Unston Çörçil deyirdi ki, “Tarix məndən yaxşı bəhs edəcək, çünki məqsədim onu yazmaqdır”.
Mənim isə subyektiv düşüncəmdir; tarixdə qalmaq, tarixi yazmaqdan daha asandır. Bir cümlən və ya hərəkətinlə yaddaşlarda, yəni tarixdə qala bilərsən. Lakin tarixin özünü yazmaq…
Dünyada, o, cümlədən də Azərbaycanda tarixə düşmək ehtimalı olan çoxlu sayda böyüklü, kiçikli hadisələr baş verir. Məsələn, Meksikada prezident Obradoranın efirə çıxmasına qadağa qoyulur. Səbəb olaraq prezidentin efirdən müxalifəti tənqid etmək üçün yararlanması göstərilib. ABŞ-ın Nümayəndələr Palatası prezident Trampın impiçment qərarını təsdiq edib və media şirkətləri onu hesablarını bloklayıb. Böyük Britaniya Baş naziri Boris Conson deyib ki, “İnsan hüquqlarının pozulması London və Pekinin bir sıra məsələlərdə məhsuldar əməkdaşlığına mane olmamalıdır” və s.
Nədən dünyada baş verən bu hadisələrin tarixə düşmək ehtimalının ola biləcəyi qənətindəyəm? Çünki Mekskida və ABŞ-da baş verənləri doğulduğum və yaşadığım coğrafi ərazidə mümkünsüz hesab edirəm. Və bunu mövcud reallığı nəzərə alaraq düşünürəm. Consonun fikirlərinə gəldikdə isə bunu demokratik qərbin öz prinsipləri ilə vida marşı kimi qiymətləndirirəm.
Bəs Azərbaycanda nə baş verir? Azərbaycanda hər şey azərbaycanca olsa da, özəldir, düşündürücüdür. Bunu obrazlı ifadə etsək yəqin ki, belə deyə bilərik, “hakimiyyət əkdiyi ağacları kəsir” və ya “rejim övladlarını yeyir”. Əslində bu siyasətin tarixən mövcud olan boz üzüdür. Müxalif camiə on illərdir ki, bu boz üzün şahidləri və qurbanlarıdır. Bəs bildiyimiz bir nəsnənin tarix olacağı qənaəti nədən yarandı?
Bəli illər öncə Əli İnsanov, Fərhad Əliyev müəmması, sonra Heydər Babayev dalğalanması, MTN sunamisi. Daha qədimlərdə Rəsul Quliyev və s. Bunlar tarixin yaddaşına yazıla bilmiş hadisələrdir. Ötən ildən start götürmüş icra başçısı, nazir müavini, agentlik direktoru və nəhayətdə KİVDF rəhbərinin həbsi də tarixə yazılacaq. Məhz bu amilləri nəzərə alaraq yazının əvvəlində tarixə düşməyin daha asan olduğu qənaətində olmamı qeyd etmişdim.
Uzun illərdir ölkədə hikkə siyasəti yürüdülür. Son vaxtlar siyasi eqoizm ən pik nöqtəyə qədər dirmana bilib. Bu da səbəbsiz deyil. Qarabağda əldə edilən və dəyəri heç nə ilə ölçülməyən zəfər. Lakin bu bir siyasi düşərgənin digər siyasi düşərgəyə əzələ nümayişinə səbəb ola bilməz. “Dəmir yumruq” düşmən uçun idi, vətəndaş üçün yox.
Qarabağın azad olunması həm də bu günə qədər mövcud olmayan xalq – hakimiyyət birliyinin nəticəsi idi. Bu məsələdə qəhrəman olmayan fərd yoxdur. Məhz bu amili nəzərə alaraq tarix Qarabağın işğaldan azad olunması məsələsində kimsəyə “bu mənim təkbaşına xidmətimdir” şansını vermədi.
Tarix yalnız bir məsələdə deyil, çox mətləblərdə şans tanımamaqdadır. Çörçil deyirdi ki, “Dünən” ilə “bu gün” arasında dava düşsə, itirən “sabah” olar”. Bu artıq siyəsətin deyil, tarixin boz üzüdür. Azərbaycan iqtidarı özündən əvvəlkiləri və özünə alternativləri ittihm edərkən də zərbəni tarixin özündən alır.
Tarixin hər hansı dönəmində iqtidarda olmuş hakimyyətlərin heç bir məsuliyyətinə və ya uğuruna şərik deyiləm. Onları müdafiə kimi düşüncədən də uzağam. Lakin məsələyə ədalət müstəvisindən baxanda qiyamət də qopmaz. Özündən əvvəlkiləri iqtisadi cinayətdə ittiham edənlər görəsən düşünürlərmi ki, son bir həftədə həbs olunan “Azərxalça” ASC-nin sədri ilə KİVDF rəhbərinin yalnız istintaqın hələlik üzə çıxardığı, mənimsədikləri vəsait ittiham etdiklərinin formalaşdırdıqları büdcənin neçə faizidir? Və bu vəzifələrə “Azərxalça” ASC-nin sədri və KİVDF rəhbəri zehniyyətindən yanaşanda yeyinti üçün bir o qədər də uğurlu vəzifələr deyil. Zaman – zaman ofşor zonalarda və ya digər ölkələrdə dəyəri yüz milyon manatlarla ölçülən istehsal sahələri, ticarət obyektləri, otellər, yaşayış sahələri və s. ilə bağlı araşdırmaçılar məlumatlar dərc edirlər. Hətta bəzi ölkələrdə bu tip məsələlərlə bağlı məhkəmə qərarları belə çıxarılır. Məsələn, Beynəlxalq Bankın hal-hazırda həbsdə olan rəhbərinin xanımı ilə bağlı qərar. Sözsüz ki, həmin xanım Londonun alış-veriş mərkəzlərində göyə sovurduğu milyonları corab toxumaqla əldə etməyib. Hə, bəziləri qalxıb deyə bilər ki, etdilər və cəzalarını aldırlar. Bu utanmsan oynamaq prinsipidir. Əfəndilər, Çovdarovun etdiyi az qala beynəlxalq miqyaslı cinayət idi. Sonuc, adam malikanəsində qızıl işləməli badəsində şərab qurtumlayır. Və ya onun illərlə tabe olduğu, əmrini düşünmədən icra etdiyi şefi haradadır? Nədən tabeçiliyində olanlar qısa müddətli olsa da həbs edildilər, o, isə toxunulmazlığını qorumaqda davam edir.
Ölkənin qanunverici orqanı mədhiyyə istehsalçısına çevrilib. “Ona peyğəmbər demək azdır, O Allahdır”. Yüz kərə, min kərə tövbə. Bəyəm bir parlamentarinin fəaliyyəti yalnız mədhiyyə söyləməkdirmi? Nədən özünün sahib olduqlarına görə minnətdarlığını bu cür ifadə etsin ki? Çünki qorxur. Söylədiklərinin şirk, bağışlanmaz günah olduğunu hər kəsdən, hətta müsəlmanların şeyxi statusunu daşıyandan daha yaxşı bilir. Lakin təkrar edirəm qorxur. Bilirsiniz nədən? Adam bilir ki, Allahdan böyük Məbud yoxdur. Qurban olduğunu Allahdan başqası ilə müqayisə etməkdən qorxur. Düşünür ki, başqası ilə müqayisə etdikdə çağırarlar, irad bildirərlər, hesab sorarlar. Lakin öz aləmində düşünür ki, Allahla müqayisədə (tövbə, Əstafurullah) qüsur yoxdur. Çünki bəşəriyyət bu günə kimi ondan böyüyünü tanımır. Və müsəlman ölkəsində müsəlmanların şeyxi də susur. Çünki o da hesab edir ki, sahib olduğlarına görə qurban olduğunu hər gün görür. Məsələni daha da tündləşdirmədən keçək başqa mətləblərə.
Azərbaycan hakimiyyəti Azərbaycan vətəndaşına xalqın təfəkküründə tarixən formalaşmış ögey ana münasibəti göstərir. Ola bilsin ki, yenə də bu fikrimlə razılaşmayanlar olsunlar. Və əsas kimi “əgər xalq narazıdırsa…” deyə diletantlıq etsinlər. Lakin cavab olaraq bildirim, bəyəm bir nəfər sizlərə dedi ki, mən ehtiyacımdan çox xoşbəxtəm. Övladıma istədiyini ala bimədiyim üçün sevincimin həddi-hüdudu yoxdur. Nə yaxşı xəstəmə dərman ala bilmədim və o öldü. Bax bu qənaətlər sizlərin gətirməyə cəhd etdiyiniz arqumentlər qədər absurddur.
Bu gün həvalə edilən vəzifələr də məqsədlidir. Bundan əvvəl də belə olub. Əgər bu cür davam edəcəksə sonra da belə olacaq. Qəzetsatan Vüqara ölkə mediasını həvalə edəcəksənsə imkanı olan hər şeyi satacaq. “Şmotka” Əli baş ideoloqun olacaqsa ən qudsal işə belə bazar-dükan prinsipi ilə yanaşacaq. Əgər mənə ABŞ-da Reyqanı misal göstərəcəksənsə, o, zaman dur. ABŞ-da dövlət ərkanı hakimiyyətə gələn sirk artistini də, musiqiçini də dövlət tərbiyəsi ilə formalşadırır. Tramp niyə sevilmədi, çünki dövlət ərkanının müəyyən etdiklərinə uymurdu.
Son olaraq. Məkkə müşriklərinin rəhbəri əbu Süfyan İslamın ilk günlərində deyirdi ki, “biz “tanrılarımızı” Kəbədə hər gün görürürk. “Tanrılarımız” bizim gəlir mənbəyimizdir”. Dövlət vəzifəsi xidmət üçündür, sərvət üçün yox. Həm bəşəri, həm də İlahi qanunla məsuliyyəti var. Səhvlər nəticə çıxarmaq üçündür, üstündən laqeyidcəsinə, “oldu də” deyib keçmək üçün yox. Və bir məsələni də unutmayın insan edəcəklərinin cavabını almadan böyük mənada gedişi olmur. “Tanrılarını” gözlə görənlərin Tanrılarını ruhən sevənlərə etdiklərinin müqabilində görəcəkləri isə İlahi ədalətin boz üzüdür. Həm də siyasi olmayan.
Bakir Həsənbəyli
Ümid Partiyası sədrinin müavini