Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 10 may 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiya nüvə silahından istifadənin şərtlərini açıqladı” mövzusu ətrafında baş tutub.
Ənvər Ağazadə Rusiya-Ukrayna müharibəsinin gedişindən və gözləntilərindən danışıb, Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalları barədə fikirlərini bölüşüb.
Rusiyanın Ukraynadakı planları, buna nail ola bilməməsi, itkiləri, dünyanın Ukraynaya dəstəyi, Ukraynaya yüksək səviyyədə verilən yardımlar da veilişdə müzakirə mövzusu olub.
Ənvər Ağazadənin fikrincə, Putinin faşist siyasəti sayəsində Rusiya bütün dünyada nüfuzdan düşüb, dünya siyasətində artıq Rusiyanın mövqeyi yerini yoxdur. O, Putinin səhhəti ilə bağlı səslənən iddialardan da danışıb və onun istefaya getməsi barədə proqnozları şərh edib.
Putinin Ukraynada kütləvi hərbi cinayətlər, soyqırım törətdiyini vurğulayan Ənvər Ağazadə, beynəlxalq Haaqa Məhkəməsində araşdırma aparıldığını da diqqətə çatdırıb.
Qarabağla bağlı baş verənlərə diqqət çəkən Ənvər Ağazadə Ermənistan rəhbərliyinin atdığı addımları da şərh edib. Onun fikrincə, Paşinyan Qarabağla bağlı Azərbaycanla sülh müqaviləsi bağlamaq istəsə də, Rusiya buna imkan vermir.
Sülhməramlıların fəaliyyəti, onların və erməni separatçılarının təxribat cəhdləri, Qazaxın yeddi kəndinin qaytarılması barədə səslənən fikirlıər də verilişdə müzakirə edilib.
Ümid sədrinin birinci müavini jurnalist Aytən Məmmədovanın bıçaqla təhdid edilməsi faktına da münasibət bildirib və bunu pisləyərək, cinayətkarların tapılmasını hakimiyyətdən tələb edib. O, Ümid Partiyasının bu hadisəni pisləyən bəyanat yaydığını da vurğulayıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: