Təhsil eksperti Kamran Əsədovun boşanmış, övladı vəfat etmiş şəxslərin bağçaya işə götürülməməsi ilə bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələyə münasibət bildirən Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakupost.az -a açıqlamasında bu fikrin kökündən yanlış olduğunu bildirib.
Sabiq deputatın sözlərinə görə, bu, ciddi düşüncə xəstəliyidir:
“Boşanmaq, nikaha girmək insanın şəxsi işidir. O, niyə bunu diskriminasiyaya gətirib çıxarmalıdır? İnsanların azadlığının əlindən alınması istiqamətində daha nə qaldı ki, bizim ekspertlər fikirləşməsin?! Qadın ona görə boşanıb ki, bir yerdə yaşaya bilməyib. O, niyə işə götürülməsin? Onu işə götürməmək nə deməkdir? Bu cür absurd fikirləri söyləmək kökündən yanlışdır”.
Partiya sədri 21-ci əsrdə bu cür fikirlərin səsləndirilməsinin dəhşətli olduğunu vurğulayıb:
“Axı bu nə düşüncədir? Boşanan təkcə qadın deyil, kişi də boşanır. O zaman kişini də işə götürməsinlər? İnsanlar ona görə boşanmırlar ki, tərbiyəsizdilər, xəstədilər, ağılları azdır. Ata ilə övlad belə bir yerdə yaşaya bilmir, övlad kirayədə yaşamağa gedir. Gərək bunları da işə götürməsinlər ki, sən atanla bir yerdə yaşamırsan? Burada bir fərq var ki, nikaha daxilolmaya görə ər və arvad boşana bilirlər. Kamran bəyə ekspert kimi hər zaman hörmətlə yanaşmışam. Lakin ekspertin bu cür absurd fikir söyləməsi mənə qəribə gəldi. 21-ci əsrdə ekspert kimi bunu düşünməyin adı yoxdur”.
Fərid
BakuPost