Rusiyanın basdırdığı “minalar” sabahkı gərginliyin yaradılması üçündür – İQBAL AĞAZADƏ

Azərbaycan fərqli yollarla Rusiyanın regionda, həm də bu prosesdə dominantlığını əlindən almaq üçün Avropa ölkələrini, Qərb dünyasını prosesin içərisinə cəlb etməlidir.

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Osmanqızı TV-nin canlı efirində “Böyük sülh sazişi gəlir – Azərbaycanın “Deyton Sülh Müqaviləsi”ndə nələr olacaq?” mövzusunda sualları cavablandırarkən deyib.

Partiya sədri deyib ki, Azərbaycan 10 noyabrdan sonra fərqli müstəvidə müharibə aparmalı, müharibənin də zəfərlə başa çatması üçün bütün gücünü ortaya qoymalı idi. Bu da diplomatiya masası idi. Diplomatiya masasında Azərbaycan öz vektorunu düzgün müəyyən etməli idi – hansı istiqamətdə mübarizə aparacaq və mübarizənin əsasını nə təşkil edəcək?

Azərbaycan ilk növbədə Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanıma – sərhədlərin və müstəqilliyin tanınması məsələsini ortaya qoymalı idi. Bununla da həm Rusiyanın, həm də Türkiyənin noyabrın 9-dan 10-a keçən gecə sazişdə iştirak edən tərəflər kimi məsuliyyəti üzərinə qoyub tələblər etməli idi. Həm də bu gün Ermənistanın mövqeyini müdafiə edən tərəfləri fakt qarşısında saxlamalı idi.

Məsələnin mahiyyəti budur ki, Ermənistan bu gün Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanımır. Əslində bu da problemin növbəti mərhələdə yenidən müharibə variantını istisna etmir, həm də Ermənistanın niyyətindən xəbər verir.
Əslində bununla biz daha çox beynəlxalq aləmə, xüsusilə Ermənistanın mövqelərini müdafiə edən tərəflərə bir faktı sübut etməyə çalışarıq ki, biz Qafqazda barışın, əmin-amanlığın, sülhün və dialoqun olması üçün tərəflərin hər birini ərazi bütövlüyünü tanımağa çağırırıq. Ərazi bütövlüyünü tanımağa çağırmaqla da bütün kommunikasiya xətlərinin, əlaqələrin qurulması və yeni sülh müqaviləsinin hazırlanması, o cümlədən Qafqazda yaşayan xalqların əmin-amanlığını, gələcəkdə normal fəaliyyət göstərməsi üçün kifayət qədər ciddi sənəd ortaya qoyuruq.

Təəssüflər olsun ki, Azərbaycan bu məsələdən deyil, kommunikasiyalardan, əlaqələrdən başladı. Bu da Rusiyanın təhriki ilədir. Görünən budur ki, Azərbaycan bu istiqamətdə nələr etməli olduğunu aydın görmür, aydın təsəvvür etmir.

İqbal Ağazadə bildirib ki, içəridə baş verən hadisələri detal hesab edir. “Sual olunur: Bu gün sülhməramlılar hansı addımları, Azərbaycan hansı addımları atdı? Sabah biz bir üstün addım ata bilərik, Ermənistan nələrisə qazana bilər. Biz bir şeyin mahiyyətini dərk etməliyik. Rusiya buraya konflikti həll etməyə gəlməyib. Rusiyanın məqsədi sadəcə vuruşan tərəfləri bəlli bir məsafəyə çəkmək və özünün regionda qalmasını təmin etməkdir. Hətta Rusiya konfliktin həll olması, tərəflərin dialoq əsasında bütövlükdə sülh sazişinə imza atması üçün də deyil. Çünki, tərəflər bir-biri ilə razılaşsa, dil tapsa, sabah Rusiyaya deyiləcək bir söz olacaq. Çox sağ olun. Sizin missiyanız bitdi, daha burada qalmağınıza ehtiyac yoxdur. Rusiya bunu çox gözəl bildiyi üçün heç bir zaman konfliktin həllinə çalışmayacaq. Sadəcə tərəfləri bir-birindən qismən uzaqlaşdıracaq ki, müharibə, savaş olmasın. Lakin gərginlik və qarşıdurma hər zaman olsun. Rusiyanın bu gün basdırdığı “minaların” hamısı sabahkı gərginliyin yaradılması üçündür. İstər ermənilərin geri qaytarılması, istər modul tipli xəstəxanaların, evlərin tikilməsi, Azərbaycan tərəfinin əraziyə buraxılmaması və s” – deyə partiya sədri əlavə edib.

İqbal Ağazadə həm də qeyd edib ki, Azərbaycan tərəfi nə etməlidir? Azərbaycan fərqli yollarla Rusiyanın regionda, həm də bu prosesdə dominantlığını əlindən almaq üçün Avropa ölkələrini, Qərb dünyasını prosesin içərisinə cəlb etməlidir. Bunun üçün də əlində hüquqi əsaslar olmalıdır. Hüquqi əsasın biri böyük barış planıdır. Barış planını bu gün Azərbaycan təklif etməlidir. Cənubi Qafqazda və regionda barış planını təklif etmək üçün birinci növbədə tərəflər qarşısına sənəd qoymalıdır, tərəflərin məsuliyyəti müəyyən edilməlidir. O məsuliyyətin də birinci tərəfi ölkələrin biri-birinin ərazi bütövlüyünü və dövlət suverenliyini BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində tanımasıdır.

Umidparty.org verilişi oxuculara təqdim edir:

Böyük sülh sazişi gəlir – Azərbaycanın “Deyton Sülh Müqaviləsi”ndə nələr olacaq?

Şərh yaz