Qarabağa əhalinin yerləşdirilməsi sürətləndirilməlidir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 9 mart 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda anti-terror əməliyyatlarımı gözlənilir?!”,- başlığı ilə, Azərbaycanın Qarabağ problemi və sülhməramlı mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə İkinci Qarabağ Savaşından sonra Qarabağ ətrafında baş verən proseslərdən və narahatlıqlardan danışıb. O, həmçinin, sülhməramlıların təxribatçı fəaliyyətindən, erməni terrorçu dəstələrinin həyata keçirdiyi qanunsuz addımlardan söz açıb.

Qarabağda son günlər baş verənlər, hərəkətlənmə, erməni separatçılarının orada qanunsuz səngərlər qazması, Laçın dəhlizində erməni yoxlaması və s. kimi problemlər də verilişdə müzakirə mövzusu olub.

Ümid sədrinin fikrincə, Rusiya faktoru dünya tərəfindən küncə sıxışdırılırsa, Azərbaycan özünün ərazisində sülhməramlıları saxlamamalıdır, sülhməramlılar uyğun zamanda Qarabağdan çıxarılmalıdır.

İqbal Ağazadə erməni silahlılarının zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların keçirilməsinin vacibliyini də vurğulayıb. Həmçinin, növbəti mərhələdə Qarabağda baş verə biləcək əməliyyatlarda Qərbin Ermənistanın yanında olacağı ehtimalları da verilişdə detallı müzakirə edilib.

Türkiyənin regiondakı proseslərə yön verəcək ölkələrdən biri olması istəyi, Rusiyanın regiondakı nüfuzuna şərik qoşmağın nə dərəcədə mümkünlüyü, postsovet ölkələrində yeni düzən uğrunda savaş, Qarabağ ətrafında baş verəcəklər zamanı nəyi itirə biləcəyimiz təhlükəsi də Xural Tv-də müzakirəyə çıxarılıb.

İqbal Ağazadə ölkədəki sosial və siyasi problemlər barədə də fikrini bölüşüb, milli məsələmiz olan Qarabağdan, demokratikləşmədə ləngiməyimizdən, insan haqları və demokratikləşmə istiqamətində Azərbaycan hökümətinin yanaşmasındakı problemlərdən danışıb. Ölkədəki çoxsaylı problemlər – seçki problemləri, siyasi məhbuslar, ölkə mediası və söz azadlığı sahəsindəki problemlər, məhkəmə sistemindəki çatışmazlıqlar və narahatlıqlar da verilişdə müzakirə mövzusu olub. 

İqbal Ağazadə Ermənistanı sülh müqaviləsinə təhrik etməyin vacibliyini diqqətə çatdırıb, “sülhməramlı” rus ordusunu fürsət düşən kimi tez bir şəkildə Qarabağdan çıxarmağın mümkünlüyündən və vacibliyindən danışıb. Onun fikrincə, Rusiyanın yeni biçimdə Azərbaycanda qalmasına imkan vermək olmaz.

Ümid sədri həmçinin vurğulayıb ki, erməni işğalından azad olunmuş torpaqlarımıza əhalinin köçürülməsini sürətləndirmək lazımdır, Qarabağa köç tezləşdirilməlidir, hökümət bu istiqamətdə ləngiməyə və çox böyük yanlışlığa yol verir. Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımıza əhalinin köçürülməsi, yerləşdirilməsi və idarəetmə formasının müəyyən olunmasını təkliflər paketi olaraq, aidiyyatı qurumlara təqdim etmişik.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz