud olduğu dövrdə, xüsusilə, son 40 ildə, cənub mövzusu siyasi müzakirə predmetinə çevrilməyib. Bir sıra faktları sadalamaqla qarşımızda duran problemlərin sırasına və mürəkkəbliyinə diqqət yetirmək istərdim.

Azərbaycan adlanan coğrafi ərazidə tarixin ayrı-ayrı vaxtlarında müxtəlif  dövlətlər mövcud olub. Lakin təəssüf ki, bu dövlətlər dünya tarixinə ya İran, ya Rusiya, ya da Alban dövlətləri kimi daxil olub. Bu gün XXI əsrdə, heç bir tarixi araşdırmadan,

Azərbaycana məxsusluğu şübhə doğurmayan ərazilərdən söhbət açaq.

Çoxsaylı problemlərimizin mövcud olduğu bir vaxtda əlavə bu kimi müşkülləri dilə gətirməyə ehtiyac varmı? Bəlkə BMT tərəfindən tanınan sərhədlər çərçivəsində problemlərimizi həll etməyə çalışaq? Bu sərhədlər çərçivəsində də bizim kifayət qədər həllini gözləyən problemlərimiz mövcuddur – işğal olunmuş Qarabağ torpaqları, milyona yaxın qaçqın ordusu, sosial-iqtisadi vəziyyətin ağırlığı, cəmiyyətin demokratikləşdirilməsi kimi həlli vacib olan məsələlər bizi gözləyir. Lakin bu kimi problemlərin çoxluğu bizə haqq vermir ki, biz Azərbaycandan kənarda yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalaq, yaşadıqları dövlətin onlara yarada biləcəyi problemlərə göz yumaq. İlk növbədə ona görə ki, insan haqqlarının qorunması, milli azlıqların hüquqlarının müdafiəsi, cəmiyyətin demokratikləşdirilməsi heç bir dövlətin iç problemi deyil. Digər tərəfdən o ərazilərdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinin qorunması, dinc əmin-amanlıq şəraitində yaşaması, həm də Azərbaycan Respublikasının problemidir. Milli-etnik zəmində hüququ tapdalanan hər hansı bir soydaşımızın üz tutacağı ölkə məhz bugünki Azərbaycandır. Azərbaycanın isə mövcud iqtisadi-siyasi vəziyyəti yeni qaçqınlar qəbul etməyə hazır deyil. O cümlədən, Azərbaycan öz ərazisində müxtəlif xalqların nümayəndələrinə bərabərhüquqlu yaşayış imkanı verirsə, nədən bizim soydaşlar öz doğma yurdlarını tərk etməlidirlər?!

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycanla münasibətinə müxtəlif yönümdən şərh verən, bu ərazilərə münasibətdə müxtəlif mövqelər sərgiləyən çoxsaylı insanlar var. Azərbaycan xəritəsini Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, Zəngibasar, Cənubi Azərbaycan, hətta Qars, İğdır çərçivəsində görənlər də kifayət qədərdir. Azərbaycan dövlətinin bu torpaqlara və orada yaşayan insanlara münasibəti necə olmalıdır?

 

100 mindən çox əhalisi olan Dərbəndin Azərbaycandan ayrılmasının səbəbləri və tarixi, o cümlədən, 600 mindən çox sakini olan Borçalının, 25-30 milyonluq Cənubi Azərbaycanın, lap bu yaxınlara qədər 200 min soydaşımızın yaşadığı  Göyçə-Zəngəzur məsələsində cəmiyyətin ayrı-ayrı qrupları çox inadlı mövqe sərgiləyir, ictimai təşkilatlar yaradır, bütöv Azərbaycan uğrunda mübarizə apardıqlarını bəyan edirlər. Bu problemdən nə qədər yayınmaq istəsək də, həqiqət göz önündədir. Azərbaycan ziyalısı, siyasətçisi, siravi vətəndaşlar, xaricdə mühacir həyatı yaşayanlar bu məsələlərin üzərindən sükutla keçmir. Azərbaycanda isə problemin mövcudluğunu ya inkar edərək, İranı özünə dost bildiyini bəyan edən, ya da İranın imperiya olaraq gec-tez dağılacağını söyləyən qruplar fəaliyyət göstərir. Hər iki halda mövcud Azərbaycan dövləti uduzur. Anoloji münasibət Borçalı, Dərbənd probleminə yanaşmalarda da hiss olunur. Bu yazımızda yaxın tariximizdə işğal olunmuş və hal-hazırda Azərbaycanın mövcud sərhədlərindən kənarda olan tarixi torpaqlarımıza və orada yaşayan soydaşlarımıza münasibətdə tutmalı olduğumuz siyasi mövqe barədə danışacağıq.

GÖYÇƏ, ZƏNGƏZUR, ZƏNGİLAN, ZƏNGİBASAR QƏDİM AZƏRBAYCAN TORPAQLARIDIR…

XX əsrdə itirdiyimiz bu qədim torpaqlar Borçalı, Dərbənd və Cənubi Azərbaycanla müqayisə oluna bilməz. Ona görə ki, Borçalı, Dərbənd, Cənubi Azərbaycan başqa dövlətlərin ərazisi hesab olunsa da, bu gün həmin torpaqlarda soydaşlarımız yaşamaqda davam edirlər.

Lakin Göyçə, Zəngəzuru Sovet Hakimiyyəti (Azərbaycana vurduğu ilk zərbələrdən biri kimi) keçən əsrin 1920-ci illərində Ermənistan ərazisinə birləşdirib. Sovet hakimiyyətinin mövcud olduğu illərdə bu ərazidə yaşayan soydaşlarımız deportasiyaya məruz qalsa da, sonuncu Ermənistan-Azərbaycan münaqişəsinə qədər 200 minə yaxın Azərbaycan türkü bu torpaqlarda yaşamağa davam edirdi. Yalnız 1988-ci ilin noyabr-dekabrında Nüvədi istisna olmaqla, bütün ərazilərdən Azərbaycan türkləri qovuldu. Milli faciəmizin son mərhələsi də elə bundan başladı. Göyçə-Zəngəzuru qoruya bilməyən bizlər Qarabağı da itirdik. Naxçıvan da bizdən çox uzaq düşdü. Tarixi ədalətsizliyi aradan qaldıraraq, Naxçıvanı ozümüzə birləşdirməli olduğumuz halda, bu əraziləri də əldən verdik. Təəssüf olunan hallardan biri də budur ki, müstəqilliyimiz elan olunub BMT-yə üzv olarkən artıq Ermənistan ərazisində bir Azərbaycan türkü belə qalmamışdı. 200 min soydaşımızın müasir Ermənistan ərazisindən qovulmasını bəynəlxalq aləm SSRİ-nin daxili problemləri sırasına aid etdi. Həmçinin, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğalı və bir milyon qaçqın problemi bizi Göyçə-Zəngəzur ağrısından qismən uzaqlaşdırdı.

Nə etməli?

Bu ərazilərin qədim yurdumuz olduğunu birdəfəlik unutmalı, düşmən tağdağı altında qalan doğmalarımızın qəbirlərinə əbədi əlvida deməli, yoxsa, torpaqların geri qaytarılması istiqamətində fərqli siyasət yürüdülməlidir?!Bu ərazilərdən qovulan soydaşlarımızın öz ata-baba yurdunu unutması mümkün deyil. Bunun üçün hələ bundan sonra az qala 100 il vaxt lazımdır. Oradan qovulan son canlı şahid yaşayana qədər də torpaqlar hər gün yad ediləcək.

Elə yeni formalaşan nəsil də bu ərazilərdən imtina edə bilməyəcək. Çünki həsrət ədəbiyyata, sənətə gətirilir və bu da yeni nəslin yaddaşında təbii iz buraxır. Lakin Qarabağ kimi beynəlxalq aləm tərəfindən tanınan, BMT tərəfindən bizim ərazimiz hesab olunan bir ərazi işğal altından azad olunmayıbsa, biz Göyçə-Zəngibasara necə qayıda bilərik? Həmçinin başqa bir dövlətin rəsmi ərazisi kimi tanınan bir bölgəni “işğal” etməyə bizə imkan verəcəklərmi?

Xalqların ayrı düşməsi faktından söhbət açmışdıq. Müasir vəziyyətdə həmin ərazilərdə soydaşlarımız da yaşamır ki, biz oralara qayıda bilək. Son 50 ildə imperiyalar xaric, dövlətlərin sərhədlərinin dəyişməsi faktı qeydə alınmayıb. Yaranan yeni dövlətlər imperiyaların dağılmasının nəticəsi kimi meydana gəlib. Tarix torpaqlara yanaşmada iki siyasətə üstünlük verir: ya siyasət müharibələrlə, partizan döyüşləri ilə müşaiyət olunub, ya da bir sıra dövlətlər öz tarixi torpaqları hesab etdikləri ərazilərin üstündən sükutla keçməyə üstünlük veriblər. Alyaska uğrunda ABŞ-Rusiya, Kuril adaları naminə Yaponiya-Rusiya, Kalininqrad (Köniqsberg) savaşında Almaniya-Rusiya, Elzas-Lotaringiya naminə Fransa-Almaniya hələ ki, susmağa üstünlük verirlər. Susmayanlar isə qanlı qarşıdurmalardan qaça bilmirlər. Küveyt-İraq, İraq-İran, Ermənistan-Azərbaycan, Hindistan-Pakistan, Fələstin-İsrail münaqişələri bu qəbildəndir.

Bizim bir problemimiz də ondadır ki, Göyçə ilə mövcud sərhədlərimiz arasında daha bir zolaq işğal olunub. Sadaladıqlarımdan belə bir nəticə hasil olunmasın ki, Göyçə-Zəngəzur məsələsinin qapadılmasının tərəfdarıyam, əsla. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının gələcəyi məhz bu torpaqlara münasibətdən aslıdır.

Digər tərəfdən milli-mənəvi abidələrimiz, 100 minlərlə insanın doğmalarının ziyarət yeri məhz həmin bölgədədir. Amma biz beynəlxalq aləmin iradəsinin və qanunların da ziddinə gedə bilmərik. Ən azı ona görə ki, o gücdə deyilik. Həmçinin bizim belə yanaşmamız, Azərbaycana da anoloji yanaşmaların tətbiqi ilə nəticələnə bilər. Ona görə də, dövlətin Göyçə-Zəngəzur siyasəti Qarabağdan başlamalıdır. Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra Qərbi Azərbaycan torpaqlarından olan qaçqın soydaşlarımızın da həmin ərazidə yerləşdirilməsinə şərait yaradılmalıdır. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, Ermənistanla iqtisadi əlaqələrin qurulması başlıca siyasətə çevrilməlidir. Belə bir bir siyasət bu gün Ermənistan-Azərbaycan münaqişəsi fonunda çoxlarına təəccüblü və bir qədər milli mövqe ilə səsləşməyən siyasət təsiri bağışlasa da, gerçək yol budur.

Cənubi Qafqaz Birliyi ideyasına ayrıca bir yazıda toxunacağım üçün burada geniş müzakirə açmıram. Geopolitik mənzərəyə baxsaq, biz qonşu seçməkdə sərbəst deyilik. Həm də bizim bu ərazilərdə marağımız var.

Dünya demokratikləşməyə, qloballaşmaya doğru istiqamət götürdükcə, bu tipli problemlərimizi çözmək asan olacaq. Heç kəs iddia etməsin ki, düşmənçilik sonsuzluğa doğru gedəcək və ya getməlidir. Düşmənçiliyin davam etməyəcəyinə dair çoxsaylı misallar gətirmək olar. 1905-ci, 1918-ci illərdən sonra bu xalqların sadə vətəndaşları arasında düşmənçilik hissi demək olar ki, aradan qalxmışdı. Bunu 70 illik sovet təbliğatı ilə bağlayanların arqumentləri o qədər də tutarlı deyil. Dünya demokratikləşməyə, qloballaşmaya doğru istiqamət götürdükcə, bu tipli problemlərimizi çözmək asan olacaq. Heç kəs iddia etməsin ki, düşmənçilik sonsuzluğa qədər gedəcək və ya getməlidir. Düşmənçiliyin davam etməyəcəyinə dair çoxsaylı misallar gətirmək olar. 1905-ci, 1918-ci illərdən sonra bu xalqların sadə vətəndaşları arasında düşmənçilik hissi demək olar ki, aradan qalxmışdı. Bunu 70 illik sovet təbliğatı ilə bağlayanların arqumentləri o qədər də tutarlı deyil.

Bu gün hələ torpaqlar işğaldan azad olunmamış, şəhidlərin qanı qurumamış Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ermənilərlə münasibəti barədə həqiqəti kim bilmir ki? İstər Rusiya, istərsə Qərb ölkələrində ermənilərlə azərbaycanlıların normal münasibətlər sistemində yaşadığı bir reallıqdır. Elə Gürcüstanın Sadaxlı bölgəsində ermənilərlə azərbaycanlılar ortaq bazara sahib deyillərmi? Bu faktın doğru və ya səhv olduğunu araşdırmırıq, sadəcə bu gün konfliktin davam etdiyi bir zamanda belə əlaqələrin olması sabahkı normal münasibətlərdən xəbər verir. Kimləri qınasaq da, onları milli problemlərə laqeydlikdə suçlasaq da, hətta onları “bizdən olmayanlar” adlandırsaq da, fakt dəyişmir. Demək, Qarabağı azad etsək, anoloji münasibətlər Ermənistanla həmin sərhədlər boyu bölgələrdə də yaranacaq. Dövlət bunun qarşısına sədd çəkməməlidir. Əksinə, sistemli siyasət yeritməli, sərhəddən başlayan siyasət gec-tez daşınmaz əmlakın, torpağın, fermer təsərrüfatlarının alqı-satqısına gətirib çıxarmalıdır. Əgər bizim sistemli iqtisadi siyasətimiz olmayacaqsa, Qarabağı növbəti dəfə itirəcəyik, nəinki Göyçə, Zəngəzuru geri ala biləcəyik.

Çox təəssüf ki, biz geri almaq anlayışını çox dar çərçivədə daşa düşmüşük. Dünya bu gün işğalın yeni növündən – iqtisadi işğaldan daha çox istifadə edir. 30 il bundan əvvəl Kipr Yunanıstanla Türkiyə arasında ikiyə bölündü. Lakin Cənubi Kiprin iqtisadi inkişafı, Avropa məkanına inteqrasiyası hətta Şimali Kiprin özündə belə vahid dövlət anlayışı haqqında yeni təsəvvürlər yaratdı. On minlərin qanı üzərində qurulan Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyindən vaz keçməyə elə şimali kiprlilər özləri hazırdırlar. Çünki sosial – iqtisadi vəziyyətin fərqləri, dünyanın yeni yanaşması göz önündədir.

Çox qəribə də səslənsə, bəzən Ermənistan – Azərbaycan münaqişəsinin başlanmasına fərqli aspekdən də qiymət verirəm. Ona görə ki, əgər ermənilər Bakı və ya ətraf rayonlarda indi də yaşamış olsaydılar, yəqin ki, Bakı – Tiflis – Ceyhan Neft Kəməri də, özəlləşdirilən iri obyektlərin əksəriyyəti də bu gün onların nəzarətində idi.

Bu da tarixin bir ironiyasıdır ­­­­­­- biz həm uduzmuşuq, həm də geniş mənada sərvətlərimizə sahib olmaq imkanı qazanmışıq. Buna görə də biz ilk növbədə, Qarabağı geri almaq barədə düşünməliyik. Bəzi ağzıgöyçəklər bu təhlilimizdən belə qənaətə gəlməsinlər ki, (bu tezislər mövcud iqtidar tərəfindən ara – sıra səslənir) elə iqtisadi inkişaın nəticəsində də Qarabağı almaq olar. Bu o şərtlə mümkün olardı ki, əhali öz doğma yurdunda bu gün də yaşayaydı; ermənilər iqtisadi fərqləri görüb, qarşılıqlı əlaqələrdə və təmasda olaydılar. Bu gün bu millətin nümayəndələri təmas imkanından məhrumdurlarsa, “iqtisadi işğal” nəticəsiz bir siyasətdir. Bu yalnız o vaxt baş verə bilər ki, biz torpaqlarımızı işğaldan azad edək, əhali öz doğma yurd-yuvasına qayıtsın, iqtisadi siyasətimiz xalqların yaşayışındakı fərqləri ortaya qoya bilsin, ən başlıcası isə, Azərbaycan cəmiyyəti Ermənistandan demokratik olsun. Belə halda, Türkiyənin də Ermənistana münasibəti dəyişməlidir. O da öz qapılarını Ermənistanın üzünə açmalıdır. Biz bundan qorxmamalıyıq. Ermənistanın sərhədlərinə fikir versək, görərik ki, bu dövləti özümüzdən asılı vəziyyətə salmaq üçün kifayət qədər imkanlar var. Gürcüstan istisna olmaqla, Ermənistan hər tərəfdən türklərin əhatəsindədir. Rusiya istəsə belə Ermənistana sona qədər dəstək verə bilməyəcək. İqtisadi-sosial, demokratik yaşamdakı fərqləri ortaya qoya bilsək, Ermənistan Azərbaycandan asılı vəziyyətə düşə bilər. O cümlədən, Türkiyənin regiona girməsi ilə Rusiyanın Cənubi Qafqazda hegemonluğuna son qoymaq şansları yaranar. Bunun üçün Azərbaycana ilk növbədə demokratik hakimiyyət lazımdır – Qarabağı azad edən, cəmiyyəti demokratikləşdirən, əhalinin sosial-qitisadi vəziyyətini yaxşılaşdıran bir hakimiyyət. Məhz bundan sonra Azərbaycanın Göyçə-Zəngəzura yolu açılacaq. Sərhədləri dəyişdirmək barədə danışmaq bəlkə tarixin işidir, bəlkə də dilə gətirilməyən bir məsələdir. Sərhədləri dəyişdirmədən belə, Göyçə-Zəngəzura qayıtmaq olar və biz qayıtmalıyıq. İqtisadi cəhətdən Ermənistandan üstünlüyümüz, demoqrafiq vəziyyətimiz buna imkan verir. Milli hakimiyyətin vəzifəsi Azərbaycanın Ermənistanla münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində tənzimləmək və Ermənistan iqtisadiyyatına sahib çıxmaq, Naxçıvanı blokadadan qurtarmaqdır. Düşüncəmiz müasir dünyanın reallıqları ilə üst-üstə düşməlidir-müasirləşmək, həm də bizi doğma yurd yuvamıza qaytarar. Demokratikləşmə, iqtisadi inkişaf, demokratik hakimiyyət, azad cəmiyyət-bu bizim şüarımız olmalıdır. Çünki Göyçə-Zəngəzur həsrətinə son qoyulması bu şüardan keçir, Naxçıvanın taleyi yeniləşmədən asılıdır. Bir qədər ləngisək, demokratik Azərbaycan qura bilməsək, Ermənistan bu sahədə də bizi qabaqlayacaq. Gecikmədən, azad cəmiyyət qurulmalıdır, korrupsiyasız, rüşvətsiz sistem formalaşdırılmalıdır, əhalinin sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Bu proses Ermənistanda bizdən əvvəl baş versə, sərhədlərimizdən içəri girəcəklər. Heç kəs bu prosesin qarşısını ala bilməyəcək – nə tarixi düşmənçilik, nə Azərbaycan ordusu, nə də iqtisadi üstünlüyümüz bu prosesin qarşısını ala bilməyəcək. İqtisadiyyatımızı Bakıdan əyalətlərə, xüsusən, Ermənistanla sərhədə daşımalıyıq, Qarabağı işğaldan azad etməliyik.  Qanlı müharibələr həm bizi zəiflədəcək, həm də inkişafımızı əngəlləyəcək. Amma bu Qarabağa şamil olunmamalıdır. Çünki Qarabağ hələ itirilməmiş Naxçıvanın son güman yeri, Göyçə-Zəngəzura qapı, həm də Dərbənd, Borçalı, Cənubi Azərbaycana ümiddir.

 

DƏRBƏND

Dərbənd bu gün də Azərbaycanın Şimal Qapısı deməkdir. Rusiya Federasiyasının Dağıstan Respublikasının ərazisində yerləşən qədim Dərbənd Azərbaycan şəhəridir. Bu gün bu şəhərdə 100 minə yaxın Azərbaycan türkü yaşayır. Politoloqların, ekspertlərin bir qismi hesab edir ki, Rusiya öz mahiyyətində imperiya əlamətlərini şərtləndirdiyi üçün gec-tez dağılmağa məhkumdur.

Şəxsən mən, bu qənaətdə olmasam da, səslənən bu fikrə münasibətimi bildirmək istərdim.

Rusiya Federasiyası dağılacağı təqdirdə, Azərbaycan nəinki Dərbəndi özünə qaytarar, bəlkə daha ciddi problemlərlə üz-üzə qala bilər. Belə ki, Azərbaycanın şimal rayonlarında azsaylı xalqların nümayəndələri yaşayır. Tatlar, avarlar, ləzgilər bu qəbildən olan xalqlardandır. Sayca daha çox olan ləzgilər başqa azsaylı xalqlara nisbətən daha fəal kimi görünür. Təəssüf ki, ləzgilərin bir hissəsini separatçı əməllərə cəlb edən “Sadval” təşkilatı şimal rayonlarımızın bizdən ayrılaraq, Dağıstana birləşdirilməsi isiqamətində uzun müddət açıq və gizli fəaliyyət göstərib. Azərbaycan hökuməti çox zaman bu proseslərin üstündən sükutla keçməklə, məsələni qəlizləşdirmək istəmədiyini göstərib. Əgər Rusiya imperiya kimi dağılarsa, Dağıstan da müstəqil dövlətə çevrilmək şansı qazana bilər. Belə olan təqdirdə onun Azərbaycanın şimal rayonlarına iddia etməməsi real görünmür. Təbii ki, bunlar nəzəri cəhətdən belədir. Nəzəri cəhətdən həm də o mümkündür ki, Azərbaycan çox güclü bir dövlətə çevrilə bilər. Rusiyanın dağılma anında isə Dağıstan, o cümlədən Şimali Qafqaz xalqları Azərbaycana sığına bilərlər. Təbii ki, bunlar hamısı subyektiv mülahizələrdir. Reallıq isə tam fərqlidir. Dərbənddə 10 minlərlə Azərbaycan türkü, Azərbaycanda təxminən elə o qədər Şimali Qafqaz qrupuna aid olan etniklər yaşayır. Azərbaycandan fərqli olaraq, Rusiya mütəmadi olaraq, bu etnik qrupların cinayətə və separatçılığa meyilli təbəqəsini vətənimizin əleyhinə səfərbər edə bilir. Bu qruplar Azərbaycanda ictimai-siyasi vəziyyət bir qədər gərginləşən kimi müxtəlif bəyanatlar verir, hətta ərazimizdə törədilən terror hadisələrində də iştirak edirlər. Bakı Metropolitenində baş verən qanlı partlayışda belə qruplardan biri (Sadval) çox aktiv iştirak edib.

Belə bir şəraitdə Azərbaycan xüsusi Dərbənd siyasəti sərgiləməlidirmi?

Mütləq. Ona görə ki, Dərbənddə yaşayan soydaşlarımız Rusiyanın başqa bölgələrində yaşayan vətəndaşlarımızdan fərqli statusa malikdirlər. Onlar Rusiya vətəndaşıdırlar və sərhədlərimizə söykənərək yaşayırlar. O cümlədən, milli-mənəvi dəyərlərimizin bir parçasını və özəlliklərini, adət-ənənələrimizi yaşadaraq, tarixi ata-baba yurdlarımızı tərk etməyiblər. Strateji baxımdan da, Dərbənd Azərbaycan-Rusiya qarşıdurmasında bufer rolunu oynaya bilər. Daha dəqiq ifadə etsək, Azərbaycanda “Sadval” tipli təşkilatların əli ilə separatçılıq etmək istəyən Rusiyanı Dərbənd siyasəti durdura bilər.

Azərbaycan nə etməlidir?

İlk növbədə Rusiya ilə Azərbaycan arasında milli azlıqların hüquqlarının tanınması haqqında qarşılıqlı hüquqi müqavilə imzalanmalıdır. Onu da xatırladım ki, Rusiya Azərbaycanda yaşayam rusdillilərlə bağlı analoji müqavilə imzalayıb. Çox təəssüf olsun ki, bu sənəddə Dərbənd azərbaycanlıları ilə bağlı bir kəlmə də yazılmayıb. Hətta qeyri-rəsmi razılaşmaya görə, Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndində yaşayan rusların kollektiv təsərrüfatına da toxunulmayıb. Baxmayaraq ki, bu Azərbaycanın mövcud qanunvericiliyinə ziddir. Qeyd etdiyim kimi, ilk növbədə Rusiya və o cümlədən Dağıstanla Dərbənd türklərinin milli azlıq kimi hüquqlarının tanınması istiqamətində hüquqi addımlar atılmalıdır

Azərbaycan Dərbəndlə çox sıx mədəni əlaqələr qurmalı, onların milli adət ənənələrindən, kökündən, mədəniyyətindən uzaq düşməsinin qarşısını almalıdır. 1992-93-cü illərdə Dərbənd azərbaycanlılarına bir qədər diqqət ayrılsa da, sonrakı illərdə bu siyasət nədənsə durduruldu.

Azərbaycan dilində məktəblərin açılması, Azərbaycan ali məktəblərində dərbəndlilərin pulsuz təhsil almasının təmin olunması, Azərbaycan Televiziyasının daha asan yollarla bu əraziyə (xüsusi antennalar) ötürülməsini təmin edilməsi, mədəni-kütləvi tədbirlərin təşkil edilməsi, Rusiyanın ictimai-həyatında aktiv iştirak üçün izahedici iş aparmaq və s. Azərbaycan dövlətinin Dərbənd siyasəti istiqamətində aparmalı olduğu əsas işlərdəndir. Yerli xalqlarla münasibətin normal qurulması, iqtisadi-mədəni əlaqələr Azərbaycanı da etnik qruplarla konfliktdən yayındıra  bilər.

Azərbaycan ərazi iddiası ilə çıxış etməməli, Rusiya ərazisində qeydiyyatda olan və ya fəaliyyət göstərən ictimai-siyasi təşkilatların da analoji tələblə çıxış etməyəcəyi barədə razılığa gəlməlidir. Düzdür, bu gün Rusiya-Azərbaycan münasibətlərində belə hallara çox nadir rast gəlinir. Lakin heç kəs təminat vermir ki, Azərbaycan Rusiyanın maraqlarını ödəmədiyi bir vaxtda belə bəyanatlar səslənməyəcək. Onu da xatırladım ki, “Sadval” Rusiya dövlət qeydiyyatında olan ictimai təşkilatdır. Bu gün müasir dünyada ərazilərin dəyişdirilməsinə cəhd o qədər uğur gətirən siyasət hesab edilmir. Rusiyanın da açıq şəkildə Azərbaycan sərhədlərinə təcavüz edəcəyini gözləmək sadəlövhlükdür. Lakin separatçılar vasitəsilə Azərbaycana təzyiq etmək Rusiyanın xislətinə tam uyğundur. Demək, biz Dərbəndi qorumaqla, qismən də olsa, bu problemi sığortalaya bilərik. Dərbəndlilər yerli xalqlarla çox sıx ünsiyyətdə olmaqla, Rusiyanın separatçılığını neytrallaşdıra bilərlər. Bunun üçün isə dərbəndlilərin Dağıstandakı milli-iqtisadi-sosial mövqeyi sabit və təminatlı olmalıdır. Azərbaycan hökuməti Dağıstanla çox sıx münasibət qurmalı, millətlərarası münasibətlər istiləşdirilməli, mədəni əlaqələr genişlənməlidir. Azərbaycan Dərbənd vasitəsiylə həm də Dağıstana yaxşı çıxış əldə edir, nəticədə, özünün şimal sərhədlərinin təhlükəsizliyini əsasən təmin etmiş olur.

BORÇALI – MUXTARİYYƏT, YOXSA, GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNİN QARANTI?

Son illər Azərbaycan-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu ölkələri oxşar edən bir sıra amillər var. Hər iki dövlət milli separatizmdən əziyyət çəkir, Qərbə inteqrasiya istiqamətində ciddi səylər göstərirlər. Lakin bizi daha çox maraqlandıran Gürcüstanın Borçalı və Qaraçöp ərazilərində yaşayan 600 minə yaxın soydaşımızın taleyi, onların bu ölkənin ictimai-siyasi həyatında tutacağı mövqedir.

Gürcüstan Sovet İmperiyası dağıldıqdan sonra bir sıra milli problemlərlə üz-üzə qalıb. Ölkənin ərazisində ona tam tabe olmayan iki muxtar qurum fəaliyyət göstərir. Bu Cənubi Osetiya və Abxaziya muxtariyyətləridir. Rusiyanın himayəçiliyi ilə hər iki muxtar qurum Gürcüstanın mərkəzi hakimiyyəti ilə bütün əlaqələri kəsərək, özlərinin müstəqilliklərini elan ediblər. Başqa bir tərəfdə isə, yarımmüstəqil fəaliyyət göstərən Acariya və Cavaxetiya bölgələri də var. Əgər Acariya muxtariyyətə malikdirsə, Cavaxetiya muxtariyyət əldə etmək uğrunda açıq və gizli fəaliyyət göstərir. Təbii sərvətlər baxımından o qədər də zəngin olmayan Gürcüstan Respublikasında bu tipli milli-etnik konfliktlərin mövcudluğu da əlavə gərginlik mənbəyidir. Gürcüstanın sərgilədiyi siyasi kurs Rusiyanın region maraqları ilə qətiyyən uzlaşmır. Öz siyasətini Avropa ailəsinə və NATO düşərgəsinə inteqrasiyada görən Gürcüstan bütün sferalarda Rusiyanın ciddi təzyiqi ilə üzləşir. Mərkəzi hakimiyyətə tabe olmayan iki muxtar qurumu – Abxaziya və Cənubi Osetiyanı tam nəzarətdə saxlayan Rusiya, Acariya və Cavaxetiyada da separatçılığı qızışdırır. Həmçinin Rusiya Gürcüstan ərazisində öz hərbi kontingentini də saxlayır. Sayca gürcülərdən sonra ikinci yeri tutan Azərbaycan türkləri isə bu ölkədə heç bir muxtar quruma malik deyillər.

Gürcüstan dövlətinin gələcək taleyi necə olacaq? Bu dövlət mərkəzdən qaçan muxtar qurumları özünə tabe etdirə biləcəkmi? Yoxsa Gürcüstan adlı dövlətin BMT tərəfindən qəbul edilən sərhədləri dəyişdiriləcək? Hər iki variantda Gürcüstanda yaşayan 600 min Azərbaycan türkünün taleyi necə olacaq? Onlar hansı mövqeni tutacaqlar? Azərbaycan dövləti bu problemlərə necə münasibət bəsləməli, Borçalı türkləri ilə bağlı xüsusi siyasət yeritməlidirmi? Bu suallara cavab verməyə çalışaq:

Cənubi Qafqaz uğrunda iri dövlətlərin mübarizəsi səngimək bilmir. Bir tərəfdən ABŞ, digər tərəfdən isə Rusiya öz maraqları naminə Cənubi Qafqaz respublikalarında ictimai-siyasi prosesləri nəzarətdə saxlamağa çalışırlar. Gürcüstan da bu mübarizə meydanının mərkəzində dayanan respublikalardandır.

Rusiya etnik-separatçılıq əməllərini genişləndirməklə, Gürcüstanı daha çox öz nəzarətində saxlamağa çalışır. 1988-ci ildən başlayan bu separatçılıq hərəkətləri bu gün Gürcüstanı parçalanmış vəziyyətə gətirib çıxarıb. Artıq iki muxtar qurum – Cənubi Osetiya və Abxaziya öz müstəqilliklərini elan edərək, faktiki Rusiyanın nəzarəti altında fəaliyyət göstərir. Cavaxetiya erməniləri də muxtar status almaq üçün mütəmadi bəyanatlar səsləndirir. Bu zona bu gün Gürcüstanın ən qaynar nöqtələrindən biridir. Münaqişə silahlı qarşıdurma səviyyəsinə çatmasa da, ona yaxın vəziyyətdədir. Hələlik Cavaxetiya ermənilərinin aktiv mübarizəyə başlamamasında Ermənistan amili də rol oynayır. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan faktiki blokada şəraitindədir. Bu gün Ermənistan xarici aləmlə Gürcüstan, qismən isə İran vasitəsilə əlaqə saxlaya bilir. Bütün yüklər məhz Gürcüstan ərazisindən Ermənistana daşınır. Əgər Azərbaycanla problemlər yoluna qoyulmadan, Ermənistan Cavaxetiya ermənilərinə aktiv mübarizə işarəsi verərsə, ətraf aləmdən tam təcrid oluna, ölkə ciddi iqtisadi-siyasi böhranla üz-üzə qala bilər. Məhz bunun nəticəsidir ki, Gürcüstan erməniləri hələlik mübarizənin aktiv mərhələsinə başlamırlar. Təbii ki, bütün bu proseslər Rusiyanın ciddi nəzarəti altında həyata keçirilir. Gürcüstan özü isə Qərblə, xüsusilə NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Son illərdə digər Cənubi Qafqaz respublikalarından fərqli olaraq, Gürcüstan xarici siyasətdə bu xətdən imtina etməyib. Əgər Azərbaycan 1992-93-cü illərdə tam qərbyönümlü kurs tərəfdarı kimi çıxış edirdisə, 1993-cü il iyun qiyamından sonra mərhum Heydər Əliyev daha çox iri dövlətlərin, xüsusən, Rusiya və ABŞ-ın maraqlarını nəzərə ala biləcək siyasət sərgiləyirdisə, bu gün prezident İlham Əliyev balansı qismən Rusiyanın xeyrinə artırıb. Ermənistan da öz xarici siyasətində üstünlüyü Rusiyaya verməklə, Qərblə də əlaqəni kəsmir. Gürcüstan isə müstəqillik dönəmindən bu yana tam Qərbə istiqamətlənmiş xarici siyasət yürüdür. İstər Qamsaxurdiya, istər Şevardnadze, istərsə də Saakaşvili Gürcüstanın xarici siyasətini dəyişməyə cəhd etməmiş, əksinə vahid xarici siyasət kursu ilə çıxış etmişlər. Elə bunun nəticəsidir ki, Gürcüstan Azərbaycan və Ermənistandan əvvəl Avropa Şurasına üzv olmuş, Avropa Birliyi ilə sıx münasibətlər qura bilmiş, NATO bazalarının Gürcüstana gətirilməsi üçün ilkin razılıqlar əldə edilmiş kimi görünür.

ABŞ və Rusiyanın bu dövlət uğrunda mübarizəsində kimlər udacaq? Gürcüstan sürətlə federallaşmaya doğru gedir. Gürcüstan ərazisində bir neçə federal qurum fəaliyyət göstərəcək. Bunlar Abxaziya, Acariya, Cənubi Osetiya və Gürcüstan Respublikasıdır. Əgər Gürcüstan hökuməti federal dövlət quruluşuna razılıq verməyəcəksə, milli-etnik problemləri çözmək mümkün olmayacaq. Hələ Şevardnadze dönəmində bu plana qismən razılıq verilmişdi. İndi də BMT separatçı rejimlərlə mərkəzi hökumət arasında vasitəçi kimi çıxış edərək, problemi məhz federallaşma istiqamətində həll etmək istəyir. Cavaxetiya ermənilərinin də muxtar qurum tələbi məhz proseslərin bu istiqamətdə inkişafı ilə əlaqədardır. Gürcüstan ərazisində etnik-milli azlıqlar içərisində sayca ən çox olan Azərbaycan türkləridir. Onların sayı təxminən 600 min nəfərə yaxındır. Bu gün Gürcüstanda yaşayan soydaşlarımız bir sıra problemlərlə üzləşib. İlk növbədə, onu qeyd edək ki, başqa etnik-milli qruplara nəzərən daha az təşkilatlanmış Azərbaycan türkləri Gürcüstanın şovinist qüvvələrinin poliqonuna çevrilib. Abxaziya və Osetiya da məğlub duruma düşmüş Gürcüstanın Qamsaxurdiya hökuməti, Borçalı və Qaraçöpün boşaldılması hesabına öz dövlətlərinin bütövlüyü görüntüsünü yaratmağa çalışdılar. Düzdür, həmin müddətdə bir sıra yaşayış məntəqələrini boşaltmaq Gürcüstana müyəssər olsa da, bütövlükdə, buna nail ola bilmədilər. Soydaşlarımız dözə bildi və bu gün öz ata-baba yurdlarında yaşamaqda davam edirlər. 1993-cü ildə Azərbaycan və Gürcüstanda müvafiq  olaraq, Əliyev və Şevardnadzenin hakimiyyət başına gəlişi xalqlar arasındakı problemləri qismən yoluna qoydu. Köçürülmə siyasəti dayandırıldı, azərbaycanlıların təhlükəsizliyi qismən təmin olundu. O cümlədən soydaşlarımız təşkilatlanmağa başlayaraq, müxtəlif ictimai qurumlar yaratdılar. Siyasi partiyalarda da soydaşlarımız aktiv mövqeyə çıxmağa başladılar. Gürcüstan Parlamentində azərbaycanlı deputatlar yer aldılar. Təəssüf ki, bu münasibətlər Gürcüstan-Azərbaycan münasibətləri səviyyəsində deyil, Əliyev-Şevardnadze səmimiyyəti  üzərində quruldu. Başqa sözlə, davamlı, ardıcıl siyasi münasibətlər müstəvisinə keçirilə bilmədi. Hər iki respublikanın bır sıra iri beynəlxalq müqavilələrdə iştirakı bu münasibətləri daha da dəyişdirməyə imkan verir. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurum kəmərlərinin Gürcüstan ərazisindən keçməsi bu respublikanın  həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində Azərbaycanla bilavasitə bağlılığına şərait yaradır. O cümlədən Rusiya ilə sərin münasibətlər Gürcüstanı Türkiyə ilə sıx əlaqələr qurmağa məcbur edir. Təbii ki, NATO düşərgəsinə inteqrasiya arzusu da Gürcüstan-Türkiyə, deməli, həm də, Gürcüstan-Azərbaycan münasibətlərinə əlavə stimul verir. Azərbaycan Gürcüstandan keçən kəmərlərin çəkilişi üçün bu ölkəyə ciddi maliyyə güzəştləri də edib. Qiymət tariflərində Azərbaycan Bakı-Tiflis-Ceyhana görə bir milyard, Bakı-Ərzurum kəmərinə görə isə 500 milyon ABŞ dolları dəyərində Gürcüstana güzəştlər etdi. Lakin bunun müqabilində Gürcüstan hökumətindən orada yaşayan Azərbaycan türklərinə heç bir milli-hüquqi təminat alınmadı. Gürcüstanın ictimai-siyasi həyatında iştirak edən soydaşlarımız Əliyev-Şevardnadze münasibətləri fonunda birtərəfli qaydada iqtidar mənafelərinə qulluq edən toplum kimi görünürdü. Belə ki, azərbaycanlılar Şevardnadze hakimiyyətinin təminatçısı rolunda çıxış etməyə başladılar. Gürcüstan isə təkcə Şevardnadzedən ibarət deyildi. Digər siyasi qüvvələr, xüsusilə müxalif təşkilatlar Azərbaycanın bu “himayəçiliyinə” gizli də olsa, etiraz edirdilər. Bu gün sadaladığımız problemlərin həllinə yenidən qayıtmaq çətindir. Lakin Azərbaycan dövlətinin Borçalı və Qaraçöpdə kompakt, bütövlükdə isə Gürcüstanda yaşayan soydaşlarımıza yönəlik xüsusi dövlət siyasəti olmalıdır.

Biz nə etməliyik?!

İlk növbədə, Gürcüstan ərazisində yaşayan soydaşlarımızın bu ölkənin ictimai, siyasi, mədəni həyatında tam hüquqlu vətəndaş kimi iştirak etməsinə zəmin yaratmalıyıq. Yəqin heç kəs etiraz etməz ki, bu ilk növbədə gürcü dilini bilməkdən keçir. Müstəqil dövlətlərdə dil faktoru xüsusi rol oynayır. Xüsusən, milli-etnik qarşıdurmaların olduğu yerlərdə milli qürurun göstəricisi dil hesab olunur. Etiraf edək ki, Gürcüstanda yaşayan soydaşlarımızın dil məsələsində çox böyük  problemləri var. Məişət səviyyəli danışıqdan yuxarı çox az adam gürcü dilini mənimsəyə bilib. Bunun üçün Azərbaycan hökuməti xüsusi təhsil proqramı işləyib hazırlamalıdır.

Diqqət etsəniz, görərsiniz ki, biz Dərbənd siyasətində Azərbaycan türkcəsinin qorunması siyasətinə üstünlük verilməsinin tərəfdarı idik. Çünki orada vəziyyət Borçalıdan kəskin fərqlənir. Borçalı türkləri dil mədəniyyətini qorumaqla yanaşı, bəlkə bir az da yerli dövlət dilindən özlərini təcrid ediblər. Dərbənddə isə əksinə, Azərbaycan türkcəsini rus dili əvəz edib. Buna görə də ictimai-siyasi həyatda iştirakı təmin etmək üçün təhsildən başlanılmalıdır. Niyə ictimai-siyasi proseslərdə iştirakı bu qədər qabardırıq və ya ona bu qədər önəm veririk? Gürcüstan seçicilərinin təxminən 20 faizini Azərbaycan türkləri təşkil edir. Bu rəqəm bir ölkənin siyasi həyatında çox önəmli faktordur. Biz hökmən bu faktordan düzgün istifadə edərək, həm orada yaşayan soydaşlarımızın mədəni-siyasi-ictimai hüquqlarını qorumalı, həm də Azərbaycan Dövlətinin regionda yerini və rolunu gücləndirməliyik. Yeri gəlmişkən, onu da qeyd edim ki, Gürcüstanda yaşayan soydaşlarımızın bu ölkədəki yeri, rolu, iqtisadi-sosial vəziyyəti Azərbaycanın bütövlükdə Qafqazdakı mövqeyinin göstəricisidir. Gürcüstandakı soydaşlarımız bizi Qafqazda üzləşə biləcəyimiz bir sıra problemlərdən sığortalaya bilər. Rusiyanın Qərblə Gürcüstan uğrunda mübarizəsində Azərbaycan türklərinin mövqeyi aparıcı rol oynaya bilər. Bu da həm Azərbaycan türklərinin Gürcüstan dövlətinin qarantı kimi çıxış etməsinə şərait yaradar, o cümlədən Azərbaycan Qafqazda Gürcüstanı özünün əbədi müttəfiqinə çevirə bilər.

Bütün bu şərtlərə görə biz çalışmalıyıq ki, soydaşlarımız Gürcüstanın iqtisadi-siyasi həyatında mövqe sahibi olsunlar. Onun üçün də qeyd etdiyim kimi, dil faktoru əsas amillərdəndir.Borçalı və Qaraçöpdə orta məktəblərin hamısı gürcü dilində olmalıdır. Bu o demək deyil ki, Azərbaycan dili tamamilə sıxışdırılıb çıxarılmalıdır. Azərbaycan dili, tarixi, ədəbiyyatı ayrıca fənlər kimi tədris olunmalı, gürcü dili isə əsas dil olmalıdır. Gürcü dilini mükəmməl mənimsəmək bütün sferalarda soydaşlarımıza kömək edəcək, dövlət qulluğunda iş problemi aradan qalxacaq, yazışmalar zamanı çətinliklər olmayacaq, hüquq və məhkəmə sistemində, insan haqlarının qorunmasında süni çətinliklər yaradılmayacaq, başlıcası, həmvətənlərimiz seçilmək hüququndan geniş istifadə edə biləcəklər. Bu gün Gürcüstanın dövlət orqanlarında çalışan soydaşlarımızı barmaqla saymaq olar. Bunun da əsas səbəbi kimi dil faktoru göstərilir.

Azərbaycan hökuməti mövcud dövlət universitetlərinin birində gürcü dilində fakultə açmalı, Gürcüstanda yaşayan soydaşlarımızın bu fakültədə təhsil alıb, geri qayıtması üçün şərait yaratmalıdır. Daha yaxşı olar ki, Borçalıda universitetlərdən birinin filialı açılsın və orada yaşayan soydaşlarımız təhsil üçün daha geniş imkan əldə etsin. Bu bir neçə baxımdan əhəmiyyətlidir. Əvvəla, sosial-iqtisadi vəziyyətin o qədər də qənaətbəxş olmadığı dövrdə soydaşlarımız əlavə maliyyə itirməli olmayacaq. Digər tərəfdən, yerli universitetdə təhsil alan tələbə öz yaşaış yerini həmişəlik tərk etməli olmayacaq. Etiraf edək ki, Bakıya oxumağa gələn soydaşlarımızın əhəmiyyətli hissəsi geri qayıtmır, Bakıda qalmağa üstünlük verirlər. Belə  olarsa, bu problem öz-özünə həllini tapar, dil faktoru da avtomatik aradan qalxar. Universiteti bitirən tələbələr həm təyinatla, həm  də sərbəst qaydada müxtəlif dövlət strukturlarında işlə təmin oluna bilərlər. Bunun üçün isə Azərbaycan Təhsil Nazirliyi Gürcüstan Təhsil Nazirliyi ilə birgə  xüsusi sənədlər paketi hazırlamalıdır. Orta məktəblərə isə Azərbaycan hökuməti xüsusi qayğı göstərməlidir. İqtisadi vəziyyət nə qədər ağır olsa da, Azərbaycan hökuməti Gürcüstan ərazisində fəaliyyət göstərən məktəblərə himayəçilik etməlidir. Gürcüstanın iqtisadi durumunun ağırlığı məktəblərə xüsusi qayğı göstərməyə imkan vermir. Onu da qeyd edək ki, ayrılan vəsaitləri də Gürcüstan Təhsil Nazirliyi daha çox gürcülərin yaşadığı ərzilərdə fəaliyyət göstərən məktəblər arasında bölür. Bu həm milli təəssübkeşlikdən, həm də vəsaitin azlığından irəli gəlir. Azərbaycanlıların yaşadığı ərazilərdəki  məktəblər isə əsasən diqqətdən kənarda qalır. Buna görə də Azərbaycan tərəfi məktəblərə xüsusi himayəçilik göstərməlidir. Məktəblərin inşasından tutmuş, müasir avadanlıqlarla təchizinə qədər nəzarətdə saxlanılmalıdır. Bunu etməyin müxtəlif hüquqi yolları var. Xeyriyyə fondları yaratmaqdan tutmuş Azərbaycanın ayrı-ayrı rayonlarının bir məktəbi himayəyə götürməsinə qədər müxtəlif vasitələrdən istifadə etmək olar. Əsas məsələ odur ki, dövlət bu problemə sistemli yanaşsın. Əks təqdirdə, yerli məktəblərin səviyyəsinin müasir tələblərə cavab verməməsi gec-tez soydaşlarımızın bu əraziləri tərk etməsi ilə nəticələnəcək. Bəlkə, Gürcüstanda bu siyasətin gerçəkləşməsini istəyən dövlət məmurları da az deyil. Süni surətdə də belə bir problem yaradılaraq, əhalinin yavaş-yavaş öz ata-baba yurdlarından köçürülməsinə şərait yaradırlar. Ona görə də Gürcüstan hökumətinin atacağı hər hansı bir addımı gözləmədən məktəblərə himayəçiliyi Azərbaycan hökuməti öz üzərinə götürməlidir. Təhsil məsələsi həll olunduqdan sonra əhalinin ictimai-siyasi aktivliyi artacaq, həmçinin dövlət qulluqçuları sırasında azərbaycanlılar kifayət qədər çoxalacaq. Bu da növbəti mərhələdə Azərbaycan türklərinin Gürcüstan dövləti içərisində rolunu xüsusi olaraq artıracaq, ərazini tərk etmə təhlükəsi qisməndən də olsa aradan qalxacaq. Lakin Azərbaycan hökuməti təkcə təhsil siyasəti ilə kafayətlənməməlidir. İqtisadi sahədə Azərbaycan hökuməti daha ciddi addımlar atmalıdır. Gürcüstanda Azərbaycan banklarının şöbələri açılmalı, pul-kredit siyasəti xüsusi güzəştlərlə həyata keçirilməlidir. Bankların əsas vəzifəsi pul qazanmaq yox, əhaliyə xidmət göstərmək olmalıdır. Bank güzəştli kreit sistemi müəyyənləşdirərək, ( təbii ki, Azərbaycan Hökumətinin dəstəyi ilə) kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan soydaşlarımıza ssudaların (faizsiz, güzəştli və ya girovsuz) verilməsini təmin etməlidir. Bu həmin ərazidə yaşayan soydaşlarımızın məşğulluq probleminə qismən də olsa kömək edəcək. Etiraf edək ki, hal-hazırda həmin ərazidə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımız belə xidmət növündən tam məhrumdurlar. Gürcüstan- Azərbaycan arasında gömrük xidməti də başqa sərhəd-keçid məntəqələrinə nəzərən sadələşdirilməlidir. Bunu dövlətlərarası müqavilə ilə tənzimləmək, keçid məntəqələrində süründürməçiliyi aradan qaldırmaqla nail olmaq olar. Azərbaycanın daxili bazarının qorunma prinsiplərini gözləməklə sərhəd bazarını da formalaşdırmaq mümkündür. Gürcüstanda aparılan torpaq islahatı birtərəfli qaydada gürcülərin xeyrinə həyata keçirilib.

Azərbaycan hökuməti Azərbaycan türklərinin torpaq payı əldə etməsi istiqamətində Gürcüstan hökuməti ilə danışıqlar aparmalı, soydaşlarımızın pozulan hüququ bərpa edilməlidir. Bu problemi süni yollarla malalamağa ehtiyac yoxdur, əksinə, problemin həllində hər şey açıq danışıqlar və səmimiyyət üzərində qurulmalıdır.

Səhiyyə sahəsində də Azərbaycan hökuməti ərazilərdəki klinikalarda güzəştli siyasət sərgiləmək əvəzinə, yerli klinikaların açılmasına diqqət etməlidir. Xüsusi yardımlar hesabına müasir tələblərə cavab verən bir klinikanın inşası həm yerli əhalinin problemlərini həll edər, həm də başqa Gürcüstan vətəndaşlarının da azərbaycanlılar yaşayan ərazini mərkəz kimi tanımasını şərtləndirər.

Mədəniyyət sahəsində də Azərbaycan hökuməti fərqli siyasət yürütməyi bacarmalıdır. Azərbaycan Mədəniyyət Nazirliyi Tiflis teatrına xüsusi diqqət ayırmalı, Gürcüstan Mərkəzi televiziyasında efir vaxtı almış “Azərbaycan saatı”nı baxımlı etməlididr. O cümlədən Azərbaycandan  mütəmadi mədəniyyət qrupları soydaşlarımızın qonağı olmalıdır. Azərbaycanlılar yaşayan rayonların birində müasir standartlara cavab verən kitabxana fəaliyyət göstərməlidir.

Bu tipli problemlər, təbii ki, çoxdur. Lakin Azərbaycan hökuməti çətinliklərə baxmayaraq geri durmamalı, milli və dövlət mənafeyi naminə Gürcüstan azərbaycanlılarının probleminə sahib çıxmalıdır. Əks təqdirdə, qaçqınlara sahib çıxmalı olacaq. Bu isə Azərbaycanı regionda sonuncu dövlət statusuna endirəcək. İqtisadi, təbiii və demoqrafik resurslarına görə bu gün Azərbaycan Cənubi Qafqazda çox ciddi üstünlüklərə malikdir. Bu üstünlükləri qorumaq isə hər birimizin borcudur.

Azərbaycan hökuməti yerli şirkətlərin Gürcüstanda filiallarının açılması məsələsini də diqqətdə saxlamalıdır. Bütün bu tipli addımlar isə Gürcüstan hökuməti ilə münasibətlərin necə qurulmasından asılıdır.

Azərbaycan dövləti Gürcüstana ərazi iddiası irəli sürmür, həmçinin, oradakı soydaşlarımızın hüquqlarının qorunması baxımından Gürcüstan tərəfi də təminat verir.

Əgər növbəti illərdə Gürcüstan federallaşmağa doğru gedərsə, federal Gürcüstanın bir subyekti hökmən Borçalı olmalıdır. Gürcüstan-Azərbaycan münasibətləri elə qurulmalıdır ki, bu subyektin mövcudluğunda Gürcüstan tərəfi özü maraqlı olsun. Bu gün konfliktlərin xarakteri, düşmənçiliyin həddi gürcüləri abxazlarla, osetinlərlə ehtiyatla davranmağa məcbur edəcək. Bu muxtar qurumlarla mərkəzi hökumət arasında uzun müddət inamsızlıq sindromu qalacaq. Belə halı Acariyaya və Cavaxetiyaya da aid etmək olar. Gürcüstan federal dövlət quruluşuna doğru getsə, Cavaxetiya ermənilərinin muxtar subyekt tələbini yerinə yetirməli olacaq. Cünki Rusiya bu məsələdə xüsusi marağa malikdir. Rusiya Cənubi Qafqazda potensial müttəfiqi olan Ermənistanın, Cavaxetiyaya muxtariyyət verilməsi istəyinə ən azı hörmətlə yanaşacaq, və regionda öz mövqeyini möhkəmlətmək istəyəcək, Gürcüstana isə əlavə təsir imkanları qazanacaq. Yeganə muxtar quruma malik olmayan isə Azərbaycan türkləri ola bilər. Buna görə də orada yaşayan azərbaycanlılar elə təşkil olunmalıdır ki, federallaşma prosesində Borçalı kənarda qalmasın. Gürcüstan özü də həm Azərbaycan hökuməti ilə, həm də yerli əhali ilə qurulan səmimi münasibətlər fonunda Borçalının muxtar quruma çevrilməsindən çəkinməməlidir. Bu hal baş verməyəcəyi təqdirdə belə beynəlxalq normalardan və xalqların öz müqəddəratını təyin etmək hüquqlarından istifadə edərək Borçalını muxtar quruma çevirə bilməliyik. Mümkün variantların biri də budur ki, Gürcütan federal qanunlarla yox, unitar prinsiplərlə idarə olunsun. Belə olan halda isə Gürcüstan-Azərbaycan münasibətləri və Gürcütanda yaşayan Azərbaycan türklərinin sosial-siyasi, iqtisadi-mədəni vəziyyəti elə səviyyədə olmalıdır ki, gürcülər özləri ilə bərabər bizi də, Gürcüstan dövlətinin təminatçısı hesab edə bilsin.

Borçalı türkləri Gürcüstan dövlətinin qarantı olmaqla, həm öz vəziyyətini sabitləşdirər, həm də regionda Azərbaycanı aparıcı dövlət vəziyyətinə gətirib çıxarar. Gürcüstanda tarixən yaşayan məshəti türklərinin gələcək taleyi də Azərbaycan hökumətinin diqqət mərkəzində olamlıdır. Məshəti türkləri Stalin repressiyalarına məruz qalaraq, öz tarixi yurdlarından didərgin salınıb. Lakin Gürcüstan hökuməti Avropa Şurasına üzv olarkən, məshəti türklərinin öz ata-baba yurdlarına qayıtması ilə bağlı xüsusi öhdəlik götürüb. Türkiyə və Azərbaycan məshəti türklərinin öz yerlərini qayıtması, sosial-iqtisadi-mədəni əlaqələrin qurulması istiqamətində birgə fəaliyyət proqramı hazırlamalıdırlar. Azərbaycan hökuməti məshəti türklərinin problemlərinə biganə qalmamaqla, əslində, Gürcüstanda öz mövqelərini möhkəmlətmiş olur. Nəzərə alsaq ki, məhsəti türklərinin bir qismi də Azərbaycan ərazisində yaşayır, fikrimizin həqiqət olduğu bir daha təsdiqlənir.

Təbii ki, biz əsas strateji məqamlardan söhbət açdıq. Lakin Gürcüstan dövlətinin qarantı olmaq heç də Azərbaycan əsilli seçicilərin iqtidar seçicisinə çevrilməsi demək deyil. Heydər Əliyev-Şevardnadze münasibətlərinin fonunda Borçalı seçiciləri məhz belə xarakterizə olunurdular. Biz orda yaşayan əhalini milli problemlərə münasibətdə bir çətir altına yığmağı bacarmalıyıq. Siyasi məsələlərdə isə biz insanların daha fərqli düşərgələrdə təmsil olunması üçün təbliğat aparmalıyıq. Hər bir siyasi təşkilat hiss etməlidir ki, onun qələbəsi üçün azərbaycanlı seçicinin səsi xüsusi əhəmiyyət kəsb edir. Bu səs uğrunda güzəştli siyasət vəd etməklə Gürcüstan siyasiləri arasında azərbaycanlı seçicinin səsi uğrunda rəqabət təşkil etmək lazımdır. Tarixi adların qaytarılması, seçkili orqanlarda türklərin iştirakı, dövlət qulluğunda təmsil olunma əsas hədəflərdən olmalıdır. Buna nail olmaq üçün isə savadlı, sabit təhlükəsizliyə inanan Borçalı sakinləri lazımdır. Azərbaycan hökuməti buna çalışmalı, problemlərin üstündən sükutla keçməməli, onu gürcü həmkarları ilə danışıqlar masası ətrafında əyləşərək, həll etməlidir.

Biz Qafqazda öz yeri olan bir dövlətə çevrilməliyik. Bizim Qafqazdakı ədalətli yerimiz isə Borçalı türklərinə qarşı sərgiləyəcəyimiz siyasətdən çox asılıdır. Biz Gürcüstanla dost olmalı, Gürcüstan ərazisində yaşayan bizim soydaşlara öz vətəndaşı kimi bərabər münasibət bəsləməlidir. Bu münasibət isə daha çox Azərbaycan hökumətinin yürüdəcəyi siyasətdən asılıdır. Regionun aparıcı dövləti olmaq istəyiriksə, Borçalı türklərinə sahib çıxmalıyıq.

 

CƏNUBİ AZƏRBAYCAN PROBLEMİ

Müasir Azərbaycan Respublikasının ən yaxın qonşularından biri də İran İslam Cümhuriyyətidir. Azərbaycanın ən uzun sərhədləri də məhz bu qonşu dövlətlədir. Lakin önəmli olan bu deyil. İran İslam Respublikasında dəqiq olmayan məlumatlara görə otuz milyona yaxın Azərbaycan türkü yaşayır.

Niyə dəqiq olmayan ifadəsini işlədirik?

İran imperiya xislətinə uyğun olaraq, millətlərin öz adı ilə yazılmasına qəti qadağa qoyub. Belə ki, pasportlardakı milliyət qrafasında sadəcə “iranlı” yazılır. Bu da İranda yaşayan millətlərin dəqiq sayını müəyyən etməyə imkan vermir. Düzdür, belə hallara bir sıra Qərb dövlətlərində də təsadüf olunur. Amma bu daha çox insanların bərabərliyi kimi xarakterizə olunur. (bu mövzuya ayrıca qayıtmaq olar)

Çox cəsarətlə demək olar ki, müasir İran ərazilərinin az qala 1/3-i qədim Azərbaycan torpaqlarıdır. Bu parçalanmanın tarixi də uzaq keçmişə getmir. 1813-cü ildə Gülüstanda və 1828-ci ildə Türkmənçayda İranla Rusiya arasında bağlanan sülh müqaviləsi Azərbaycanı ikiyə böldü.

Tarixi araşdırma aparmaq, bu parçalanmada Azərbaycan xanlarının səhvlərini araşdırmaq tarixçilərin işidir. Bu gün Azərbaycan siyasətçiləri BMT-nin mövcud sərhədlər çərçivəsində tanıdığı İrana qarşı və o ərazidə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində siyasət sərgiləməyə borcludurlar. İnsanların vətəndaş hüququ isə həm mədəni, dini, həm də xalqların öz müqəddəratını təyin etmək hüququ ilə ölçülür. Azərbaycan ictimai fikrində İrana yönəlik siyasətlə bağlı bir neçə aparıcı xətt var.

Bir qrup insanlar İranın imperiya kimi gec-tez dağılacağını söyləyərək, bütöv Azərbaycan fikrini daha çox qabardır, Güney Azərbaycanda da milli azadlıq hərəkatının vüsət alması üçün bütün imkanlardan yararlanırlar.

Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsi

Gülüstan (12 oktyabr 1813) və Türkmənçay müqavilələri (10 fevral 1828 )

Digər qrup belə hesab edir ki, İrandakı soydaşlarımızın gələcəyi Azərbaycan dövlətinin həll edə biləcəyi problemlər kateqoriyasına aid deyil, onun taleyini iri dövlətlər həll edəcək, Azərbaycan İranla normal münasibət saxlayaraq, prosesi tarixin ixtiyarına buraxmalıdır.

Başqa bir qrup ümumiyyətlə Cənubi Azərbaycan probleminin olduğunu inkar edir və İranla heç bir problemimizin olmadığını bəyan edir. Bu qrup daha çox hökumət nümayəndələri və Rusiya-İranmeyilli siayasi qüvvələrdir.

Digər bir qrup çox qəribə də olsa, İranın təsiri ilə Azərbaycanı da bu ölkənin ərazisi hesab edərək, Azərbaycan dövlətinin İranla birləşməsini daha məqbul variant hesab edir. Sadaladığım qruplar nəzərə çarpacaq dərəcədə çox olduğu üçün xüsusi qaydada qeyd etdim. Təbii ki, sadaladıqlarımızdan başqa da İran-Azərbaycan münasibətlərini fərqli rakursda görmək istəyənlər var. Lakin bu qruplar o qədər də ciddi saya malik deyillər. Kimlər haqlıdır? İranla Azərbaycan münasibətləri hansı çərçivədə qurulmalıdır, Cənubi Azərbaycan türklərinin taleyi necə olmalıdır?! Azərbaycan Respublikası ölkənin bu ağır vaxtında proseslərə seyrçi qalmalıdırmı?!

Biz hesab edirik ki, Azərbaycan dövlətinin bu məsələlərə aydın, davamlı siyasi yanaşması, daha dəqiq desək, dövlət siyasəti olmalıdır. İlk növbədə, ictimai fikirdə hakim olan bir sıra yanaşmalara öz münasibətimizi bildirək. Bundan sonra, isə məqbul bildiyimiz siyasi kursu açıqlamağa çalışaq. Əvvəla, İranın bir imperiya kimi çox tezliklə dağılacağı fikrinə aydınlıq gətirək.

Son illərdə bir neçə imperiyanın çöküşünün şahidi olmuşuq. Gözlərimiz önündə, SSRİ adlı böyük bir imperiya süquta uğradı. Əslində hər şey elə bundan sonra başladı. Sonra YSFR-nin çöküşünün, daha sonra isə Çexoslovakiyanın ikiyə bölünməsinin şahidi olduq. Bu proses həm də sosialist sisteminin iflası ilə bağlı idi. SSRİ-nin dağılması, onun yerində müstəqil dövlətlərin yaranması, İranın dağılacağı təsəvvürünü daha da gücləndirir.

Lakin istər SSRİ, istərsə də Yuqoslaviya və Çexoslovakiya həm dövlət quruluşlarına, həm də idarəetmə formalarına görə İrandan kəskin fərqlənirdi. SSRİ-nin adından bəlli idi ki, bu müxtəlif dövlətləri özündə birləşdirən bir quruluşdur. (Respublikalar İttifaqı) İdarəetmə formasında da köklü fərqlər var idi. SSRİ-yə daxil olan hər bir respublika formal da olsa, respublika çərçivəsində seçkilər keçirir, özünün rəhbərini təyin edir, Parlamenti, nazirlikləri fəaliyyət göstərir, o cümlədən digər strukturlar yaradaraq, idarəetməni tamamlayırdı. SSRİ adına çağırılan ümumi toplantılarda da respublikaların nümayəndələri iştrak edirdi. Hətta, SSRİ respublikalarında 3-ü – Rusiya, Belorusiya və Ukrayna – SSRİ-nin mövcud olduğu illərdə BMT-nin müstəqil üzvləri idi. Anoloji hal Yuqoslaviya Sosialist Federativ Respublikasında və Çexoslovakiyada da mövcud idi. Çexoslovakiyanın adından da göründüyü kimi 2 subyektin birləşməsindən yaranıb (Çexiya və Slovakiya). Yuqoslaviya da respublikaların birləşməsindən yaranan mənanı öz adında ehtiva edirdi. həmçinin, bu ölkələrdə idarəetmədə də SSRİ prinsipləri hakim idi. İran da imperiyadır. Lakin İran adında və idarəetmə formasında son illərin dağılan imperiyalarına xas xüsusiyyətləri özündə birləşdirmir.

Müxtəlif xalqların və millətlərin bu ərazidə yaşaması isə hələ İranı beynəlxalq aləmdə imperiya kimi xarakterizə etməyə imkan vermir. İran unitar dövlət quruluşuna malikdir. Tarixə nəzər yetirsək, heç İranı imperiya kimi tanıyan samballı tarixçilərə də rast gəlmirik. Bugünkü İran sərhədləri çərçivəsində tarixən fəaliyyət göstərmiş Azərbaycan dövlətlərini də dünya İran dövlətləri kimi qəbul edib. Biz Şah İsmayıl Xətainin Səfəvilər dövlətini haqlı olaraq, Azərbaycan dövləti hesab edirik. Bunu təsdiq edən xeyli tarixi materiallar da var. Dövlət dilindən tutmuş, beynəlxalq yazışmalara qədər hər şey türk dilində həyata keçirilib. Lakin nədənsə dünya Səfəvilər dövlətini İran Səfəvilər dövləti kimi qəbul edir, tarixçilər öz araşdırmalarında İran adına daha çox istinad edirlər. Söhbət kimin ədalətli və ya qərəzli yanaşmasından yox, reallıqdan gedir. Heç bir dünya tarixçisi fərqində deyil ki, yalnız 1925-ci ildə farslar hakimiyyəti götürərək, Pəhləvilər sülaləsini iqtidara gətiriblər. Ona qədər isə Qacarilər – türk sülaləsi – hakimiyyətdə olub. Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri də İran-Rusiya müharibəsi nəticəsində baş verib.

Yəni bu tarixi ədələtsizlik olsa da, reallıqdır. 1945-ci ilin 21 Azər inqilabı nəticəsində yaranan Azərbaycan dövləti də təssüflər olsun ki, İranı federallaşdıra bilmədi. Bir daha qeyd edim ki, İran bütün bu proseslərə rəğmən öz unitarlığını qoruyub. Ona görə də İranın bir imperiya kimi dağılacağını proqnozlaşdırmaq çox tezdir. İranın əvvəlcə imperiya olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq, ictimai fikri buna hazırlamaq lazımdır. Ən azı Azərbaycan türkləri BMT çərçivəsində bölünmüş xalq statusu almağı bacarmalı, bunun nəticəsində İranın idarəetmə formasında federallaşmasını və ya muxtar qurumların mövcudluğunu təmin etmək lazımdır. Bu məsələlərə qayıdacağıq.

İranın imperiya olaraq dağılacağını proqnozlaşdıranların bir arqumenti də iri dövlətlərin, xüsusilə ABŞ-ın bu ölkəyə münasibəti ilə ölçülür. ABŞ-ın planında İranın parçalanması məsələsi dayanırmı?!

Yaxın və Orta Şərqdə, bütövlükdə isə dünyada şəriksiz liderlik edən ABŞ İranın dağılmasını istəmir. Bunun bir sıra köklü səbəbləri var. İran, İraq, Əfqanıstan kimi dövlətlərin mövcudluğu ABŞ-ı bu regiona gətirir. Bir anlıq güman edək ki, Əfqanıstan demokratik idarəetməyə malik, insan haqlarının qorunduğu, ərazisində terrorçu qruplar saxlamayan bir dövlətdir. ABŞ və ya onun müttəfiqləri bu dövlətin ərazisini necə nəzarətə götürməyə cəhd edərlər və ya İraqda Səddam Hüseyni bir qədər fərqli lider əvəz etmiş olsaydı – məsələn, Hüsnü Mübarək kimi, ABŞ qoşunları antiterror əməliyyatı adı altında bu ərazilərə girə bilərdimi? O cümlədən İran İslam Respublikası da bu qəbildəndir. İranda İslam İnqilabının qələbəsinə qədər demokratik dəyərlərə yaxın (Ən azı ABŞ-ın müttəfiqi olan digər Yaxın şərq ölkələri kimi) bir dövlət quruluşu var idi. İran ABŞ-ın ən yaxın müttəfiqi idi. Lakin Amerikapərəst hökumətin devrilməsinə ABŞ elə də ciddi reaksiya vermədi. ABŞ-ın və bütövlükdə Qərb dünyasının Yaxın və Orta Şərq siyasətini təftiş etməkdən uzağam. Bu ayrı bir mövzudur. Lakin İranın ABŞ vasitəsilə parçalanacağını iddia etmək çox ciddi siyasi yanlışlıqdır. ABŞ olsa-olsa İranda rejimi dəyişməyə cəhd edə bilər. Bu da müəyyən zaman fasiləsindən sonra. Son 14 ildə ABŞ iki dəfə İraq üzərinə yürüş etdi. Lakin hər iki halda İraqın bütövlüyü prioritet mövzu kimi müzakirələr predmetinə cevrilib. Bu həm ABŞ-ın, həm də digər region dövlətlərinin maraqlarının başlıca tələbidir. İranda da  vəziyyət belədir. Türkiyə bəzi sapmalara baxmayaraq regionda yenə də ABŞ-ın strateji müttəfiqi hesab olunur. Türkiyə İranın parçalanmasını istəmir. İranın parçalanması nəticəsində bu ərazidə Cənubi Azərbaycanla yanaşı, Kürdüstan dövləti də yarana bilər. Kürdlərin İranda sayı təxminən 6 milyona yaxındır və kürd əhalisi İranda İraq və Türkiyə sərhəddinə bitişik ərazidə yaşayırlar. İranın parçalanması nəticəsində yaranacaq Kürdistan dövləti İraq və Türkiyəyə ərazi iddiaları irəli sürəcək. Türkiyənin İran, İraq və Suriya ilə sərhədlərinə yaxın və bitişik ərazidə, onsuz da Kürdistan muxtariyyəti uğrunda neçə illərdir ki, amansız döyüşlər gedir. Kürdistan dövlətinin mövcudluğu bu döyüşləri bir qədər də intensivləşdirəcək. Bu təhlükə Türkiyəyə İran siyasətinə ərazilərin parçalanmaması prizmasından baxmağa məcbur edir.

Eyni vəziyyət İraq üçün də səciyyəvidir. İranın parçalanması ilə yaranacaq Kürdüstan İraq ərazisinə də iddia edəcək. Çünki, İraqda da kürdlərin kompakt yaşadığı Kürdüstan deyilən ərazi mövcuddur. ABŞ İraqda rejimi dəyişsə də, ölkəni parçalamağa cəhd etmədi. Bu da bir sıra mətləblərdən xəbər verir. İndi İraq yenilənmiş formada çox güman ki, tam ABŞ-ın nəzarətində olacaq. ABŞ-ın nəzarətində olan bir dövlətə isə Amerika hökuməti əlavə bir problem yaratmağa, onu etnik separatçılıqla üz-üzə qoymağa səy göstərməyəcək. İranın qonşularından biri də Pakistan İslam Respublikasıdır. İranın parçalanması nəticəsində isə muxtariyyat və müstəqillik qazana biləcək etnik qruplardan biri də bəluclardır. Bəlucların bir qismi isə kompakt halda Pakistan ərazisində –  İranla sərhədə yaxın ərazidə yaşayırlar.

Bəlucların muxtar qurum və ya müstəqillik əldə etməsi Pakistana ərazi iddiası ilə sonuclana bilər. ABŞ isə Pakistanla müttəfiqdir. Həmçinin Pakistan son illərdə nüvə silahı əldə etmiş bir dövlətdir. ABŞ nüvə silahına malik bir dövləti, xüsusən müsəlman ölkəsini öz düşməninə çevirmək istəməz. Pakistan İslam Respublikası da İranın parçalanaraq, ona əlavə problem yaratmasını qətiyyən arzulamır. O cümlədən Rusiya da İranın parçalanmasını, xüsusən həmin parçalanma nəticəsində Böyük Azərbaycan yaranmasını arzu etmir və buna qarşıdır. Bu, həmçinin, onun Cənubi Qafqaz siyasəti ilə tam ziddiyyət təşkil edir. İranla qonşu olan ölkələrdən biri də Ermənistandır. Təbii ki, Ermənistan da düşmənçilik münasibətlərində olduğu Azərbaycanın İranın parçalanması nəticəsində güclənməsinin əleyhinədir. İranın nəzarətində olan Cənubi Azərbaycan müstəqillik əldə edərsə, Ermənistan dövlətinin gələcək taleyi çox böyük şübhə altında qalar. Belə ki, İranda parçalanma baş verərsə, Ermənistan bütün sərhəd boyu Azərbaycan və Türkiyə türkərinin əhatəsində qalmalı olar. Heç kəsə sirr deyil ki, Gürcüstanla Ermənistanın sərhəddində də Azərbaycan türkləri çoxluq təşkil edir. Yəqin ki, bu hal beynəlxalq erməni lobbisinin diqqətindən də yayınmayıb. Onlar bütün imkanlarını səfərbər edərək, İranın parçalanmasını əngəlləməyə çalışacaqlar. Elə indinin özündə İran və Ermənistanın isti müttəfiqlik münasibətləri də həmin mətləblərdən xəbər verir. Beləliklə, İranın yaxın qonşularının hamısı (Azərbaycan istisna olmaqla) bu ölkənin bütövlüyünün tərəfdarıdır. O cümlədən Avropa ölkələri içərisində də İranın möhkəm dayaqları var. Hətta, ABŞ-ın təcridetmə siyasəti də bəzi Avropa ölkələrini İranla əlaqələrdən çəkindirə bilməmişdir. Belə ölkələr sırasına Fransa, Almaniya kimi Avropa nəhəngləri aiddir. ABŞ-Avropa gizli rəqabəti bu məsələdə xüsusi rol oynayır. Beləliklə, gətirdiyimiz çox saylı misallardan bir daha aydın olur ki, ABŞ İranı parçalamaqda maraqlı deyil. Hətta dövlətlərarası münasibətlərin gərginliyi fonunda ABŞ buna cəhd etsə də, qonşu dövlətlər və digər iri Avropa bossları buna imkan verməyəcək.

İranın parçalanması, həmçinin Yaxın Şərqdə siyasi vəziyyəti olduqca gərginləşdirə bilər. Mövcud islami qruplaşmaların bir çoxu məhz İran tərəfindən himayə olunur. İranın dağılması ilə bu islami qruplaşmalar digər islam dövlətləri üçün çox ciddi problemlər yaradar. Ona görə də bütövlükdə islam dünyasının özü də İranın parçalanmasında maraqlı deyil. Bəs ABŞ İrandan nə istəyir? ABŞ olsa-olsa, rejimləri öz xeyrinə dəyişməyə cəhd göstərir. İranda da ABŞ, islam rejimini dəyişməyə cəhd edəcək, İranın ərazi bütövlüyünü qorumaq şərti ilə. Bu isə hələ heç də cənubdakı soydaşlarımızın hüquqlarının tanınması demək deyil. Sadəcə olaraq, biz rejim dəyişəndə İranı öz maraqlarımızı nəzərə almağa  məcbur etməliyik. Bu barədə bir az sonra.

Başqa bir qrup Cənubi Azərbaycan probleminin həllinin bizdən asılı olmadığını iddia edərək, bunu iri dövlətlərin öhdəsinə buraxmağımızı istəyir.

İlk növbədə iri dövlətlərin İrana münasibətini (o cümlədən qonşu dövlətlərin) yuxarıda qismən də olsa, şərh etdik. Cənubi Azərbaycanda yaşayan 30 milyonluq bir xalqın problemini kimlərinsə öhdəsinə buraxıb sakitcə prosesləri izləmək çox böyük siyasi yanlışlıqdır. Onsuz da, indiyə qədər bundan o qədər də fərqlənməyən siyasət sərgiləməklə çox şey uduzmuşuq. Ən azı İran daxildə ostanların ərazi sərhədlərini dəyişməklə cənubdakı torpaqlarımızın böyük bir qismini ya fars əyalətlərinə, ya da Kürdüstana birləşdirib. Bizim sükut etməyimiz nəticəsində İranda milli haqların pozulması və repressiyalar nəticəsində milyonlarla soydaşlarımız mühacirətə getməyə üstünlük verib. Ona görə də, bu təkcə iri dövlətlərin həll edə biləcəyi məsələ yox, həm də bizim sərgiləməli olduğumuz siyasətdir. İranda baş verəcək hər hansı bir yenilikorada yaşayan əhalinin aktivliyi nəticəsində həyata keçiriləcək. 30 milyonluq Azərbaycan türkləri də bu gün İran vətəndaşlarıdırlar. Demək, onlar da İran prosesinin başlıca iştirakçıları olacaqlar. İran tarixinə nəzər salsaq görərik ki, bütün əhamiyyətli hadisələrdə əsas aparıcı missiya Azərbaycan türklərinə məxsus olub. Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 21 Azər inqilabı, o cümlədən son islam inqilabında Azərbaycan türkləri İranın taleyini müəyyən ediblər. Heç kəs təminat vermir ki, yenə də İrandakı rejim dəyişikliyi Azərbaycan türklərinin əli ilə həyata keçirilməyəcək. Bu dəfə Azərbaycan vəziyyətdən heç olmasa 30 milyonun mədəni və muxtar hüququnun tanınması istiqamətində yararlanmağı bacarmalıdır. Bu mərhələni də uduzmamaq üçün prosesləri təkcə iri dövlətlərin ixtiyarına buraxmaq olmaz. Dünya qloballaşmaya, bununla yanaşı, azsaylı xalqların hüququnu tanımağa doğru gedirsə, biz niyə ləngiməli, niyə bu gün edə biləcəklərimizi sabahın ümidinə qoymalıyıq?!

İctimai fikirdə həm də İranla ehtiyatla davranmağı məsləhət bilən mövqe hakimdir. Xüsusən son illərdə Azərbaycan hakimiyyəti Elçibəy iqtidarından fərqli olaraq belə bir kurs nümayiş etdirir. Sanki İranla Azərbaycanın heç bir problemi yoxdur, İran Azərbaycanın ən yaxın dostudur. Əslində isə, bunun belə olmadığı hər kəsə bəllidir. Problemləri nə qədər malalamağa çalışsalar da, həqiqəti hər kəs görür. İran Xəzərin statusu ilə bağlı mütəmadi bəyanatlar verir, Azərbaycanın sərhədləri pozulur və s. Bununla yanaşı, İran Azərbaycan ərazisində gizli fəaliyyətə də üstünlük verir. Dini icmalar və ya şiə kontingentini öz nəzarətində saxlamaq, məscidləri İran təbliğat məkanına çevirmək üçün qonşu dövlət bütün vasitələrdən istifadə edir. Siyasi və ictimai təşkilatlar arasında da, İran meyilli və ya İslam adı altında İran maraqlarının ifadəçisinə çevrilən xeyli qurumlar mövcuddur. İran Azərbaycandan qorxur. Müstəqil Azərbaycanın demokratik dünyaya inteqrasiyası, sosial-iqtisadi-mədəni inkişafı İrana təsirsiz ötüşməyəcək. 30 milyonluq güney quzeyin bu uğurlarının ardınca hökmən müstəqillik və ya bütöv Azərbaycan tələbi ilə ayağa qalxacaq. Onsuz da  həm güneydə, həm də quzeydə belə çağırışlar az qala hər gün eşidilir. Belə problemləri görə-görə, onların üstündən sükutla keçmək əlavə daxili problemlər yaradır. Sadalanan problemlərin üstündən sükutla keçmək yox, masa arxasında müzakirə edib, həll etmək lazımdır. Cənubdan Azərbaycana qaçan çoxsaylı milli mühacirləri də bu problemlərə aid etmək lazımdır. Lakin biz Cənubi Azərbaycan iddiası ilə İrana qarşı gedə bilmərik. Bunun obyektiv və subyektiv səbəbləri var. Azərbaycan Respublikası özünün elə kövrək dövrünü yaşayır ki, belə bir iddia onu əlavə faciələrlə üz-üzə qoyar. Amma biz həm beynəlxalq aləmdə, həm də cənubda gedən proseslər fonunda susa da bilmərik. Azərbaycan dövlətinin mövcud problemə dövlət siyasəti formasında baxışı olmalıdır. Necə ola bilər ki, bir dövlətin ərazisində problemlə bağlı bu qədər ictimai-siyasi təşkilat fəaliyyət göstərsin (BAB, DAK, GAMOH, GAİP, GAHMK və s.), dövlət isə seyrçi mövqe tutsun?! Və ya İranın ölkəmizdəki böyük Elçiliyi qarşısında mütəmadi etiraz aksiyaları keçirilsin, dövlət isə vətəndaşlarının bu tələbini qulaqardına vursun?! Bütün bunlara görə hesab edirik ki, Azərbaycan Respublikası Cənubi Azərbaycana yönəlik xüsusi dövlət siyasəti paketinə malik olmalıdır.

Azərbaycanda bir qrup insan da var ki, onlar Azərbaycanın İrana birləşməsini daha optimal variant hesab edirlər. Bu təklifi cənubda da dəstəkləyən xeyli insan var. Onlar belə hesab edirlər ki, İranla birləşərək, dövlət strukturlarını ələ keçirmək və beləliklə də, İranı Azərbaycan Dövləti elan etmək olar. Lakin bu soydaşlarımız unudurlar ki, Şah İsmayıl Xətai, Nadir, Qacar, Şah Abbas və s. İran liderləri məhz Azərbaycan türkləri idilər. Amma onlar da İranı Azərbaycana çevirə və ya tarixi torpaqlarımızı özümüzünkü elan edə, parçalanmadan qaça bilmədilər. Elə bu günün özündə İranın dini lideri Ayətullah Əli Xamneyi Azərbaycan türkü deyilmi? Bəs nədən İran problemimizə son qoyulmur? Hər kəsə bəllidir ki, İranın ali dövlət orqanlarında kifayət qədər Azərbaycan türkü səlahiyyət sahibidir. Amma onların böyük əksəriyyəti özünü daha çox İranlı hesab edir, nəinki Azərbaycan türkü.

Səslənən təkliflər içərisində muxtariyyat, federal idarəçilik, mədəni haqların bərqərar olması və sairə kimi təkliflər də var:

  • Cənubi Azərbaycan probleminin həlli nədən başlayır?
  • Soydaşlarımız nə etməli, ictimai-siyasi təşkilatlar, Cənuba yönəlik hansı addımlar atmalı?
  • Güneydən mühacirət etmiş milyonlar necə səfərbər olmalı?
  • Cənubda yaşayan soydaşlarımızın milli-mədəni vəziyyətlərinin yaxşılaşdırılması üçün qarşımızda hansı vəzifələr dayanır?
  • Tarixi ədalətsizliyi aradan qaldırmaq üçün strategiyamız necə olmalı?
  • BMT qarşısında parçalanmış xalq statusunu necə əldə etməli?
  • Başlıcası, Azərbaycan Respublikası bu proseslərdə hansı mövqeyi tutmalı, hansı siyasət sərgiləməli, baş verən hadisələr fonunda növbəti dəfə itirməmək üçün nə etməlidir?

Azərbaycan dövləti İranayönəlik siyasətdə heç vaxt ərazi iddiası ilə çıxış etməməlidir. Bunun Azərbaycan Respublikası üçün bir sıra müsbət tərəfləri var. Əvvəlcə qeyd etmişdik ki, qonşu və iri dövlətlər də İranın parçalanmasının qəti əleyhinədir. Azərbaycanın İrana qarşı ərazi iddiası ilə çıxış etməsi, ölkəmizə İranayönəlik siyasətdə heç bir müttəfiq qazandıra bilməyəcək. Yalnız İsrail-İran düşmənçiliyi fonunda İsrail Azərbaycana dəstək verə bilər. Lakin strateji müttəfiqimiz olan Türkiyə də bu məsələdə Azərbaycanı dəstəkləməyəcək. O cümlədən Pakistan, ABŞ, Almaniya, Rusiya, Fransa, Böyük Britaniya da ərazi iddiasına qarşı olacaq. İslam Ölkələri Konfransı Təşkilatı da Azərbaycanın digər müsəlman dövlətinə iddialı münasibətini qəbul etməyəcək. Qonşu Gürcüstan belə Borçalı bölgəsinin də sabah iddia predmetinə çevrilə biləcəyi qorxusundan Azərbaycana qarşı olacaq. Dini hisslərin yüksək olduğu Şimali Qafqaz xalqları da Azərbaycana qarşı çevrilə bilər. Orta Asiya türk cümhuriyyətləri də ən yaxşı halda, neytral mövqe tuta bilərlər. Lakin bu o qədər də inandırıcı deyil. Çünki elə indinin özündə Türkmənistan, Çin və Özbəkistan İranla çox sıx münasibətdədirlər. Dünyanın iri dövlətlərindən biri olan Çin-uyğur probleminə rəğmən sərhədlərin dəyişdirilməsinin qəti əleyhidarı kimi çıxış edəcək. Deməli, ərazi iddiası ilə çıxış etmək Azərbaycanı bu məsələdə faktik müttəfiqsiz qoyacaq. Beynəlxalq təşkilatlar da sərhədlərin dəyişdirilməsi prinsipini məqbul variant hesab etmir.

Bəlkə öz daxili imkanlarımıza güvənərək, bu iddia ilə çıxış edək? Azərbaycanın daxili imkanları hər hansı bir dövlətə ərazi iddiası irəli sürmək üçün yetərli deyil. Azərbaycanın daxili siyasətində də İran faktoru kifayət qədər rol oynayır. İran Azərbaycanda bir sıra ictimai-siyasi təşkilatları maliyyələşdirməklə ölkəmizin daxili durumunu istiqamətləndirə bilər. Həmçinin etnik-milli separatçılığa meylli olan  bir sıra təşkilatlar da İranın himayəçiliyi ilə fəaliyyət göstərir. Dini sektorda isə İran amili daha güclüdür. Azərbaycan dövləti bu baxımdan, demək olar ki, dini sektora nəzarət edə bilmir. Bütün bu daxili çətinliklər fonunda Azərbaycanın güclü dövlətçilik ənənələri olan İrana qarşı çıxması heç də asan başa gəlməz. Yaxın illərdə bu nisbətin Azərbaycanın xeyrinə dəyişməsini güman etmək sadəlövhlük olardı.

Ona görə də Azərbaycan dövlətinin siyasətində İrana qarşı ərazi iddiası qətiyyən yer almamalıdır. Amma insan haqları və demokratiya heç bir dövlətin daxili işi olmadığı üçün bu sahədə Azərbaycan beynəlxalq qurumlarla əlbir fəaliyyət göstərməlidir.

Bu gün diasporun formalaşdırılmasından çox danışılır. Hamıya aydındır ki, MDB xaric, digər ölkələrdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti Cənubi Azərbaycan əsillidir. Azərbaycan dövləti bu soydaşlarımızı təşkilatlandırmaq istiqamətində çox zəif fəaliyyət göstərir. Xaricdə Yaşayan Həmvətənlərlə İş Üzrə Dövlət Komitəsi təşkilatlanma işini daha çox müasir Azərbaycan dövlətinin problemləri üzərində qurur. Əslində, belə bir komitənin mövcud olması özü problem yaradır. Təbii ki, komitə Azərbaycan reallıqlarını nəzərə alaraq, cənub problemlərinə toxunmur. Bu da əslən cənubdan olan soydaşlarımıza Azərbaycan Respublikasını onların problemlərinə biganə yanaşmağa görə ittiham etmək üçün imkanı verir. Nəticədə xaricdə təşkilatlanmaq əvəzinə, növbəti parçalanma yaranır. Diasporun formalaşdırılması daha çox ictimai təşkilatların, birliklərin işidir. Bununla dövlət məşğul olmamalıdır. İctimai təşkilatların mövqeləri heç bir dövlətdə ciddi etirazla qarşılana bilmir. Dövlət Komitəsi isə öz siyasətini ölçüb-biçməli, etiraz doğuran addımlara yol verməməlidir. Buna görə də növbəti hakimiyyət bu komitənin işinə xitam verərək, diasporun formalaşmasını ictimai təşkilatların öhdəsinə buraxmalıdır. Əvəzində isə ölkə ərazisində qüvvədə olan “İctimai Təşkilatlar Haqqında Qanun”u təkmilləşdirərək, qeyri-hökumət təşkilatlarına dəstək verməlidir. Diasporun başlıca vəzifəsi hansı ölkədə yaşamasından asılı olmayaraq, soydaşlarımızın hüquqlarını beynəlxalq təşkilatlar vasitəsilə qorumaqdır. Çox təəssüflər olsun ki, bir əsrdən yuxarı bir müddətdə İran dövlətindən məhz milli mənsubiyyətinə görə didərgin düşən soydaşlarımız bu həqiqəti heç beynəlxalq təşkilatlara sübut edə bilmirlər. Bizim soydaşlarımız İran dövlətində hakimiyyət başında kimin olmasından asılı olmayaraq, bu ölkədə milli mənsubiyyət faktına görə qanunsuzluqlarla üzləşiblər. Onların bir çoxu həbsxanalara atılıb, bir qismi isə mühacirətə getməyə məcbur olub. Beynəlxalq təşkilatlar isə bu halı milli haqların pozulması kimi yox, yalnız insan haqlarının tapdanılması kimi qəbul ediblər. İlk növbədə demokratik ölkələrdə milli mühacir büroları açılmalı, İrandan milli məsələlərə görə didərgin düşmüş soydaşlarımızın qeydiyyatı aparılmalı, onların müvəqqəti məskunlaşdıqları ölkədə Azərbaycan türkü olduqlarına görə qovulduğu bütün sənədlərdə öz əksini tapmalıdır. Yazının əvvəlində qeyd etmişdim ki, beynəlxalq təşkilatlar, demokratik ölkələr İran ərazisində 30 milyona yaxın Azərbaycan türkünün yaşaması faktına çox səthi yanaşırlar. Bu aksiya ilə biz demokratik dünyanın diqqətini Cənubda yaşayan soydaşlarımıza və İran hökuməti tərəfindən onların milli haqlarının tapdanmasına yönəldə bilərik. Bunun ardınca isə artıq beynəlxalq qurumlar tərəfindən tanınan bir sıra təşkilatlar (DAK, GAMOH, GAİP və s.) BMT qarşısında bir sıra problemlərin qaldırılması ilə məşğul olmalıdır. Biz İrana yönəlik tələblərin çoxunda mədəni haqların qorunması ilə bağlı təkliflər eşidirik. Düzdür, İranda yaşayan azərbaycanlılarımızın öz ana dilində təhsil məsələsi çox aktualdır.

Lakin İranın bugünkü dövlət idarəçiliyi sistemində bu təklifimizin gerçəkləşdirilməsi elə orada yaşayan soydaşlarımıza problemlər yaradacaq. SSRİ dövründə müttəfiq respublikalarda əsas dil kimi yerli dildən istifadə edirdilər. Bu da yerli dildə təhsilə maraq oyadırdı. Baxmayaraq ki, əsas dövlət vəzifələrində yenə də rusdillilər çalışırdılar. İran isə unitar dövlət idarəçiliyinə malik olduğundan sabah milli dilimizdə təhsil alanların İranın dövlət idarəçiliyindən süni surətdə kənarda saxlanılmayacağına heç kəs təminat vermir. Təəssüf ki, bu problem yaxın onilliklərdə öz həllini tapa bilməyəcək. Ən azı ona görə ki, bizlər bunun beynəlxalq zəminini hazırlaya bilməmişik. Bu proses isə qloballaşmanın yeni mərhələsində o qədər də asan deyil.

Digər obyektiv amilləri isə kifayət qədər sadalamışıq. Təhsil məsələsində əsas xətt paralel olaraq Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının tədrisi olmalıdır. Başlıca vazifəmiz isə həm dünya ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara Azərbaycan türklərinin İranda milli zəmində repressiyalara məruz qalmasını çatdırmaqdır.

Qoy beynəlxalq təşkilatlar İrandan qovulan, həbs olunan, haqqı tapdanan soydaşlarımızı   antidemokratik rejimlərin, ümumən İran vətəndaşlarına münasibəti zəminində haqqı tapdanan iranlı kimi qəbul etməsinlər. Beynəlxalq təşkilatlara aydın olsun ki, bu insanların haqlarının tapdanmasının başlıca səbəbi Azərbaycan türkü olmalarıdır.

Bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, BMT qarşısında bölünmüş xalq statusu almaq məsələsi də gündəmə gəlməlidir. Heç kim güman etməsin ki, bu qurum dərhal bizə parçalanmış xalq statusu verəcək. Bu uzun, gərgin, hətta deyərdim, bu yaxın illərdə həlli mümkün olmayan məsələdir. Lakin dayanmaq olmaz. Türkmənçay müqaviləsinin imzalandığı günü xalqımızın bölünmə tarixi günü kimi rəsmiləşdirməyi bacarmalıyıq. Çox təəssüf ki, bu qədər ictimai təşkilatlar olmasına baxmayaraq, bu günün rəsmi tarixi hələ də fikirlərdə özünə yer tapmayıb. Belə bir tarixi rəsmiləşdirməklə, həm beynəlxalq ictimaiyyətin, həm də yer üzünə səpələnmiş soydaşlarımızın diqqətini Azərbaycan məsələsinə yönəldə bilərik. Dövlət strukturları cənuba yönəlik təşkilatlardan hökumət maraqları naminə yox, milli mənafe üçün istifadə etməlidir. Dövlətin bu yanaşması mövcud təşkilatları bugünkü kimi parçalanmadan xilas edər, vahid kursla bu qurumlar fəaliyyət göstərə bilər.

Xaricdə yaşayan cənublu soydaşlarımız ictimai təşkilatlarla yanaşı, 1945-46-cı illərdə fəaliyyət göstərən Pişəvəri  hökumətinin Mühacir Hökumətini yaratmalı, beynəlxalq təşkilatlarla bu hökumət adına danışıqlar aparmalıdır. O cümlədən ayrı-ayrı dövlətlərin parlamentində Cənubi Azərbaycan məsələsinin müzakirəyə çıxarılmasına nail olunmalıdır. Bu gün çox çətin görünən problemin həlli yolları var. Bunun üçün sabit qurum lazımdır. Etiraf edək ki, cənuba yönəlik ictimai təşkilatlar çox zəif, qeyri-sabit qurumlardır. Bunun da başlıca səbəbi maliyyənin və himayəçiliyin olmamasıdır. Azərbaycan Dövləti ilə bu təşkilatların münasibəti daha çox qeyri-hökumət təşkilatları müstəvisində olmalıdır.

Azərbaycan hökuməti həm güneydən gələn soydaşlarımıza, həm də xaricdə olub əslən güneyli olan həmvətənlərimizə təhsil məsələsində çox böyük güzəştlər sistemi müəyyən etməlidir. Dövlət və özəl telekanallar isə xalqımızın tarixi, mədəniyyəti, parçalanması barədə çoxbaxımlı verilişlər hazırlamalıdır. Bu gün hər kəs belə verilişlərə baxmaq imkanına malikdir.

İranın taleyinin necə olacağından asılı olaraq, bizlər doğru, ardıcıl siyasət sərgiləməyi bacarmalıyıq. İlk növbədə dünya İran deyilən bugünkü dövlətdə 30 milyon Azərbaycan türkünün yaşadığını və onların milli haqlarının pozulduğunu bilməlidir. Xaricdə aparılan mübarizə sözsüz ki, İranın daxilinə keçəcək və burada yaşayan soydaşlarımız öz haqları uğrunda mübarizəyə qalxacaqlar. Bu mübarizənin nə ilə və necə sonuclanması xaricdə apardığımız sistemli, ardıcıl, köklü siyasətdən asılı olacaq. Bu gün muxtariyyat, müstəqil dövlət tələbimiz sabah bizi hazırlıqsız vəziyyətdə yaxalaya bilər. İranın yaxın dövrlərdə dağılacağını güman etməsək də, Azərbaycan türklərinin milli haqlarını alacağını arzu edərək, mübarizə aparmaq lazımdır. Lakin bu mübarizə güneydəki vətənpərvərlərin mühacirətə üz tutması, həbs olunması, repressiyalara məruz qalması hesabına, bu gün mövcud olan Azərbaycan Respublikasını İranla müharibə vəziyyətinə çatdırmaq bahasına olmamalıdır. Hər şey ciddi ölçülüb biçilməlidir. İctimai təşkilatlara tam sərbəstlik, dövlətə isə konfliktsiz siyasət yürütməyə şərait yaradılmalıdır. Cənubi Azərbaycan problemi ilk növbədə dünyada baş verən proseslərdən, bu prosesləri bizim necə dəyərləndirməmizdən, ictimai təşkilatlarımızın sistemli mübarizəsindən, dövlətimizin isə bütün bunların hamısını necə dəyərləndirməsindən asılıdır. Nə şüarçılıq, nə də tam laqeydlik cənuba yönəlik siyasətimizin leytmotivini təşkil etməməlidir.

YEKUN OLARAQ…

Biz tarixən itkilərə məruz qalmış xalqıq. Bu xalqın əraziləri zaman-zaman müxtəlif dövlətlər tərəfindən zəbt olunub. Lakin XX əsrdə Azərbaycan yenidən beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınıb. 1992-ci ilin 2 mart tarixində BMT bizi öz üzvlüyünə qəbul edib. BMT-nin Azərbaycan dövlətini tanıdığı sərhədlər çərçivəsində, demokratik, güclü, inkşaf etmiş, ərazisi bütöv Azərbaycan qurmaq hər bir azərbaycanlının vəzifəsidir. Həmçinin harada yaşamasından asılı olmayaraq, Azərbaycan dövləti də hər bir soydaşımızın hüquqlarını qorumağı bacarmalıdır. Vətəndaş və dövlət vəzifələrini yerinə yetirmək istiqamətində atılan hər bir addım bizi Bütöv Azərbaycana yaxınlaşdırır.

20-29 dekabr 2003-cü il

 

 

İQBAL AĞAZADƏ

Azərbaycan Ümid Partiyasının sədri

Şərh yaz