İqbal Ağazadə: “Rusiya bura sülh yaratmaq üçün gəlməyib”
Ümid Partiyasının sədri İqbal Ağazadə gündəmin aktual məsələsi olan Qarabağdakı gərginliklə bağlı ANAXEBER.info-ya müsahibə verib. Umidparty.org həmin müsahibəni oxuculara təqdim edir.
Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları kontigentinin həqiqəti əks etdirməyən xəritələr yayması sizcə nəyin təzahürüdür?
Rusiya sülhməramlılarının bu addımı nəbz yoxlanışı idi. Mən həmişə demişəm ki, Rusiya buraya sülh yaratmaq üçün gəlməyib. Çünki sülh olan yerdə Rusiyaya ehtiyac qalmır. Təsəvvür edin ki, ermənilərlə azərbaycanlıların münasibətləri normallaşıb, hər şey qaydasındadır və problemləri özləri həll edə bilirlər. Bu zaman Rusiya sülhməramlılarına ehtiyac qalmır. Rusiya da bunu anlayır. Amma tərəflər arasında kəskin qarşıdurma Rusiya sülhməramlılarının orada olmasını şərtləndirən amildir. Ona görə də Rusiya həmişə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atacaq. Çalışacaq ki, gah o tərəf, gah da bu tərəf üçün gərginlik yaransın. Hesab edirəm ki, burada qəribə nəsə axtarmağa ehtiyac yoxdur.
O zaman belə düşünmək olar ki, Qarabağda yaranmış gərginliyin arxasında Moskvanın dayanması barədə mülahizələri bölüşürsünüz…
Bəli. Qarabağda yaranmış gərginliyin arxasında həm də Rusiya dayanır. Bayaq qeyd etdiyim kimi məqsəd həm region ölkələrinə, həm də dünyaya rus qoşunlarının Qarabağa yerləşdirilməsinin vacibliyini şərtləndirən prinsiplərin ortada olduğunu nümayiş etdirməkdir. Hər şey öz axarınca getdiyi halda rus qoşunlarının Qarabağda olmasına ehtiyac qalmır. Ona görə də biz zaman-zaman belə gərginliklərin şahidi olacağıq. Amma Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən geri çəkilməsi, yaxud buna məcbur edilməsi mümkün deyil. Çünki, Azərbaycan bu məsələdə israrlıdır. Həm də prosesdə Türkiyə var və inanmıram ki, Ankara masada Azərbaycanın mövqeyini Rusiyaya güzəştə getsin.
Bu arada Rusiya sülhməramlılarının ümumiyyətlə bölgədən çıxarılması gündəmə gəlib. Sizcə, bunu reallaşdırmaq mümkündürmü?
Ruisya sülhməramlılarının bölgədən çıxarılması hələlik mümkünsüz görünür. Əvvəla, Azərbaycan, Rusiya və Ermənistan arasındakı 9-dan 10-una keçən noyabr bəyanatı 5 illik imzalanıb. İkincisi, təcrübə göstərir ki, Rusiya daxil olduğu regionlardan sadə mexanizmlərlə çıxmayıb. Biz prosesləri addım-addım həyata keçirməliyik. Qələbimizi şərtləndirən siyasi addımların atılmasına çalışmalıyıq. Bu gün bizim qarşımızda təkcə Rusiya sülhməramlıları deyil, həm də böyük güclər dayanır. Onları öz tərəfimizə çəkməliyik. Bu istiqamətdə addımlar atmalıyıq. Onlarla münasibətlər sistemini doğru-dürüst müəyyənləşdirəndən sonra artıq Rusiyaya tərəf kimi biz yox, iri dövlətlərin, beynəlxalq təşkilatların olmasını şərtləndirən siyasət yürütməliyik. Rusiya ilə təkbaşına üz-üzə dayanacağıqsa, çətin olacaq. Amma aparıcı ölkələr, beynəlxalq təşkilatları prosesə cəlb edə biləcəyiksə, sülhməramlıların bölgədən çıxarılması yaxın 5 ildə mümkün ola bilər. Azərbaycanın doğru-dürüst siyasət yeridəcəyi halda bu mümkündür.
Rəsmi Bakının baş verənlərə reaksiyasını adekvat hesab etmək olarmı?
Açığı, rəsmi Bakının addımları ilə ictimaiyyətdə o qədər də geniş məlumat yoxdur. Bakı bu məsələni hakimiyyətə yaxın qüvvələrlə müzakirə etməyə çalışsa da, rəsmi məlumatlar bizə gəlib çatmır. Bizə məlum deyil ki, altyapıda danışıqlar aparılır, ya yox. Tərəflərin hansı mövqe sərgilədiyi, Rusiya sülhməramlıların qarşısına Azərbaycan tərəfdən kimlərin çıxdığını bilmirik. Ona görə də qiymət vermək mümkün deyil. Yeri gəlmişkən, hesab edirəm ki, bu məsələ ayrı-ayrı qurumların təmsilçilərinə həvalə edilməməli, Prezidentin şəxsi nümayəndəsi təyin olunmalı və danışıqlarda məhz o iştirak etməldir. Yəni, danışıqlar mərkəzləşdirilmiş şəkildə aparılmalıdır.
Qarabağda yenidən müharibənin alovlanacağı barədə ehtimallar irəli sürülür. Sizcə, yeni eskalasiya başlaya bilərmi?
Qarabağda müharibənin yenidən alovlanacağını düşünmürəm. Rusiya bunu istəmir. Rusiya orada olduğu müddətdə müharibənin baş verməməsi üçün hər şey edəcək. Çünki, Qarabağda müharibənin alovlanması həm bölgədə sülhün qarantı olmalı olan Rusiyanın nüfuzuna ciddi zərbədir, həm də bu, digər ölkələrin prosesə müdaxiləsinə imkan yaradacaq. Rusiya istəyir ki, regionda kənar qüvvələr prosesə qarışmasınlar. Ona görə də müharibə ehtimalı azdır. Həm Azərbaycan, həm də Ermənistan Rusiyanın bu niyyətini bildiyinə görə, addımlarını ona uyğunlaşdırır. Rusiya sadəcə ayrı-ayrı məqamlarda vəziyyəti gərginləşdirməyə çalışacaq. Bunun fonunda həm vacibliyini, həm də rolunu sübut etməyə çalışacaq.