Kinomuz partiyalara söz verir… – İQBAL AĞAZADƏ ilə

Kinomuz partiyalara söz verir… – Ümid Partiyasının sədri İqbal Ağazadə ilə kino haqqında danışdıq. – Jurnalist Sədaqət Kamal (“525-ci Qəzet” üçün)

(Milli Məclisdə “Partiyalar haqda yeni qanun” layihəsinin hazırlanması ərəfəsində)

Məni buna sövq edən Ümid Partiyasının sədri İqbal Ağa-zadənin bir qrup kinematoqrafçı və partiya nümayəndələrinin iştirakıyla “Azərbaycan Kinosu Günü”nü qeyd etmək üçün keçirdiyi tədbir oldu. Həqiqətən alqışlanası, yerinə düşən bir təşəbbüs idi.

Belə ki, 2022-ci ilin 2 avqust tarixində – “Azərbaycan Kinosu Günü” adəti üzrə əksər kino cameəsi və ictimaiyyətin birlikdə toplaşdığı böyük sarayda deyil, iki Kinematoqrafiya İttifaqının ayrı-ayrılıqda keçirdikləri tədbirlərdə öz əksini tapmışdı. Bütün bunlar kənardan baxan əksər insanların ürəyincə olmadı. Hər il “Kino Günü”müzün böyük saraylarda təmtəraqla qeyd olunması zamanını xatırlarkən çox məyus oldum. Elə ona görə də, “Ümid”in bir siyasi partiya olaraq bu təşəbbüsü adı kimi, özü də mənə ümid verdi. Ümid etdim ki, hər şey tezliklə yoluna qoyulacaq. Ümid etdim ki, üzümüzə gələn il kinomuzun yubiley ili olduğu üçün Kino bayramımızı ayrı-ayrılıqda deyil, birlikdə, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada keçimək də var qismətimizdə.

Bu ümidlə, müxalif partiya sədrləri-yuxarıda qeyd etdiyim kimi, Ümid Partiyasının sədri İqbal Ağa-zadədən aldığım müsahibə əsasında kinomuz, ona siyasi partiyaların dəstəyi, kinomuzdakı bəzi problemlərin həlli yolundakı təşəbbüslər mövzusunda İqbal bəyin fikirlərini oxucularla bölüşürəm:

İqbal Ağa-zadə: Kino siyasətin özüdür! Biz həyatımızda nə yaşayırıqsa, bizim kinodakı qəhrəmanlar da həyatımızda olan obrazlardır. İstər mənfi, istər müsbət qəhrəmanlar. Biz bir çox siyasi qəhrəmanlar tanıyırıq ki, onlar sonradan kino qəhrəmanlarına çevriliblər. Deyə bilmərik biz də tarixi filmlərin birində siyasi qəhrəman obrazında olacağıqmı ya yox, amma mütləq Azərbaycanın bir uğur filmi çəkiləcək, bu film çəkiləndə də mütləq orada bizim obrazımız olacaq. Çünki biz Azərbaycanın uğur filminin ssenarisini yazmaq istəyirik.
Mən mübarizəni sevən insanam. Fərdləri qəhrəmanlaşdırmaq və onlardan nümunə götürmək kimi bir xüsusiyyətim yoxdur, lakin mübarizə mənim üçün hər şeydir. Məsələn, Amerika prezidenti haqqında təyyarədə bir film çəkilmişdi. O filmdə təyyarə terrorçuların əlinə keçmiş, sonda prezident təyyarədəkiləri xilas edə bilmişdi.
Yaxud, “Cəsur ürək” filmindəki nümunələr, Azərbaycan filmlərindəki nümunələr – epizodik obrazlardan baş qəhrəmana qədər, obrazın mübarizliyi mənim üçün örnək ola bilər. Biz bütün filmləri izləməyə borcluyuq. Çünki kino hər bir xalqın, hər bir toplumun yaşamının bir hissəsidir və onun içərisində mütləq cəmiyyətin xarakterik xüsusiyyətləri var və biz ondan yararlanmağa çalışırıq. Ona görə də bizim üçün epizodlar, qəhrəmanlar, rolları ifa edənlərin özündən daha çox filmin mahiyyəti, xarakteri daha maraqlıdır.
Mən Azərbaycan filmlərini çox izləmişəm, demək olar ki, əksər filmlərimizə baxmışam, əksər filmlərin hətta ayrı-ayrı epizodlarını da əzbər bilirəm. Xüsusilə 1960-70-ci illərdə çəkilən filmlərimizi daha çox sevirəm. Bu dövrdə çəkilən filmlər mənə görə daha həyati filmlər idi. Düzdür, ilk çəkilən filmlərimizdə də öyrəniləsi nəsə var, amma onlar ilk addımlar idi. İstər neft haqqında çəkilən filmlərimiz, yaxud sonrakı dövrdə, xüsusilə 1940-cı illərdə çəkilən Ü.Hacıbəyovun senariləri əsasında çəkilən “Arşın mal alan”, “O olmasın, bu olsun”. Lakin etiraf edək ki, bizim kinodakı uğurlarımız daha çox 1960-70-ci illərdə çəkilən filmlərlə olub. Bir sistem halına salınıb: istər tarixi filmlərin – “Nəsimi”, “Nizami”, “Babək”, istərsə də, o dövrdə Sovet ideologiyasına uyğun olaraq çəkilməsinə baxmayaraq, “Böyük dayaq”, “Dəli Kür” və b. filmlərdə həm aktyor sənəti, həm rolların keyfiyyəti əvvəlki dönəmlərdən daha çox fərqlənirdi. Böyük aktyorlarımız Həsən Məmmədov, Adil İsgəndərov, Şahmar Ələkbərov, Hamlet Xanızadə, Səməndər Rzayev və başqalarının oynadıqları obrazlar ideolojiləşdirilmiş olsa da, mən o filmlərə həm də bir sənət əsəri kimi baxmışam. Mənim üçün onların hər biri bir nümunə olub. Məsələn, bizə “Axırıncı aşırım”da Adil İsgəndərovun canlandırdığı “Kərbəlayi İsmayıl” obrazını mənfi obraz kimi təqdim etməyə çalışırdılar, lakin o, bütün sözü ilə bizim üçün örnək bir obraz idi, eləcə də Məlik Dadaşovun canlandırdığı “Qəmlo” obrazı və s. Kino bizim formalaşmağımızda böyük rol oynayıb.

Hər kəs bilir ki, istər Sovet dövündə, istər sonrakı mərhələdə Azərbaycanda senarilər bərbaddır. Cəmiyyətin halını, insan formalaşdırmaq üçün senarilər yetərli deyil, amma aktyorluq baxımından böyük sənət əsərləri idi. Məsələn, “Dəli Kür” filmindəki “Cahandar” ağa obrazı olduqca qüsurlu obraz idi. Ailəsinə yanaşmasında da, bacısına yanaşmasında da, başqasının arvadını götürüb qaçmasında da, amma bütün bunların içində “Cahandar ağa”nı Azərbaycan kişisi üçün örnək bir obraz düzəltmişdilər.
Yaxud “Böyük dayaq” filmində Ələsgər Ələkbərovun canlandırdığı Azərbaycan kişisinin timsalına çevrilmiş “Mən dedim, qurtardı” deyən, despot, tiran Rüstəm kişi obrazı yaradılmışdı. Əslində, hamı bilir ki, Mirzə İbrahimovun yazdığı “Böyük dayaq” əsəri Stalinin ölümündən sonra, Sovet İttifaqı Kommunist partiyasının 1956-cı il XX Qurultayından sonra şəxsiyyətə pərəstişə qarşı yazılan bir əsərdir, amma bununla belə şəkilən obrazımız “Rüstəm kişi” obrazı idi.

Bu tipli obrazlar yanlış obrazlardır, bir az da Azərbaycan kişisini aşağılayan obrazlardır. Bu baxımdan, Azərbaycan kinosunda heç bir filmin ssenarisi məni qane etməyib, ssenarilər natamam və kompleksli olub, lakin aktyor sənəti peşəkar olub.

Mən tarixin olduğu kimi yazılmasının tərəfdarıyam. Söhbət qədimlikdən gedirsə, biz dünyanın 3-cü yaşayış məskəni hesab olunan Azıxda yaşamışıq. Azıxda yaşamayanlar bu gün dünyanın ən aparıcı, mütərəqqi dövlətlərinə çevriliblər. Biz hələə də Azıx səviyyəsində qalmışıq. Söhbət qədimlikdən yox, müasir çalarları və müasir yenilikləri qəbul edən və toplumun, cəmiyyətin problemlərini sürətlə həll edən bir idarəetmə institutunun yaradılmasından və o idarəetmə institutunda da tərəflərin hamısına inkişaf üçün şərait yaratmaq və güvənli, maarifli insan yetişdirmək məsələsindən gedir. XXI əsrdə Azərbaycan insanı hələ də xurafatın, cəhalətin, elmsizliyin, maarifsizliyin içərisindədir.

Bilirsiniz ki, hər bir milləti xarakterizə edən, obrazını cızan onun gülüşü və kədəridir. Bizim kədərimizin obrazını cızan mərsiyəxanlıqdır, ağıdır. Hətta ən doğma adamımız öləndə belə gedib kənardan mərsiyəxan dəvət edirik ki, sən ağla, biz də öz doğmamızı ağlayaq.

Gülüşümüzün də olduqca bayağı olması o deməkdir ki, biz hələ XXI əsrdən təfəkkürcə çox geridə qalmışıq. Bizi çox pis şeylər güldürür və ağladır. Biz dünya həqiqətlərini və yaşam tərzlərini doğru mənimsəyə bilməmişik. İnsan kamil, maaarifli və savadlı olanda gülüşünü və kədərini doğru-dürüst müəyyənləşdirə bilir.

Baxın, Şəhidlərimizə həsr olunmuş film çəkilsə, sizcə nə olar? Əgər bu gün hər bir şəhidin taleyi haqqında film çəkilsə, sabah vətən üçün döyüşən heç kim qalmaz. Çünki o şəhidlərin hamısı uçuq, kasıb, yarımtikili daxmalardan çıxmış, sosial cəhətdən güvənsiz bir cəmiyyətdə yaşayan insanlardır. Onların hər biri haqda ayrılıqda filmlər çəkilsə, cəmiyyətdə qəzəb yaranar. O filmlərdə Şəhidin taleyinin senarisi yazılsa, “niyə ancaq kasıb balaları vətən üçün döyüşür, şəhid olur?” fikirləri formalaşacaq. Şəhid valideynlərinə baxın. Hamısının boyu, yaşamı, şəraiti, geyimi, hətta paltarı eyni idi. Niyə? Nə üçün? Əvvəlcə mütləq bu problemləri düzəltmək lazımdır.

Əgər dini nöqteyi-nəzərdən yanaşsaq, şəhid üçün ağlanmaz, şəhidlik müqəddəsdir. Əgər insanlıq nöqteyi-nəzərdən yanaşsaq, şəhidlik bir qəhrəmanlıqdır. Biz şəhidimiz üçün göz yaşı axıda bilərik, amma göz yaşımız nifrət, kin, qəzəblə yox, sadəcə sükutla ola bilər. Ağlamayan insanı mən emosiyasız və duyğusuz hesab edirəm, amma bizim şəhid üçün ağlamağımızn forması başqa cürdür. Əgər şəhid üçün mükəmməl bir əsər yaradılarsa, biz onun qəhrəmanlığından bir nümunə götürüb sonda vətən üçün şəhid olduğunu görəriksə, sükutla gözümüzdən yaşlar da axa bilər. Bu, əslində, insanın itkisinə olanla yanaşı, həm də mütəəssirlik göz yaşı ola bilər. Amma mən bu gün ağır vəziyyətdə yaşayan, ailəsi sosial problemlər məngənəsində sıxılan şəhidlərin hamısı haqqında film çəkilməsini o qədər də faydalı, yaxud cəmiyyətə müsbət bir şey verəcəyini hesab etmirəm. Film çəkmədən öncə şəhid və qazilərimizin, ümumilikdə vətəndaşlarımızın həyat şəraiti düzənə salınmalıdır.

Şəhidlik və vətən uğrunda döyüşmək fərqli bir hissdir. Orada varlı, kasıb, imkanlı, imkansız, cəmiyyətin hansı təbəqəsinə aid olmaq şərt deyil. Şərt vətən uğrunda döyüşməkdir. Amma indi də, keçmişdə də vətən uğrunda döyüşənlərin hamısı nədənsə, dediyim kimi, eyni boyda olur. Ona görə də düşünürəm ki, bu məsələlərin üstünə ümumiləşdirilmiş obrazla getmək daha doğrudur.

Hamı çalışmalıdır ki, insanlarla münasibətdə siyasət və vəzifələr məsuliyyəti düzgün müəyyənləşsin. İndiyə qədər ola bilər ki, biz də bu məsələlərdə ləngimişik, gecikmələrimiz olub, bəzi addımları vaxtında atmamışıq, amma bu, təkcə bizə bağlı olan məsələ deyil. İdarəetmə düzgün olanda funksiyalar düzgün yerinə yetirilir. Normal dövlətlərin hamısında sənət adamları seçki kampaniyalarında iştirak edir, partiyaları seçirlər. Azərbaycanda cəmiyyət azad olmadığı üçün sənət adamları da azad deyillər və onların müstəqil seçimi yoxdur. Müstəqil seçimi olan sənət adamlarının fəxri adları yoxdur, həyat şəraitləri yaxşı deyil, prezident təqaüdləri yoxdur və s. Hakimiyyət bu istiqamətdə cəmiyyəti sıxdığı kimi, sənət adamlarını da sıxır. Bizə azadlıq lazımdır. Azadlığı kim gətirəcək? Ümid Partiyası! Biz bu azad cəmiyyəti quranda artıq siyasi institutların hər biri də o sənətkarlarla, o insanlarla birbaşa açıq təmasa çıxa biləcəklər. O zaman o insanlar üçün problem olmayacaq. Onların seçki kampaniyalarında, şəxsi məclislərində iştirak edəcəklər. Onlar seçim edəcəklər, siyasi mövqeləri olacaq. Adam kinoda ideoloji obraz yaradır, qəhrəman yaradır, lakin siyasi seçim edə bilmir. Rasim Balayev Kino İttifaqı ilə bağlı məsələlərdə onun üzərinə gedəndə bir sözü var idi, “ay bala, mən kinoda Nəsimi oynamışam, həyatda Rasim Balayevəm”. Yəni o nəhəng obrazları canlandıran adam məcbur oldu deməyə ki, məndən “babəklik”, “nəsimilik” gözləməyin, mən də bu cəmiyyətin bir parçasıyam. Biz istəyirik ki, elə obrazlar yaradan insanların hamısı həm də o obrazların həyatda təcəssümünü yaşadan və sübut edən adamlar olsunlar.

Qoyun, 10 dənə İttifaq olsun, birində Rasim Balayev olsun, birində Şəfiqə Məmmədova olsun, birində bir başqası olsun. Yaradıcılıq birliklərində insanları məcburən bir yerə toplamağa ehtiyac yoxdur. Bu antidemokratik düşüncədir, azad olmayan düşüncənin nəticəsidir. Bizim bir Yazıçılar Birliyimiz var, bir Bəstəkarlar İttifaqımız var, bir Kinematoqrafçılar İttifaqımız var və s. gəlin, buraya üzv olun. Niyə? Biz də 10 nəfər kino işçiləriyik, ayrıca bir birlik yaratmaq istəyirik. İnkişaf rəqabətin nəticəsində olur. Yoxsa hamını zorla çıxarıb birindən zorla məmur düzəltməyə ehtiyac yoxdur. Bunlar azad sənət adamlarıdırlar. Siz baxın birliklərin, ittifaqların sədri olan adamlara. Onlar artıq nə rəssamdır, nə aktyordur, nə bəstəkardır və s. Onlar artıq məmurlaşıblar. Bizə məmur lazım deyil. Məmur dövlət idarə edər. Yaradıcı sahəni məmur idarə etməz. Sənət adamları könüllü birləşər, orada könüllülük əsasında, azad şəkildə bir-birlərinə dəstək olarlar. Buna görə də 2 yox, lap 10 dənə İttifaq olsun. Cəmiyyəti bu qədər sıxmağa ehtiyac yoxdur.

Hakimiyyətə gələnə qədər biz gücümüz daxilində olanı edəcəyik. Hakimiyyətə gələndən sonra cəmiyyətə elə bir azadlıq verəcəyik ki, hər kəs üçün bu adi hala çevrilsin!

 

525-ci Qəzet

Şərh yaz