Sənin şəklin, heykəlin qəlblərdədir, Rəsulzadə! – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu böyük Məhəmməd Əmin Rəsulzadənin 138-ci doğum günü ilə əlaqədar öz sosial şəbəkə hesabında təbrik yazıb.

Təbriki izləyicilərə təqdim edirik:

Bu gün böyük şəxsiyyət – böyük dövlət adamı, görkəmli lider, ictimai-siyasi xadim, publisist, şərqdə ilk cumhuriyyət – Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni doğumunun 138-cı ilində qürur, fəxr və şərəf hissiylə anırıq…

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan Milli İstiqlal Hərəkatına başçılıq edib.

Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi Azərbaycan Xalq Cumhuriyyəti olub. Azərbaycan Xalq Cumhuriyyəti 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il may ayının 28-də özünün müstəqilliyini qeyd edib.

Bu gün “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey ŞANLI AZƏRBAYCAN!

Qeyd edək ki, dahi Rəsulzadənin iki yerdə – Bakı Dövlət Universitetinin yanında və Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz ərazidə heykəlinin qoyulması uzun illərdir planlaşdırılırdı. Çox təəssüflər olsun ki, Məhəmməd Əmin Rəsulzadənin heykəli nə əsasını qoyduğu Bakı Dövlət Universitetinin yanında, nə də mərkəzdə – Kukla Teatrı ilə üzbəüz yerdə qoyulub.

Azərbaycanda dövlət quruculuğunda, dövlətin elan olunmasında böyük rolu və yeri olan və Azərbaycan xalqının məhəbbətlə xatırladığı bir insana heykəl qoyulmalıdır.

Dahi Rəsulzadə, onun rəhbərlik etdiyi hökumət, müstəqilliyimizi elan edən Şura o qədər böyük bir iş görüb ki…

Paytaxtı olmayan, ordusu olmayan, ən başlıcası, müstəqillik haqqında düşünməyən bir xalq olan yerdə böyük öndər Məhəmməd Əmin Rəsulzadə və komandası heçdən bir dövlət elan etdilər.

Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb.

Bu gün gördüyümüz, yaşadığımız bu cümhuriyyət, parlamentində oturduğumuz bu dövlət, bu gün müstəqil dediyimiz Azərbaycan, – hamısı o insanların zəhmətidir…

Bir daha hər birinizi dahi Rəsulzadə kimi bir şəxsiyyətə sahib olduğumuz üçün təbrik edir və onun bizə miras qoyduğu məmləkətin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayıram.

Doğum günün qutlu olsun, adı, sözü, şəkli ürəklərdə daim yaşayan dahi insan!

Ruhuna minnətdarlıq hissi ilə
İqbal Ağazadə

 

Şərh yaz