Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 16 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Rus hərbçilər sadə vətəndaşları atəşə tutdu. Dur deyən olmayacaqmı?”,- mövzusu ətrafında baş tutub.
Ənvər Ağazadə Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın 20 gündən artıq davam edən hərbi təcavüzündən, Putinin beynəlxalq hüquqa hörmət etməməsindən, həmçinin Ukraynanın müqavimətindən danışıb. O, Rusiyanın uduzmaq ərəfəsində olduğunu bildirib, eyni zamanda, Ukraynaya dünyanın verdiyi dəstəyin artdığını vurğulayıb.
Ümid sədrinin birinci müavini Rusiyada müharibəyə olan etirazdan, keçirilən aksiyalardan, minlərlə insanın həbsindən, Ukraynada baş verən şiddətli bombalanma, dinc insanların, eyni zamanda, uşaqların öldürülməsindən də söz açıb.
Ukraynanın mücadiləsindən danışan Ənvər Ağazadə, rusların slavyan qardaşlarına etdiyi qanlı təcavüzün insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.
O, həmçinin nəticəsiz Rusiya-Ukrayna danışıqlarından, Ukraynaya dünyanın verdiyi dəstəkdən, Rusiyaya qarşı çoxsaylı sanksiyalardan da danışıb. Onun fikrincə, müharibə Putinin hesabladığı kimi olmadı, Ukraynada hakimiyyəti dəyişmək, özünə sərf edən hakimiyyət formalaşdırmaq istəyən Putin buna nail ola bilmədi. O, uzun illər Rusiyanın hazırkı sanksiyaların təsirlərindən əziyyət çəkəcəyini də vurğulayıb.
Ənvər Ağazadə Rusiyada xalq etirazlarının artacağını proqnozlaşdırıb, rus xalqının Putindən hesab soracağını vurğulayıb. Eyni zamanda, bu ölkədə ərzaq və pul qıtlığının mənfi nəticələrə səbəb olacağını açıqlayıb. Müharibədə Rusiyanın böyük itkilərindən danışan Ənvər Ağazadə, rus neftindən imtinanın bu ölkənin gələcəyinə mənfi təsirlərindən də söz açıb.
Rusiyanın humanitar dəhlizlərlə keçən insanları gülləbaran etməsi, həmçinin son illər NATO üçün təhdid olması, NATO-nun Ukraynanı müdafiə etmə cəhdləri, verdiyi silahlar, dünyanın Ukraynaya dəstəyi, müharibənin uzanma səbəbləri də verilişdə müzakirə mövzusu olub.
Ənvər Ağazadə verilişdə Qarabağ problemindən, orada son günlər başlanan hərəkətlənmədən də danışıb və bildirib ki, Xankəndi və yaxın şəhərlərdəki ermənilər ya Azərbaycan qanunlarına tabe olaraq, normal şəkildə yaşamalı, ya da çıxıb getməlidirlər.
Sözügedən efiri izləyicilərə təqdim edirik: