Umidparty.org saytının müsahibi Ümid Partiyası Göyçay Rayon Şöbəsi Məclisinin sədri İlqar Məhərrəmlidir.
İlqar bəy son bir il Göyçay ümidçiləri üçün necə keçdi?
Pandemiya dönəmində Göyçayda təxminən 60 nəfərə yaxın insan koronavirusdan dünyasını dəyişdi. 1000-dən çox insan isə virusa yoluxdu. Ötən dövrdə rayonda fəaliyyət göstərən ictimai nəzarət komissiyasının üzvü kimi əhali arasında aparılan təbliğat işlərində şəxsən iştirak etdim.
Vətən müharibəsi şərəf tariximizi yazmaqla yanaşı itkisiz də olmadı.
44 günlük II Qarabağ müharibəsi başlayarkən Göyçada təxminən 2000 nəfərə yaxın şəxsə səfərbərlik xidməti tərəfindən çağırış vərəqəsi təqdim edilmişdi. 47 nəfər Göyçay sakini şəhidlik məqamına yüksəldi. Bir şəhidimiz Mingəçevir şəhərində, iki şəhidimiz isə paytaxtda dəfn ediliblər. Partiya aktivləri ilə şəhidlərimizin son mənzilə uğurlanması prosesində fəal iştirak etdik, ailələrinin yanında olduq. Şəhidlərimizin məzar daşlarının operativ və dövlətin nəzərdə tutduğu formada götürülməsi onların ailələri üçün təskinlik verən məsələdir. Özüm də daxil olmaq şərti ilə mütəmadi olaraq, şəhid ailələrinə baş çəkirik, qazilərimizlə görüşürük. Eyni zamanda şəhid ailələrinin arzusuna uyğun olaraq, şəhidlərimizin adının əbədiləşdirilməsi üçün müvafiq dövlət strukturları qarşısında məsələlər qaldırmışıq. İnanıram ki, bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapacaq.
Pandemiya insanların sosial problemlərinin daha qabarıq formada üzə çıxmasına səbəb oldu.
Doğrudur. Müharibə dönəmində mən şəxsən 100-dən çox ailənin maddi ehtiyaclarının təmin olunması prosesində iştirak etdim. Qeyd edim ki, həmin ailələrin əksəriyyətinin övladları yardımlar edilən zaman müharibədə qəhrəmanlıqla döyüşürdülər. Fəaliyyətimz yalnız bu fəaliyyətlə məhdudlaşmayıb. Partiya fəalları ilə birlikdə ayrı-ayrı iş adamlarına, dövlət müəssisələrinə, fiziki şəxslərə müraciətlərimiz oldu. Hər bir şəxsin müharibəyə imkanı daxilində qatqısının olması ilə bağlı fasiləsiz iş aparmışıq. Onu da qeyd edim ki, gördüyümüz bütün işlər əslində Ümid Partiyasının aktivinə yazılır. İşlərimizin əsas qayəsi də Partiyamızın təbliğatını ən yüksək səviyyədə təşkil etmək, vətəndaşlarımızın yanında olmaqdır.
Partiyanın təşkilatlanma işlərində hansı yeniliklər var?
Pandemiya dövründəki məhdudiyyətlər sözsüz ki, işlərimizə ciddi təsir göstərir. Lakin bütün mümkün vasitələrdən istifadə edərək, bir an belə fəaliyyətsiz qalmağı düşünmürük. Üzvlərimizlə müəyyən məhdudiyyətlər çərçivəsində olsa da görüşürük. Təbliğat və təşkilat işlərimizi bundan sonra da nizamnamə çərçivəsində davam etdirəcəyik.
Məhərrəmli İlqar Həmid oğlu 18 may 1963-cü ildə Göyçayda anadan olub. 1984-1987-ci illərdə Ufa Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
1992-ci ildə BDU-nun filologiya fakültəsini bitirib.
Milli Azadlıq Hərəkatının fəallarından olub. 1992-93-cü illərdə Göyçay Gənclər Təşkilatında şöbə müdiri, 1993-94-cü illərdə Göyçay Toxuculuq Kombinatında kadrlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2000-ci ildən etibarən Göyçay rayon Çaxırlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. 1993-cü ildən 2018-ci ilədək hüquq müdafiəçisi kimi Azərbaycan məhkəmə sistemində insanların hüququnu müdafiə etməklə məşğul olub.
Birinci Qarabağ Müharibəsində Özünümüdafiə Batalyonunun tərkibində Qarabağ döyüşlərində könüllü iştirak edib.
Ümid Partiyası Göyçay Rayon Şöbəsi Məclisinin sədridir.