“Mən bəzən bu şeyləri vətəndaşlara demirəm ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər. Məmurlar öz yerlərini, məsuliyyətlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.”
Bu cümlələr Azərbaycan Prezidentinin ölkənin rəsmi telekanalına verdiyi son müsahibəsindəndir. Əslində görüntü bu ki, ölkə Prezidenti bu müsahibəsində xeyli maraqlı məqamlara toxunub. İctimaiyyətə mesajlar verib. Lakin bu məqamların içərisində bir nüans diqqəti cəlb edir. 44 günlük müharibə dönəmində Prezident xalqa müraciətlərinin birində söylədi ki: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.
Qayıdaq son müsahibəyə. Görəsən dövlət başçısı əməllərindən iyrəndiyi məmurları nə üçün komandasında saxlayır? Sözsüz ki, bunun üçün özəl səbəb olmalıdır. Axı bu məmurların içərisində elələri var ki, komandada təmsilçiliyinin tarixi 20 ildən çoxdur. Bu qədər müddətdə iyrənə-iyrənə idarəçiliyin məntiqi də aydın olmur. Görəsən bu şəxslərə “ya sən İslamı qəbul eylə, mənim dinimə gəl” qəti və konkret tapşırığı nə vaxt veriləcək? Əvvəla ona görə sualı məhz məşhur qəzəlin bu cümləsi ilə yazdım ki, bəzən Azərbaycan məmurunun etdikləri haqda informasiyaları oxuduqca düşünürsən: Müsəlman bunu edərmi? O məmurlardan ki, ölkə başçısı bəhs etdi, həmin şəxslərələ bağlı əfsanə olmayan real rəvayətlər danışılır. Və bu rəvayətlər quş dilində danışılmadığı üçün başa düşən də yalnız Süleyman(ə) deyil, hətta sadə vətəndaşdır. Hesab edirəm ki, bu məsələdə “ya da təlim elə…” şərti olmamalıdır. Məsələnin ən təhlükəli tərəfi də məhz bu olar. Bu, məsləhət deyil, sadəcə subyektiv düşüncədir. Bütlərdən qurtulmaq lazımdır. Bunun üçün bütlər ayaqda qalmamalıdır. Ayaqda qalan büt ona ibadəti zərurətə çevirəcək.
Ölkədə məmur kabusu var. Dindən az-çox xəbəri olan şəxs bilir. Əzizi dünyadan köçən birisi ibadət əhli olan din qardaşlarından xahiş edir: “İmkanın varsa, bu gecə dünyasını dəyişmiş doğmam üçün Vəhşət namazı qıl”. Bu məsələnin İslamda hökmü var, ya yox, tamamilə ayrı mövzudur. Təriqət inancıdır. Mənim toxunmaq istədiyim nüans başqadır, həm də dini deyil, məhz siyasidir. Bütün bunlar bənzətmələrdir. Sitatdır. Nə isə… Vəhşət namazı ölmüş insanın qəbrə qoyulduğu zaman dəhşətə düşməsinin qarşısını almaq üçün qılınır deyə iddia edilir. Məsələyə bu konteksdən yanaşanda o zaman ölü üçün bir dəfə qılınması tövsiyyə olunan bu namaz, sadə Azərbaycan vətəndaşı üçün hər gün qılınmalıdır. Nə üçün?
Çünki bu gün etiraf edilməsə belə vətəndaşın az qala hər açılan sabahı onun üçün xoş olmayan sürprizlərlə zəngin olur. Nəinki öncədən elan edilməyən, səbəbi izah olunmayan, hətta mövqeyini öyrənməyi özünə rəva belə bilməyənlərin xaotik qiymət artımları. Sosial, iqtisadi və s. arqumentlər göstərilmədən saymazyana, anlaşılmaz əsaslandırmalar. Yalançı vədlər. Heysiyyata toxunan qərarlar və s. Yetmirmi? Görünən odur ki, yox.
Filan məmur ingilis dilində çox yaxşı danışır. Bu, göstəricidirmi?! Həmin məmurun əməllərinə nəzər salanda görürsən ki, yox. Olmazmı ki, bəzəksiz düzəksiz, sadə el dilində danışsın, amma o dildə danışanları, yəni xalqını sevsin. Bir də unutmayın cənablar, Hindistan İngiltərənin əsarətində olan zaman hətta yazıb-oxumağı bacarmayanlar belə ingilis dilini öyrənməyə məhkum idilər. Ağalarının əmrlərini başa düşmək üçün. Mən sizə qul demirəm. Zatən desəm belə, ədalətsiz olaram. Həyatını, yaşamını krallar kimi təmin edənlərə qul demək ədalətsizlikdir. Mən ədalətsiz adam deyiləm.
Epizodik olsa belə baş verən cəzalandırmalar fonunda məmurlar nə üçün islah olunmurlar? Səbəb sadədir. Özündən əvvəlkilərin cəza müddətinin ali təhsilli çağırışçının əsgərliyi kimi olmasıdr. O müddət isə həyatın sonu deyil. Zatən çıxdaş edilmişin ağlı, savadı, insanlığı o həddə deyildi ki, haradasa çalışacağı təqdirdə o qədər, hətta sadə vətəndaş üçün fantastik hesab olunan kapitala sahib ola idi. Adam “xidmətini” başa vurur və sonra həyatını qaldığı yerdən davam etdirir. İllər uzunu dövlət görəvindən sui-istifadə edir, “əsgərliyi” belə burjuy olaraq başa vurur. Deməli bu prosesdə gözü çıxan qardaş olmadığı üçün nümunə də götürülmür.
Yenə qayıdıram Prezidentin son müsahibəsinə. “Bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın.” Yenə ortaya maraqlı məntiq çıxır. Bu şəxslərin özbaşına olmasının səbəbi nədir və ya səbəbkarı kimdir? Nə üçün bir bank müdiri sosial – iqtisadi durumun acınacaqlı vaxtında, tikintisinə yarım milyarda qədər vəsait tələb olunan bir binanın inşasında bu qədər maraqlı olsun? Və hətta ictimai etirazlar fonunda çıxıb hikkə ilə desin ki, “biz o binanı öz vəsaitimiz hesabına tikəcəyik”. Sual olunur, o vəsait yalnız həmin bankın rəhbərinə və ya kollektivinəmi aiddir? Bu ölkənin vətəndaşının o vəsaitdə heçmi haqqı yoxdur?
Dövlət vəzifəsinin rahatlığı Azərbaycan məmurunun zehniyyətini dəyişdi. Təşbehlə desək, adamlar illər öncə özlərini şirin üstünə minən çapar hesab etdilər. Lakin nə gedə bildilər, nə də düşə. Tiplərinə baxanda nəyəsə bənzəyirlər bəlkə də. Amma bu şirin əzəmətidir, çaparın yox.
Ölkəni qarnından danışanlar məmləkətinə çevirmək istəyirlər. Qismən nailiyyət var. Lakin bu nailiyyət də uzun müddətə keçərli olmadı. Sadə vətəndaş qarnından danışanların kimlərin vələdi olduğunu qısa müddətdə anladı. Növbəti fiasko.
“Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar.” Bu da ölkə başçısının müsahibəsindən gətirilən sitatdır. Çeşidli yozumları, yorumları olan sitat. Hər zehniyyətin sətiraltı mənasını özünə uyğunlaşdırdığı sitat. Dəstəkləyirəm. Lakin…
O sözdən sonra elə addım atılmalıdır ki, bir daha keçmiş təkrar olunur deyə düşünməyək. Məntiq isə deyir: düşünəcəyik. Çünki sistem var. Dəyişməyən sistem. Keçmişi təkrar-təkrar bizə xatırladan sistem. Sistem dəyişməsə… Çətin dəyişilsin.
Hacı Bakir Həsənbəyli
Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini