Rəfail Tağızadə: “Pandemiya dövrü ən azı iqtisadiyyat qədər mədəniyyətə də zərbə vurdu”

Koronavirus pandemiyası dövrünün mədəniyyətə, yaradıcı insanlara necə təsiri oldu? – sualına Ümid Partiyası Ali Məclisinin sədri Rəfail Tağızadə belə cavab verib:

“Bəşəriyyətin rahatlığını pozan koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi mədəniyyət sahəsinə də təsirsiz ötüşmədi. Deyərdim ki, bu zərbənin təsiri mədəniyyət sahəsində daha çox hiss olundu. Çünki yaradıcı insanlar ovqat, ruh adamlarıdır. Sərbəstliyi, azadlığı daha çox sevirlər. Qapalı, icazəli mühitdə yaşamaq onlar üçün həddindən artıq ağırdır. Təbiətə çıxmamaq, gözəlliyi görməmək, duymamaq, fikir mübadiləsi etməmək, oxucularla görüşməmək, tədbirlərdə iştirak etməmək, kitab dükanlarının, yarmarkalarının, kitabxanaların, sərgi salonlarının, nəşriyyatların işləməməsi, festivalların keçirilməməsi yaradıcılığa, mədəniyyətin inkişafına mənfi təsir edən amillərdəndir. İnsanların üzündəki qəzəbi, narahatlığı, ağrını, sarsıntını görmək təbii ki, yaradılacaq əsərlərdə də özünü büruzə verir.

İnsanın ovqatı onun əsərlərinə təzahür edir. Çərçivəyə sığmayanın qəfəs adlı evin pəncərədən kimsəsiz, səs-küysüz şəhərə boylanması həmişəkindən fərqli, neqativ əsərlərin yaranmasına səbəb oldu. Gündəlik həyatda dolaşan qara kabus əsərlərə çökdü. Yazı, yayı olmayan ilin ruhu əsərlərə köçdü. Pandemiya iqtisadiyyata nə qədər ziyan vurdusa, yaradıcılığa, mədəniyyətə də ziyanı elə o qədər oldu və yaradıcı insanların həyatından qara xətt kimi keçdi. Qırmızı, açıq heç nə olmadı”.

R.Tağızadə həmçinin əlavə edib: “Bu dövrü təbiətin və insanlığın tənhalığı adlandırmaq olardı. Pandemiya ilə əlaqədar olaraq bütün beynəlxalq mədəniyyət layihələri təxirə salındı. Dünya mədəniyyətində baş verən boşluqlar Azərbaycanda bir az da ağrılı keçdi. Mədəniyyətdə gedəsi proseslər xeyli ləngidi. Virtuallaşan dünyada keçirilən onlayn toplantılar müasirlik baxımından nə qədər uğurlu, zamanın tələbi sayılsa da əvvəlki tədbirlər effektini vermədi. Yaradıcı insan üçün ünsiyyət tamamilə başqa, əvəzolunmaz məna kəsb edir. Artıq postpandemiya dövründə mədəniyyətin inkişafı haqqında konsepsiyalar hazırlanır. İtirilmiş zamanın yerini doldurmaq üçün yeni ideyalar düşünülür. Pandemiya aradan qaldırıldıqdan sonra mədəniyyətin necə olacağı, necə inkişaf edəcəyi dünyanın necə olacağından, dəyişəcəyindən asılı olacaq”.

Ümid Partiyasının Mətbuat Xidməti

 

Şərh yaz