“İranın bütün rəsmilərinin açıqlamaları oradakı teokratik rejimin mahiyyətindən xəbər verir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Ərdəbil vilayətinin cümə imamı Ayətullah Həsən Amuli özünü din xadimindən daha çox komediya aktyoru kimi aparır:
“Əslində, ayətullahlıq çox ciddi vəzifədir. O vəzifəni almaq üçün çox sayda elm bilmək lazımdır. Hətta bu elm sayının 28 olduğu deyilir. Sözügedən “ayətullah”da isə bu qədər elmin olması özünü göstərmir. İran dövləti özünü zaman-zaman hədə-qorxu ritorikasında təqdim edir. Özlərini döyülən məktəbli kimi aparırlar. Bu, 85 milyonluq dövlətə yaraşmayan ritorikadır. İran Konstitusiyasında 52-54-cü maddələrə əsasən, özünü bütün müsəlmanların hamisi kimi təqdim edir. Amma Azərbaycana qarşı çıxırlar. Yəni ikili standart nümayiş etdirirlər”.
Bakir Həsənbəyli onu da əlavə edib ki, İranda türk dilinə və türk adlarına qarşı çıxırlar:
“Oradakı soydaşlarımıza öz ana dillərində təhsil almağa imkan vermirlər. Azərbaycan və türk dilində kitabların çapını da qadağan ediblər. Məsələn, Məsud Pezeşkian hakimiyyətə gələndən sonra hansısa fərqli addımlar atacağı gözlənilirdi. Lakin o da heç nə edə bilmədi. Çünki Pezeşkian İranda rejimin uşağıdır. Əslində, İranda ən böyük türk ali dini lider Əli Xameneydir. Hərçənd ki, o da Ermənistanın sərhədini İranın “qırmızı xətt”i adlandırır. Sadəcə Pezeşkian türklərin səsini almaq üçün onlardan istifadə etdi. Bu, siyasi blef idi”.
Bakir Həsənbəyli qeyd edib ki, İranda Azərbaycana qarşı düşmənçilik var: “Azərbaycanı arzuolunmaz dövlət sayırlar. Onlar üçün “pis” nümunəyik. Çünki Azərbaycan müstəqil dövlətdir, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edib. Üstəlik, Azərbaycanın NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ilə qardaşlıq münasibəti var, habelə Türk Dövlətləri Təşkilatının ideya müəlliflərindən biridir.
Bütün bunlar və daha bir çox səbəbə görə bizi qısqanırlar. Ona görə Zəngəzur dəhlizinə də qarşı çıxırlar. Əslində, Zəngəzur dəhlizinin İrana heç bir aidiyyəti yoxdur. Tehran hakimiyyətinin iddia etdiyi kimi sərhədlər də dəyişmir. Onlar sadəcə olaraq türk xəttinin yaranmasına qarşıdırlar”.
Onun sözlərinə görə, İran rejimi Şimali Koreya rejimindən belə təhlükəlidir: “İranın rejiminin mahiyyəti çox təhlükəlidir. Hətta Şimali Koreya rejimi belə o qədər təhlükəli deyil. Çünki Şimali Koreya rejimi gözlə görünür. İran rejimi isə ilan kimi xaindir, pərdə arxasından öz məkrli siyasətini həyata keçirir. Azərbaycan xalqı bilir ki, İran türkün düşmənidir. Azərbaycan əleyhinə yönələn bəyanatlar sadəcə istehza ilə qarşılanır. İran hərbi və siyasi rəhbərliyi əsasən cizgi filmləri ilə mesaj verməyə çalışırlar.
Amili kimiləri cizgi filmlərinin personajları adlandırırıq”.
Elmir
Şərh yaz