“Maybach”dan görünən dünya – BAKİR HƏSƏNBƏYLİ

Dövlət ikitəkərli velosiped kimi idarə olunmamalıdır. Situasiya fors-major olarsa, aşma təhlükəsi qaçılmazdır. Hətta bir anlıq duruş belə fəsadsız ötüşmür.

Uzun illərdir ki, bu məmləkətdə dövlət deyərkən, fərdin və ya fərdlərin siluetləri canlar gözlər önündə. Sanki dövlət bir neçə nəfər üçün qurulub, onlara məxsusdur. Bir zamanlar yazmışdım, hökumətdə təmsil olunanların adları nə qədər qəribə də olsa ixtisaslara, fakultələrə çevrilib.

“Böyüyəndə Kəmaləddin olarsan, bala”, “Oğlum oxuyub, Ziya olacaq” və s.

Bu, yaşamı həyatın dibində olanların yalnız arzusu deyil, həm də şahidi olduqlarına qovuşmaq xəyalıdır.

Mövcud iqtidar məmurları əvvəlkilərdən kəskin fərqli olan obraz yarada bildilər. Yəqin ki, bundan sonra bu obrazı davam etdirəcək hakimiyyətlər, komandalar olmayacaq. Azərbaycan məmuru “nümunə” yaratdı. O, dünyaya “Maybach”dan baxır.

“Maybach”dan baxılan dünyada ehtiyac yoxdur. Həyatı daha maraqlı etmək üçün axtarışlar, yeniliklər var. “Maybach”dan övladına nahar hazırlamaq üçün həyəcan keçirən analar görünmür. Çünki ana yoxluğun içərisində yaşamağa məhkum olunanlardandır. Olmayanı hazırlamaq olmur, axı.

“Maybach”dan baxanın məhkumluğu istifadə müddəti bitərkən və ya ağasının istəyinə iradə nümayiş etdirərkən olur. Övladının dəyişəcəyi olmadan uzun müddət geyildiyinə görə, artıq geyilməz hala gəlmiş ayaqqabısını təzələyə bilməyən, “pandemiyadır, dükanlar bağlıdır” deyə bəhanə edən ata da görünmür o dünyada. Atalar kimsənin görməməsi üçün öz içlərinə ağlamırlar orada. Hətta həftədə bir dəfə çörək, kartof qabığı qatılmadan kotlet yemək istəyən, lakin valideyninin imkanlarını bildiyi üçün onu xəyalından belə silən övlad da görünmür. Körpəsinə yemək ala bilməyib aptek qapılarında dilənən gənc gəlinlər də görünmür “Maybach”dan. Uğrunda canını belə verməyə hazır olduğu vətənindən, ehtiyac üzündən cəlayi-vətən olanlar da yoxdur o görüntüdə.

“Maybach”dan nə şəhid görünür, nə də ehtiyac içində son ümidini belə torpağa tapşıran, bir-birinə oxşayan şəhid ataları. Hər dəfə qonşu uşağının “atam gəldi” hayqırtısından sonra kimsənin görə bilməyəcəyi yerə çəkilib ağlayan şəhid uşaqları da yoxdur o dünyada. O görüntüdə vətəni azad edən igidlərin doğulub, yaşadıqları daxmalar da yoxdur. Gündüz utandıqları üçün zibil yeşiklərinin kənarından polietilen torbalarda asılan çörək qırıntılarını, əl-ayaq yığışandan sonra bazar kənarlarına atılan keyfiyyətsiz ərzaqları gecələr götürən təqaüdçülər də görünmür. O dünyanın insanları bazara günortadan sonra getmirlər. Çünki axşam bazarının nə olduğunu bilmirlər dünyaya “Maybach”dan baxanlar. Xəstəsinə dərman ala bilməyənin o dünyadan görüntüsü mümkünsüzdür. Çörəyini zibildən qazananlar xəyal belə edilmir o dunyada. Orada uşaqlar çadırda, kərpic daxmalarda və ya yataqxanalarda doğulmurlar. Heç o uşaqların öz otaqları da olmur. Qaçqın, məcburi köçkün ifadəsi illərlə məngənə kimi sıxmayıb onları. Heç vaxt təzə oyuncağı olmayan uşaqları necə görə bilər, “Maybach”dan baxanlar?

“Maybach”dan baxanlar üçün gəzən hər kəs canlıdır. Sadəcə canlı. Çünkü “Maybach”dan görünən dünya özəldir, fərdidir, təkrarsızdır. O dünya ağ-qara deyil, rəngarəngdir. O dünyanın öz qaydaları var. Lap o biri dünyada olduğu kimi. Orada yalnız insanlar deyil, ağaclar da “Şollar” suyu içir. Dəyəri, qiyməti nəzərə alınmadan. Yeməklər xüsusi hazırlanır, çoxçeşdli olur. Uşaqlara, “olan bu qədər idi” deyilmir. Daha çox yeməyi üçün böyük ölçülü, ciddi büdcəli vədlər verilir. Körpələri dayələr böyüdür. Bu körpələr heç vaxt şalla ana kürəyinə bağlanmır. “Maybach”dan görünməyənlər məhz bu səbəbdən də analarını daha çox sevirlər. Çörəklərini torpaqdan çıxardıqları üçün torpaqla doğmalaşırlar. Torpaq ana olur “Maybach”dan görünməyənlərə. “Maybach”ı olanların böyük-böyük sarayları olur. O sarayda saray boyda otaqları olur. O otaqda otaq boyda yataqları olur. O yataqda yatmaq istəməyən cocuğu “əgər yatmasan” deyə qorxutmurlar.

“Maybach”ın olduğu həyətdə az qala göl genişliyində hovuz olur. O hovuzda delfin saxlanılır. Ekstrim həvəskarları hətta timsah da saxlayırlar. Ceyran, tovuz quşu gəzir o həyətlərdə. Sadə insanın yediyindən yeməz, geydiyindən geyməz, gəzdiyi yerlərdə gəzməz “Maybach”ı olanlar. Möhtac olduqlarını sevərlər, möhtac olanları deyil. Davamlı yalan danışarlar, möhtac olduqlarına da, möhtac olanlara da. İti nəfsləri olur. Yaltaq olurlar. Özündən ağıllını sevməzlər dünyaya “Maybach”dan baxanlar. Həmişə ətraflarına özlərindən də axmaq olanların toplanmasında maraqlı olurlar. Daha ağıllı görsənmək üçün. Müştəbehdirlər. Hərəkətlərini əsasən film qəhrəmanlarının jestlərinə bənzədirlər. Reallığı nəzərə almırlar. Lakin…

Lakin unudulur ki, vətəndaşın qarnı acdırsa, istəyirsən, Aya körpü sal.

Ədalətin nə olduğunu cəmiyyətə əməllə, real olaraq tanıtmağı unudurlar. Vətəndaşa haqqı olanı vermirlər. Nədən vətəndaş haqqı olanı zorla almaq istəyinə düşsün ki? İstifadə müddəti bitmişlərlə normal idarəçilik də olmur. Çünki bu günün cəmiyyəti 30 il əvvəlki deyil. Cəmiyyətdə siniflər arasında uçurumun yaranması ciddi problemlərin başlanğıcıdır. Vəd əvəzinə problem həll etmək olmazmı? Olar.

Maradona nə siyasətçi idi, nə də xalq qəhrəmanı. Lakin xalqı onu son mənzilə məhz prezident sarayından yola saldı. Bilirsiniz nə üçün? Çünki bütün ömrü boyu hər vurduğu qolda xalqını, dövlətini dünyaya xatırlatmağı bacardı. O insanlığın içndə yetişən, lakin fərqli olanlardan idi.

Fərqli olmaq lazımdır. Rəhmətlik Adil İsgəndərov demişkən, “peşəkara həvəskar nömrəsi gəlmə”yə lüzum yoxdur.

Hacı Bakir Həsənbəyli

Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini

 

 

Şərh yaz