Ümid Partiyasının sədri İqbal Ağazadə 8 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Ukrayna, Rusiya, Xankəndi… – Hansı daha tez olacaq?!”,- başlığı ilə, Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın Qarabağ problemi mövzusu ətrafında baş tutub.
İqbal Ağazadə iki həftəyə yaxın davam edən Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğal siyasətindən, dünyanın Krım, Donetsk, Luqanskla bağlı mövqeyindən, dünyanın birbaşa münaqişəyə qoşulmamassından, Zelenskinin torpaq və mövqe güzəştə getməyəcəyindən, dünyanın münaqişənin hansı səmtində yer almasından danışıb.
O, müharibə əleyhinə olan rus xalqından, etiraz aksiyalarından, Zelenskinin dialoqa hazır olması bəyanatının səbəblərindən də söz açıb.
Eyni zamanda, Rusiyanın Ukraynadan tələbləri, Ukraynada sivil əhalinin, uşaqların, yaşlıların, qadınların öldürülməsi, yüz minlərlə qaçqınlar, iri şəhərlərin dağıdılması, dünyanın böyük fəlakətlə üz-üzə qalması da ciddi və detallı şəkildə müzakirəyə çıxarılıb.
Ümid sədri nüvə müharibəsi təhlükəsindən, bəşəriyyətə dəyəcək ziyandan, radiasiya təhlükəsinin ciddiliyindən də söz açıb. Həmçinin, Rusiyanın bank sektorundakı problemlər, Rusiyaya sanksiya qoyan ölkələr, Azərbaycanın onların hədəfinə gəlməsi təhlükəsi, Rusiyadan uzaqlaşmanın vacibliyi də diqqətə çatdırılıb.
Verilişdə Rusiyanın daxildə vəziyyətinin ağırlaşması, sanksiyaların miqyasımım genişlənməsi, çevrə dövlətlərinin zərər görmək istəməməsi, işsizlik, böhran dərinləşməsi, ziyalıların yoxluğu da verilişin müzakirə mövzusu olub.
ABŞ-ın Rusiyadan enerji idxalına qadağa qoyması, Putin dövrünün bitməsi barədə proqnozlar, müharibənin hara qədər və nə qədər davam edəcəyi ehtimalları, eyni zamanda, Putinin necə və haçan dəyişiləcəyi, başqası ilə əvəzlənəcəyi barədə fikirlər də müzakirəyə çıxarılıb.
İqbal Ağazadə Dağlıq Qarabağda son baş verənlərə də münasibət bildirib, Qarabağda Rusiyanın təxribatından, separatçıların Rusiyaya dəstək mitinqindən, qondarma respublika adından Ukraynaya yardım kampaniyasından, bunu Rusiyanın təşkil etməsindən və ictimailəşdirməsindən də danışıb, Qarabağdakı rus qoşunlarının sülhməramlı olmadığını bir daha vurğulayıb. O, həmçinin, bölgədə antiterror əməliyyatlarının vacibliyindən də söz açıb. Ümid sədri qeyd edib ki, Azərbaycan Xankəndi, Xocalı ilə birlikdə beş rayonumuzda suverenliyimizin bərpa olunması istiqamətində addım atmalıdır.
Verilişdə eyni zamanda Türkiyə ilə müttəfiqlik, Laçın keçid məntəqəsinin, həmçinin gömrük xidmətinin də danışıqlar predmetinə çevrilməsinin, masaya gətirilməsinin vacibliyi vurğulanıb.
İqbal Ağazadə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymalı olduğunu diqqətə çatdırıb, bildirib ki, Azərbaycan özünün təhlükəsizliyi naminə Türkiyə ilə bütün münasibətləri fərqli müstəvilərə, fərqli platformalara çıxarmalıdır.
O, Putin hakimiyyətinin mütləq dəyişiləcəyini vurğulayıb və Azərbaycanın bu dəyişikliyə hazır olmasının vacib olduğunu diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan demokratiyaya açılım etməlidir.
Sözügedən efiri izləyicilərə təqdim edirik: