Sabirabadda vəziyyət ürəkaçan deyil – ASLAN ƏLİYEV

Umidparty.org saytının müsahibi Ümid Partiyası Sabirabad Rayon Şöbəsinin sədri Aslan Əliyevdir.

Aslan bəy, artıq bir ildir ki, dünya, o cümlədən Azərbaycan normal şərtlərdən daha çox pandemiya qanunları ilə yaşayır və işləyir. Ötən müddəti necə xarakterizə edərdiniz?

Pandemiya dönəmində ölkədə olan situasiya Sabirabaddan da yan keçmədi. Lakin təəssüflə qeyd edim ki, Sabirabad rayonu ötən müddət ərzində məhz bu xəstəlik səbəbindən xeyli insan itkisinə məruz qaldı. Vəziyyətin getdikcə stabil xarakter alması və bunun müqabilində təhsil ocaqlarının açılması isə sevindirici hadisədir.

Ötən il Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə həm də şərəfli tarixə imza atdı. Torpaqlarımız işğaldan azad edildi. Sabirabad bu dönəmi necə yaşadı?

44 günlük Vətən müharibəsində Sabirabad əhalisinin nəbzi demək olar ki, cəbhə ilə vurdu. Hər kəsin bir düşüncəsi var idi – Qələbə. Məhz Ordu-Xalq Birliyi sayəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad edildi. Artıq dünyada qalib xalq adını bir daha özümüzə qaytarmağa nail olduq. Lakin bütün qələbələr kimi bu qələbəmizin də əldə edilməsində ŞƏHİD verdik, yaralılarımız oldu. Sabirabad rayonu 42 nəfər qəhrəman övladını şəhid verdi. Çoxlu sayda yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı diləyirəm.

Biz Ümid Partiyası Sabirabad rayon şöbəsi olaraq, qismən səfərbərlik dönəmin ilk günündən olduqca aktiv iştirak etdik. Xeyli sayda üzvlərimiz könüllü cəbhəyə getmək üçün çağırış məntəqələrinə müraciət etdilər. Müharibədə partiyamızın aktivlərindən olan Xanlar Abbasovun qardaşı oğlu qəhrəmancasına ŞƏHİD oldu.

Rayondakı ümumi vəziyyəti necə xarakterizə edərdiniz?

Bunu bir cümlə ilə ifadə etsək, deyə bilərəm ki, Sabirabadda vəziyyət ürəkaçan deyil. Əhalinin sosial vəziyyəti çox ağırdır. 

Partiyanın təşkilatlanması ilə bağlı vəziyyət necədir?

Sözsüz ki, Ümid Partiyasının daha kütləvi təşkilata çevrilməsi üçün addımlar atırıq. Ölkə qanunların və Nizamnaməmizin imkan verdiyi mümkün vasitələrdən istifadə etməklə, təşkilatlanma işlərimiz davam edir. Pandemiya şərtlərinə uyğun şəkildə üzvlərimizlə əlaqələr yaradırıq. Onlayn görüşlər keçiririk. Onu da qeyd edim ki, pandemiya dövrü olmasına baxmayaraq, ötən müddətdə partiyamıza üzv olmaq üçün müraciətlər olub. Mövcud idarəçilikdən fərqli olacaq siyasi xəttimizi daha aydın formada ictimaiyyətə çatdırmağa çalışırıq.

 

Aslan Əliyev 20 aprel 1959-cu ldə Sabirabad rayonunda doğulub.

1974-78-ci illərdə Bədən Tərbiyəsi Texnikumunda, 1985-90-cı illərdə isə İdman Akademiyasında təhsil alıb.

Milli Azadlıq Hərəkatınn fəallarından olub. Sabirabad şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə müəllim işləyir.

Şərh yaz
PAYLAŞ