Millət özünə qayıtdı. Dəyərlər dəyişdi.
Orduya yazılmaq, döyüşmək istəyənlərin növbəsinin ucu-bucağı görünmədi. Hamı torpaqların azad olunmasına öz qatqısını qatmaq istədi.
Əsgər evlə vidalaşıb, sevinə-sevinə döyüşə getdi.
Valideyn şəhid oğlu üçün göz yaşı axıtmadı. “Oğlum vətənə qurbandı”, dedi
İki oğlu şəhid olan ana “Oğullarımı Vətən üçün böyütdüm”, əsgərlərə ”Şəhidlərin qanını yerdə qoymayın”; tək oğlu şəhid olan ana “Balamın nişanı da, toyu da bayrağıdı”, dedi.
Bir ana “Oğlumun düşməninin ona layiq olmadığına heyfslənirəm”, söylədi
Hamı şəhidini alqışlarla qarşıladı. Qarşısında baş əydi
Ana şəhid oğlunun, gənc qadın şəhid həyat yoldaşının tabutuna girdi.
Dünya bu qürurla, bu mənzərə ilə heç vaxt qarşılaşmamışdı.
Bu döyüşə ruh, əzm verdi. Qələbənin, zəfərin hərəkətverici qüvvəsi oldu.
Bu idi düşməni lərzəyə salan, darmadağın edən. Dünya mətbu orqanlarının manjetlərini bəzəyən, televiziya ekranlarında tez-tez göstərilən səhnə
Orduya hələ bu qədər sevgi olmamışdı. Çünki hamı torpağını istəyirdi. Hamının torpaq acısı, Vətən sevgisi vardı
Müasir hərbi texnikaya yiyələnməsini, hesablamaların tam dəqiqliklə aparılmasını, döyüşçülərimizin Şuşaya alpinist kimi qalxıb, özündən dəfələrlə çox düşmənlə əlbəyaxa döyüşdə qalib gəlməsini dünyanın aparıcı hərbi ekspertləri, siyasiləri hərb tarixində yeni bir səhifə kimi qiymətləndirdi
Hansı düşərgədə olmasından asılı olmayaraq hamı dövlətin yanında oldu. Dinindən, millətindən asılı olmayaraq hamı vətənini sevən vətəndaş, əsgər idi. Vətən üşün əlindən gələni etdi. İqtidar da, müxalifət də. Vətən, dövlət üçün münasibətlər dəyişdi. Bu idi ordunun döyüş əhvalını yüksəldən, qələbəyə ruhlandıra
Xalq bir olanda onun ordusunun qarşısında dayanmaq çətindir
Əsgər torpaqları azad etmək üçün şəhidlik zirvəsinə ucalmağı düşündü. Təki torpaqlar azad olsun. Döyüş yoldaşının, dostunun intiqamını almağa, vətənin, dövlətin başını ucaltmağa çalışdı. Hamı Qələbəyə can atdı. Torpaqlarımızdan mənfur düşmənin ayaq izlərini qanla yumaq istədi. İstədi ki, dünya Azərbaycanın nəyə qadir olduğunu görsün. Bu düşmənə birdəfəlik dərs olsun.
Bu qələbənin mənəvi tərəfi idi.
Ordunun ciddi hazırlıq, yüksək peşəkarlıq səviyyəsi, sistemliliyi isə onun döyüş üstünlüyünün göstəricisi idi. Bunların vəhdəti qələbəni qaçılmaz etdi.
Qələbə xalq, dövlət, ordu birliyindən doğdu
Döyüş hazırlığı keçmiş, müasir silahlarla silahlanmış müzəffər Azərbaycan ordusu yeni səlnamə yazdı. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın böyük bir hissəsini çətin relyefdə gedən döyüşlərlə 44 günə düşməndən azad edildi. Bu böyük qələbədir. Böyük uğurdur
Sonrakı uğurlar qazanılan Qələbənin sayəsində əldə olundu
Azərbaycan ordusunun bu müharibədəki döyüşü hələ çox öyrəniləcək. Hərbi dərsliklərə salınacaq
Bu hərbidə ilk idi.
Ordumuz bizə yadırğadığımız, unutduğumuz sevinci yaşatdı.
Yaşa Azərbaycan Ordusu!
Qələbən mübarək, Azərbaycan!
Rəfail Tağızadə
Ümid Partiyasına Ali Məclisinin sədri
02.12.2020