Limon satanı tuturlar, narkotik satanları yox – İqbal Ağazadədən ağır ittihamlar:
Narkotik qruplaşmalarının arxasında səlahiyyətli qurumlar, məmurlar dayanmasa, heç kim narkotik sata bilməz, bu, mümkün deyil. İnsanlar bağında əkdiyi limonu küçədə qoyub sata bilmir. Necə olur ki, bu qədər insanlar narkotik satır və guya, heç kimin bundan xəbəri yoxdur. Bunların böyük əksəriyyəti hamıya məlumdur. Sadəcə narkotik satışından çirkin pul qazanır və cəmiyyətimizə çox ciddi ziyan vururlar.
Narkotikdən satış üçün istifadə edənlərlə bağlı qanun daha da sərtləşməlidir. Yəni, narkotik satanlara 3-7 il yox, 15-20 ilə qədər cəza verilməlidir. Bu cinayət heç də Vətənə xəyanətdən, adam öldürməkdən az ağır cinayət deyil. Bu məsələ Cinayət Məcəlləsində sərtləşdirilməlidir. Eyni zamanda Narkotik istifadəçilərinin qeydiyyata alınması ilə bağlı qanun qəbul olunmalıdır ki, qeyri-qanuni və gizli yollarla məşğul olmanın imkanları tükədilsin. Çox təəssüflər olsun ki, bu şəkildə mübarizə aparılmır.
Narkomaniya Azərbaycanda o qədər sürətlə yayılıb ki, artıq hər kəsin qapısının astanasındadır. Çox ciddi problemlərlə üz-üzəyik. İranın burada xüsusi fəaliyyəti var və narkotikin ölkəmizdə yayılmasına xüsusi dəstək verir. Azərbaycanın məmur təbəqəsi, səlahiyyətli dövlət qurumlarında olan adamların pul qazanmaq ehtirası da buna imkan verir.
Əslində, hüquq-mühafizə orqanları hamının bilmədiyini bilməlidir. Onların fəaliyyəti əlbəttə ki, yetərli deyil. Necə olur, vətəndaşın hamısı məhəllədəki narkomanları, “bariqa”ları bilir, amma hüquq-mühafizə orqanları bilmir? Polisin vəzifəsi cinayət törədən adamları bilmək və həbs etməkdir. Lakin burada bütün məhəllə, sakinlər, hamısı bilir, bircə polisdən başqa? Bu və ya digər şəkildə narkomanlar polislərə ödəmələr edir, faizlər verir. Ona görə onlar rahat şəkildə gəzib-dolanırlar.
Bu gün küçələrdə gül satanlar, dilənçilik edənlərin böyük əksəriyyəti bariqalar, narkotik satanlardır. Bunu da hamı bilir. O gülün içərisində, dilənçiliyin arxasında narkotik tapılır. Harada tanınmış adamlar var gülsatanlar, dillənçilər onlara yaxınlaşır. Dəfələrlə şahidi olmuşam ki, o gülü adi vətəndaşın heç biri almır, yalnız narkoticarətçilər alır. Çox təəssüf ki, bununla bağlı gərəkli tədbirlər görülmür. Hər kəs susur və narkomaniya sürətlə evlərə yayılır.
Bakupost.az
Şərh yaz