ORDU VƏ MƏHKƏMƏ

Ordu və məhkəmə sistemlərinin işinin yenidən təşkili olduqca vacib və strateji məsələdir.

Mövcud reallıqlarda Azərbaycan xalqı təəssüf ki, ordusuna, məhkəməsinə güvənmir.

Bir ölkədə vətəndaşın güvənli olması, əsl vətəndaş kimi formalaşması üçün onu xarici müdaxilədən qoruyan orduya, daxili haqsızlıqlardan müdafiə edən məhkəməyə böyük ehtiyacı var.

Torpaqlarımızın böyük bir qisminin işğal olunması ordumuza güvəni sarsıdıb, məhkəmələrin ədalətsiz və sifarişli qərarları isə ölkə vətəndaşlarını müdafiəsiz qoyaraq, onlarda ciddi etimadsızlıq yaradıb.

Əsas vəzifəmiz ordu və məhkəmə sisteminə olan güvəni təmin etmək, orduda ciddi islahatlar aparmaq, məhkəmələri vətəndaşın hüquqlarının müdafiəçisinə çevirmək, daxili qayda-qanunun qorunmasını gücləndirməkdir.

Ordu:

  • Hərbi doktrina yenidən işləniləcək, hərbi doktrinanın əsasını dövlət və vətəndaşın qorunması təşkil edəcək, doktrina xarici müdaxilə və cari fəaliyyət fəlsəfəsindən azad olunacaq;
  • Doktrinanın müddəalarının yerinə yetirilməsi Ali Baş Komandanın üzərinə vəzifə kimi qoyulacaq və prezident parlamentdəki illik hesabatında bununla bağlı xüsusi hesabat verəcək;
  • Müdafiə Nazirliyinin rəhbərliyində mülki şəxslərin iştirakına daha çox yer ayrılacaq, ordu sisteminin NATO standartlarına uyğunlaşdırılması təmin ediləcək;
  • Müddətli hərbi xidmətdən hissə-hissə peşəkar ordu sisteminə keçiləcək;
  • Alternativ hərbi xidmət haqqında qanun qəbul ediləcək;
  • Ordunun ərzaq və geyim təchizatı daxili resurslar hesabına təmin ediləcək;
  • Orduya çağırış yaşı 22-27 yaş həddində müəyyən olunacaq, 18-35 yaş həddindən imtina ediləcək;
  • Orduya çağırış ildə iki dəfə həyata keçiriləcək;
  • 27-35 yaş arasında olanlar isə bu yaş dövründə bir aylıq hərbi toplantıya çağırılacaq;
  • Orduda xidmət göstərən şəxsi heyətin ərzaq, geyim, yaşayış yeri ilə təminatı yüksəldiləcək;
  • Şəxsi heyətin zabit korpusunun yüksək maaş alması saxlanılacaq, onların mənzil təminatı yaxşılaşdırılacaq;
  • Orduda tərxis yaşına yenidən baxılacaq, kiçik, orta və böyük zabit heyətinin orduda qulluq keçmə müddətləri azaldılacaq, ordudan tərxis olunanlara mənzil və yüksək təqaüd veriləcək;
  • Peşəkar orduya keçiddən sonra yeni şərtlər qəbul olunacaq;

Məhkəmə:

  • Məhkəmə üçpilləli sistemdən ikipilləli sistemə keçiriləcək – Ali Məhkəmə ləğv olunacaq;
  • Ali Məhkəmənin səlahiyyətlərini Konstitusiya Məhkəməsi həyata keçirəcək;
  • Apellyasiya Məhkəməsindən sonra vətəndaşların Avropa Məhkəməsinə şikayət hüququ tanınacaq;
  • Hakimlərin seçilməsi sistemi şəffaflaşdırılacaq, test imtahanlarından sonra müsabiqə olmayacaq;
  • Vəkillik institutunun rolu artırılacaq, müdafiənin təşkil olunması asanlaşdırılacaq;
  • Hakimlər ömürlük təyin olunacaq, onların maddi təminatı yüksəldiləcək, sərbəst, qərəzsiz fəaliyyət göstərmələrinə şərait yaradılacaq;
  • Aşağı məhkəmə instansiyasının hakiminin bəlli sayda qərarları yuxarı məhkəmə instansiyası tərəfindən dəyişdirilərsə, hakim haqqında ciddi tədbirlər görüləcək;
  • Yuxarı məhkəmə instansiyasının bəlli sayda qərarı konstitusiya və ya Avropa Məhkəməsi tərəfindən dəyişdirilsə və ya ləğv olunsa, hakim haqqında ciddi tədbirlər görüləcək və ya hakimlikdən uzaqlaşdırılacaq;
  • CPM və CM müddəaları Avropa Birliyinin standartlarına uyğunlaşdırılacaq;

 

Şərh yaz