Ümid Partiyasının təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulami öz sosial şəbəkə hesabında Tərtərin icra başçısı Müstəqim Məmmədovun vəzifəsindən sui-istifadə etməsi və özbaşınalıqları barədə status paylaşıb. Statusda deyilir:
Tərtərdə atamın adına küçə var. Şəhid adına olan küçələrin abadlaşdırılması üçün sərəncam imzalananda təmir olunası küçələrdən biri də Famil Qulami küçəsi idi. Demək, küçənin girişində Famil Qulaminin (bütün şəhidlər kimi) barelyefi qoyulmalı idi, Müstəqim Məmmədov icazə verməyib. Heç bir zaman bu məsələnin qabardılması yönündə nəsə deməmişdim, etməmişdim. Çünki Famil Qulami torpaqlarımızın ərazi bütövlüyünün qorunması üçün müharibəyə könüllü gedərkən artıq mənim atam yox, bütün Azərbaycanın oğlu idi, o, hər kəsin atası olmağı seçmişdi…
Bugünlərdə Famil Qulami küçəsində yaşayan sakinlərdən biri zəng etdi ki, küçəmizdə şəhidimizə bulaq tikmək istəyirəm. Öz hesabıma! Amma və lakin… İcra başçısı min bəhanələr gətirərək dedi ki, bunun üçün ancaq paytaxta “aidiyyatı qurum”a müraciət etməlisiniz, ona görə də icazə verə bilmərik… ŞƏHİDİN MÜXALİFƏTİ DƏ OLURMUŞ… (Anam elə inciyirdi ki… Sadəcə yaxşı ki, bu hakimiyyətin mahiyyətini bilirdi… Bilirdi ki, bu ölkədə diriyə sevgi, sayğı yoxdu, o ki, qaldı torpaq altında uyuyanlara olsun… Heyf, bu nadanlıqlara veriləcək cavabları görməyə ömrü yetmədi… Əminəm ki, bu hakimiyyəti dəyişəcəyik, ruhları duyacaq…) İndiyədək ancaq və ancaq haqqı tapdanan insanların müdafiə etdim, heç bir məsələyə şəxsi pəncərəmdən baxmadım. Məncə bu qədəri artıq oldu… Çünki sən – Müstəqim Məmmədov, bu dəfə də yanlış etdin! Zaman daralır… Narahat olmağa başla…
P.S. Bir küçədə bulaq tikintisi bu qədərmi böyük problemdir? Bəlkə bu işə də ölkə başçısı qərar verir, bilmirik?!
P.P.S. Hələ sayılası çox məsələlər var. Famil Qulami adına idman yarışı keçiriləcəkdi, sonradan şəhid Milli Qəhrəman Mübariz İbrahimovun adına dəyişmişdilər. Şəhid şəhiddir, hər biri baş tacımızdır, amma qərəzli, kin, nifrət dolu hərəkətlərin mütləq bədəli olacaq…
Tamilla Qulaminin sözügedən statusu ölkənin əksər KİV-lərində rezonans doğurub. Bu məsələ ilə bağlı LAF TV-yə dəvət olunan sədr müavini aparıcı Ləman Ələşrəfqızı ilə geniş müzakirə aparıb. Sözügedən verilişi təqdim edirik:
TƏRTƏRİN İCRA BAŞÇISINDAN ŞƏHİDİN RUHUNA HÖRMƏTSİZLİK