Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri olduğu deyilsə də, araşdırmalar hələ də qazilərin, şəhid ailələrinin həyat fəaliyyətinin bərpası və təminatı ilə bağlı çoxsaylı problemlərin qaldığını göstərir.
Belə qazilərdən biri Vətən Müharibəsi iştirakçısı Məlik Məlikovdur. Baku Tv-yə problemini açıqlayan M.Məlikovun sözlərinə görə, Astara Rayon İcra Hakimiyyəti qazilərin şikayətinə baxmır:
“Müharibədən sonra müalicələrim davam edir. Ev məsələmə görə dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm, iş istəmişəm. Mənə zibil daşımağı təklif etdilər. Bunu özümə ayıb bilmirəm, amma 250 manat maaş mənə necə bəs etsin?”.
Qazi dəfələrlə Astara rayon icra başçısının qəbuluna getsə də, ona icra başçısının məzuniyyətdə, gah da yerində olmadığını deyərək qəbul etməyiblər.
Məlik Məlikov söyləyib ki, ona məxsus torpaq sahəsi də əlindən alınıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Ümid Partiyasının sədr müavini Tamilla Qulaminin qənaətincə, Azərbaycanın bütün rayonlarında qazilər və şəhid ailələri sosial problemlər məngənəsində əzilirlər:
“Ölkəmizdə sosial problemlər ümumvətəndaş problemidir. Amma Qarabağın azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ailələri və qazilər belə durumla üzləşməməlidirlər.
İlk növbədə, üçüncü Qarabağ savaşının olmayacağından heç kim sığortalanmayıb. Bundan əlavə dövlət məmurları siyasəti elə tənzimləməlidir ki, şəhid ailəsi və qazi qapı döyməsin. Ümid Partiyasının Azərbaycan Respublikasının Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün təkliflər paketi mövcuddur. Ötən aylardan birində biz partiya olaraq, bu əlavə və dəyişiklikləri ictimaiyyətin diqqətinə çatdırdıq, aidiyyatı qurumlara təqdim etdik. Yuxarıda sözügedən təklifimiz isə konstitusiyanın 38-ci – Sosial təminat hüququ maddəsində özünü göstərir. Şəhid ailələri və qazilərə diqqət, qayğı xüsusi formada qanunla tənzimlənməlidir. Onlar məmurun, bələdiyyə sədrinin, icra başçısının qapılarını döyməməlidir. İnsanları, xüsusən də Qarabağı işöaldan azad edənlər minnətlə qapılara salmaq utancvericidir.
İcra Hakimiyyəti qaziyə niyə zibil daşımağı təklif etməlidir?! Doğrudur, zibil daşımaq da bir işdir. Lakin Qarabağ döyüşçülərinin psixologiyası belə bir işdə çalışmaqları üçün uyğun deyil. Problemin həlli yolu qanunla tənzimlənmənin həyata keçirilməsidir”.
Sherg.az
Şərh yaz