Rusiyanın sərhədində qurulacaq demokratiya Rusiyanın içərisinə keçəcək və Rusiya paramparça olacaq – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 24 fevral 2022-ci il Şəmşad Ağanın təqdimatında Toplum Tv-nin canlı efirinə qoşularaq, Rusiya və Ukrayna arasında baş verən savaşa, bu savaşda qərbin və Azərbaycanın mövqeyinə münasibət bildirib. Sözügedən mövqeni izləyicilərə təqdim edirik:
“Rusiyanın belə geniş miqyaslı hücumu əslində postsovet respublikalarında ilk dəfə deyil. Bunun təcrübəsi 2008-ci ilin 8 avqustunda Gürcüstan üzərində də sınanmışdı və buna bənzər proseslər demək olar ki, bütün əski sovet respublikalarının hamısı üçün təkrarlanıb. Etnik-milli separatizm nəticəsində üsyan etmiş kimi göstərilən ərazilərə qoşunların qeyri-qanuni daxil olması Moldovada, Azərbaycanda, Gürcüstanda və s. baş verib.
Bu gün ‌Rusiya dünya ilə postsovet ölkələrində nüfuz dairəsi uğrunda mübarizə aparır. Rusiya demokratikləşmə cəbhəsi yaradan postsovet respublikalarına qarşı əslində bir antidemokratik sərhəd, antidemokratik hasar olmaq, demokratiyanın gələcəkdə öz içərisinə keçməsinin qarşısını almaq istəyir. NATO və s. kimi proseslər, NATO-nun genişlənməsi, Rusiyanın gələcəyi üçün təhlükə kimi məsələlər sadəcə blefdir. Rusiya demokratiyanın qarşısını almağa çalışır.
İmperialist Rusiyası üçün ən böyük təhlükə demokratiyadır və postsovet ölkələrindən kim demokratiyaya doğru addım atmaq istəyirsə, dərhal Rusiya onların başının üstünü kəsdirir ki, həmin demokratik idarəetmə düşüncə və təfəkkürü onun sərhədlərinə yaxınlaşmasın. Çünki Rusiyanın sərhədində qurulacaq demokratiya, problemsiz demokratik respublikalar o demokratiyanı Rusiyanın içərisinə keçirəcəklər və Rusiya paramparça olacaq. Rusiya da durumu gözəl bildiyi üçün bu texnikadan və bu yanaşmadan istifadə edir.
Çox təəssüf edirəm ki, qərb dünyası bunun fəlsəfəsini anlasa belə, Rusiyanı durdurmaq üçün təhdid vasitələri tapa bilmir, Rusiya durdurula bilmir.
Azərbaycan kimi ölkələrin nə deməyinə gəlincə isə təəssüflər olsun ki, bizim kimi ölkələrin mövqeyinin elə də ciddi əhəmiyyəti yoxdur. Həm də o qədər böyük imkanlarımız yoxdur ki, bütün sferalarda öküzə qırmızı göstərək. Rusiya burnumuzun dibindədir. Dağlıq Qarabağdadır. Biz yerləşdirmişikmi, biz imza atmışıqmı, biz dəvət etmişikmi – bunlar başqa məsələlərdir, amma fakt, reallıq budur ki, bizim vəziyyətimiz Azərbaycan olaraq, bu istiqamətdə çox çətindir.
Ona görə vətəndaş olaraq, bizim də bu məsələlərdə hakimiyyətdən tələb etməyimiz ki, “hakimiyyət də öz mövqeyini bildirsin”, bu, heç nəyi dəyişmir. Boris Conson mövqe bildirir, Amerika bildirir, Fransa bildirir, nəyi dəyişir ki?! Sadəcə mövqe heç nəyi dəyişmir.
Bütün hallarda buna bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Azərbaycan xalqı birmənalı olaraq, Ukraynanı dəstəkləməlidir, dəstəkləyirik. Xalq olaraq, siyasi institutlar olaraq, – o adamlar ki, Rusiya siyasətinin qarşısında yükü, məsuliyyəti hakimiyyətin yükü, məsuliyyəti qədər ağır deyil, – mövqe bildiririk, bildirməlidir də.
Hakimiyyətdə Ümid Partiyası olsaydı, mövqeyi necə olardı sualını versək, qeyd edim ki, biz hakimiyyətdə olsaydıq, vəziyyəti o yerə çatdırmazdıq ki, Rusiya gəlib burnumuzun dibində otursun, Dağlıq Qarabağda olsun, Rusiya ilə müttəfiqlik sazişi bağlayaydıq, xalqımız arxamızda dayanmayaydı və yaxud da Rusiyadan bu qədər asılı olaydıq və s. nə qədər desəniz, misallar gətirə bilərik. Amma vəziyyət reallığa uyğun olaraq o yerə gətirilib çatdırılıb ki, Rusiya ilə Azərbaycanın münasibətləri sistemində Rusiyanın Azərbaycana vuracağı ziyan olduqca böyükdür. Bu gün olmasa da, sabah. Ona görə də bu məsələdə Azərbaycan maksimum dərəcədə ehtiyatlı və ölçülü-biçili davranmalıdır.”
https://youtu.be/Wr0CI3Yfe-8
Şərh yaz