Naxçıvanda baş verənlər köklü dəyişikliklərə səbəb olmayacaq – ELMAN ABBASOV

“DTX-nin Naxçıvan Gömrük Komitəsində yoxlamalar aparması ilə bağlı xəbərlər müəyyən qədər sensasiya doğursa da, əslində, təəccüblü deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Ümid Partiyasının diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov bildirib. O deyib ki, Naxçıvan Azərbaycanın bir hissəsidir. Bu günə qədər Azərbaycanın müxtəlif nazirliklərində və icra hakimiyyətlərində DTX-nin əməliyyatları olub. Bundan sonra nazirlər dəyişsə və nazir müavinləri həbs olunsa da köklü dəyişikliklər olmayıb.

Sədr müavininin fikrinə görə, Naxçıvanda da buna bənzər proses gedir: “Naxçıvan bir qədər qapalı bölgədir, jurnalistlərin ora giriş-çıxışı çətindir. Ona görə informasiyalar bəzən şişirdilir və daha çox sensasiya doğurur. Çox güman ki, bu, klanlararası savaşdır. Son vaxtlar bəzi məqamlarda Naxçıvan hakimiyyətinin müstəqil şəkildə atdığı addımlar var idi ki, bu da bəzən mərkəzi hakimiyyətlə uyğunluq təşkil etmirdi. Artıq mərkəzdənqaçmaların qarşısını almaq üçün müəyyən addımlar atılır”.

Partiya sədrinin müavini hesab edir ki, bu günə qədər orada dövlət büdcəsindən milyardlarla yayınmalar, oğurluq, qaçaqmalçılıq halları olub:

“Konstitusiyaya uyğun olaraq Naxçıvan MR-da Ali Məclis seçilir və Vasif Talıbov da seçilmişlərdən biridir. Saxtakarlıqla seçilsə belə, hər halda məclisin sədridir. Yəqin Konstitusiya ilə onun səlahiyyətləri alındıqdan sonra, yaxın çevrəsində ciddi profilaktik tədbirlər görüləcək. Hesab edirəm, Naxçıvanda bəzi həbslərdən sonra detallar məlum olacaq.

Hər halda, Azərbaycanda bir sistem var, Naxçıvan Muxtar Respublikası da o sistemin tərkibindədir. Cinayətlərin hamısı sistem cinayətləridir. Azərbaycanda köklü dəyişiklik olmayınca – demokratik seçkilər keçirilməyincə, bələdiyyələrin səlahiyyətləri artırılmayınca, xalqın seçdiyi adamlar parlamentdə təmsil olunmayınca fərdlərin dəyişməsi heç nəyi həll etməyəcək. Hesab edirəm ki, Naxçıvanda baş verən proseslər köklü dəyişiklərə gətirib çıxarmayacaq”.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin olduğu bildirilir. Dövlət Təhlükəsizlik Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Həmçinin, Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə məlumatlar yayılıb. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edildiyi bildirilir.

Noyabrın 28-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Gülnar Səlimova
Globalinfo.az

Şərh yaz