Rüfət Muradlı: “Güney Azərbaycanda Qarabağla bağlı milli iradə ortadadır”

“İllər öncə Milli Azadlıq Hərəkatımızın lideri, Bütövlük düşüncəsinin memarı Əbülfəz Elçibəy “Qarabağın azadlığı Təbrizdən keçir” demişdi. Bu fikir cəmiyyətdə birmənalı qarşılanmasa da içində ciddi mesajları ehtiva etdiyi üçün elə bu gün də aktuallığını itirməmişdir. Vətənimizin güneyi ilə quzeyi elə bir geostrateji nöqtədə qərar tutub ki, tarixin fərqli zamanlarında Türk Dünyasının birliyindən fobya yaşayan istər Rusiya, istərsə də şüubiyyə İranı üçün əsas hədəflərdən biri hesab edilib”.

Bu fikirləri Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı “Qarabağın azad olunmasında Güney Azərbaycan faktoru nə qədər rol oynaya bilər?” – sualına cavab verərkən deyib. O, bildirib ki, Türkiyədən Altaylara qədər uzanan türk yurdlarını məhz bizim vətənimiz Azərbaycan birləşdirir: “O Azərbaycan ki, əbədi və əzəli paytaxtı da Təbrizdir. Təsəvvür edin ki, Təbriz mərkəzli Azərbaycanın varlığı region üçün nə qədər təsirli ola bilər. Bu gün işğalda qalan, amma rəsmi Bakının istər diplomatik, istərsə hərbi yolla geri qaytara bilmədiyi Qarabağımızın taleyi üçün də Təbriz mərkəzli milli dövlətimizin varlığı böyük önəmə malik olardı. Nəzərə alsaq ki, işğalçı Ermənistanın İranla sərhədi də məhz Güney Azərbaycan ərazisindəndir və bu nəfəsliyin bağlanması ilə Ermənistanın tək çıxış yolu Rusiya ilə sorunlar yaşayan Gürcüstan ərazisindən mümkün ola bilər. Hələ son illlər Xudafərin yaxınlığında salınan körpü faktını da bu kontekstə dəyərləndirə bilərik”.

R.Muradlı daha sonra əlavə edib ki, Güney Azərbaycanda Qarabağla bağlı milli iradə ortadadır: “Ötən iyul ayında da buna şahid olduq. Soydaşlarımız Qarabağ üçün savaşmağa 30 il öncə olduğu kimi, bu gün də hazırdırlar. Çatışmayan bircə siyasi iradədir. Vətənimizin quzeyində milli dövlətimiz olsa da, milli hakimiyyətimiz olmadığı üçün bu iradəni müşahidə edə bilmirik. Güneyimizdə isə sayı bizdən dörd dəfə çox olan milli dövlətsizlik sorunu yaşayan soydaşlarımız var ki, sinələrində Qarabağ adlı dərd yaşayırlar. Amma unutmayaq ki, Güneyimizin azadlığı üçün vətənin quzeyində azad, demokratik sistemin varlığı vacibdir”.

Ümid Partiyasının Mətbuat Xidməti

 

Şərh yaz