Təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (6-10 fevral) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (6  – 10 fevral) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 6- 10 fevral)

Ümid Partiyasının Rəyasət Heyəti və partiya müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında ölkədə və dünyada baş verənlər, Cənubi Qafqaz və bölgədə cərəyan edən proseslər, Rusiya-Ukrayna savaşı, Rusiyanın separatist niyyətlərindən əl çəkməməsi, İranın Azərbaycana qarşı yürütdüyü mənfur siyasət, Azərbaycanın İran adlanan ərazidəki səfirliyimizdə törədilən terror hadisəsinin təfərrüatları, bir nəfərin qətli ilə nəticələnən bu terrorda birbaşa İranın əlinin olması faktları müzakirə edilib, Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ ilə bağlı danışılıb və soydaşlarımıza yardımların göndərilməsi probleminin aradan qaldırılmasının yollarının aranması danışılıb.

Toplantıda İranın Azərbaycana qarşı olan tarixi nifrəti, Ermənistana sevgisi xüsusilə vurğulanıb və fars-rasist rejiminin uzun illərdir, öz doğma torpaqlarında separatizmə məruz qalan 40 milyon soydaşımıza qarşı yönəltdiyi repressiyaları, edamları, milli-mədəni fəallarımızın həbsi pislənib. Güneyli soydaşlarımızın öz tarixi haqlarına qovuşması üçün 2022-ci ilin oktyabr ayında yaradılan Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin fəaliyyəti alqışlanıb, daxildə və xaricdə yaşayan ictimai-siyasi fəallara işlərində uğurlar arzulanıb və bu mübarizədə Ümid Partiyası olaraq, hər zaman Güney Azərbaycanımızın istiqlaliyyəti üçün əlimizdən gələni edəcəyimizlə bağlı iclasda bir daha xüsusi qeyd olunub.

Ümid Partiyasının müavinliyi fevralın 6-dan 7-nə keçən gecə qardaş Türkiyənin cənub-şərqində baş verən şiddətli zəlzələ ilə bağlı fövqəladə keçirdiyi toplantısında Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib, dəhşətli zəlzələ zamanı həyatını itirənlərə rəhmət, yaralılara şəfa, dağıntı altında qalanların tezliklə sağ-salamat çıxarılmasını diləyib. Daha sonra qərar verilib ki, baş verən zəlzələdə zərərçəkənlər üçün yardımtoplama kampaniyası başlansın, Mərkəzi Qərargah və rayon təşkilatları ilə birgə yardımlar toplansın, paketlənsin, aidiyyatı üzrə təhvil verilsin.

Partiyanın Rəyasət Heyətinin üzvləri Türkiyə səfirliyində olub, başsağlığı verib, səfirliyin önünə zəlzələ qurbanlarının xatirəsinə sayğı olaraq, gül dəstələri düzüblər.

Ümid Partiyasının Gənclər Təşkilatının rəhbəri Şükür Cavadın təşkilatçılığı ilə onlarla gənc qardaş Türkiyədə baş verən zəlzələdə zərərçəkənlər üçün yardımların toplanması, paketlənməsi kampaniyasında iştirak ediblər.

Müavinliyin toplantısının irəliləyən dəqiqələrində cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Toplantıda həmçinin “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsinə əsasən 6000 üzvün siyahısının yenidən nəzərdən keçirilib, növbəti günlərdən birində təqdim edilməsi ilə bağlı tapşırıq verilib.

Partiyanın rayon təşkilatlarının kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımların atılması, kənd təsərrüfatı istiqamətində yaradılan süni əngəllər və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemlərin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzinin yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlərin olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır. Şəhid ailələri və Qarabağ qazilərinin, yaralıların hüquqlarının təmin edilməsi məsələsinin xüsusi diqqətdə saxlanması da müzakirə mövzularından olub.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz